Səlahiyyətsiz “səlahiyyət sahibi”, yoxsa güdaza gedən məmur?

Dəfələrlə alicənab, əqidəli, intizamlı, dövlətə və dövlətçiliyə sadiq şəxslərin hiyləgər və nadan rəhbərlərin güdazına getdiyinin şahidi olmuşuq. Başqa sözlə, rəhbər şəxsin göstəriş və tapşırıqlarını subardinasiya qaydasında icra edən sədaqətli kadrlar sonradan oğru, rüşvətxor, korripsioner çıxarılır. Ancaq nədənsə tabeliyində  olan dövlət qulluqçularını qanunsuz əməllərə sövq edən rəhbər şəxslər aydan arı, sudan duru çıxmağı bacarırlar. Korrupsiya və rüşvət kimi davranışları özlərinə həyat tərzi seçən yüksək vəzifəli şəxslər məsuliyyətdən yaxa qurtarmaq üçün nəinki tabeliyində olan şəxsi, hətta öz doğma övladlarını belə qurban verməyə hazır olurlar. Haqqında söhbət açmaq istədiyim məmurlardan biri də Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevdir ki, hazırda məhkəmə prosesi davam etməkdədir. Əsassız, heç bir hüququ prosedurlara sığmayan ittihamla həbs edilən R. Quliyevin işinə  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılır. Artıq bir neçə məhkəmə prosesinin arxada qaldığı məhkəmə araşdırmasında bir sıra mətləblərə aydınlıq gətirilib. İttihamları qəbul etməyən cavabdeh şəxs şübhə yaradan bütün məsələlərə aydınlıq gətirib. Bəlli olub ki, Rasim Quliyev çalışdığı qurumda vəzifəli şəxs olmasa da ona vəzifə səlahiyyətini aşma ittihamı irəli sürülüb: "Mənə qarşı irəli sürülən ittihamlardakı məqamlar yalnız vəzifə səlahiyyəti, vəzifəsi olan şəxslər tərəfindən törədilə bilər. Amma işdə olan rəsmi məktublardan görünür ki, mən səlahiyyətli şəxs olmamışam və mənə verilən ittiham maddələri düzgün deyildir". Məhkəmə materiallarından bəlli olur ki, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun müavini vəzifəsi müvəqqəti olaraq Rasim Quliyevə tapşırılıb. Üstəlik  Hacıbala Abutalıbov deyib ki, "sənə səlahiyyətləri verirəm, nəzarəti özümdə saxlayıram". Belə halda hansı səlahiyyət həddini aşmaqdan söhbət gedə bilər? Ölkədə hansı idarə və müəssisədə kimsə rəhbər şəxsin icazəsi və razılığı olmadan hansısa sənədə imza ata bilər? Mövcud reallığı bilərək məsələnin mahiyyətindən yayınmaq  heç şübhəsiz ki, kiminsə maraqlarına xidmət edir.

Xatırladaq ki, Rasim Quliyev ifadəsində bildirib ki, Dilarə Əliyeva küçəsində tikinti aparılması üçün 2015-ci ilədək bütün sənədləşmələr aparılıb: "Tikinti işləri aparılması üçün sərəncam, inşaat pasportu, ayrıc aktı, şəhərsalma əsaslandırılması, xüsusi nişan, eskiz layihəsi və s. sənədlər həmin vaxtdan hazırlanıb. Burada mənim imzaladığım deyilən sərəncama nə ehtiyac var idi? Həmin sərəncamı o vaxt Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayırdı. Nəsimi Rayonu Dilarə Əliyeva 145-də mənim sərəncamımdan əvvəl 4 mərtəbə qaldırılmışdı. Mənim sərəncamımdan sonra yəni 4 ay müddətində isə beşinci mərtəbədə bir balaca atma işləri aparılıb". R.Quliyev ifadəsində sabiq mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Baş nazirin sabiq müavini Hacıbala Abutalıbova sözügedən tarixi əhəmiyyətli binalarla bağlı məktub göndərildiyini deyib: "Məktubda yazılıb ki, Dilarə Əliyeva küçəsi 141 və 145 saylı binalar tarixi əhəmiyyətli bina kimi dövlət nəzarətinə götürülüb. Qış parkında aparılan tikinti zamanı ağır tonajlı maşınların hərəkəti səbəbindən həmin binaya ziyan dəyib". Qeyd edək ki, prosesdə zərərçəkmiş qismində tanınan Bakı Şəhər İcra Hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri məsələ ilə bağlı hələlik heç bir tutarlı sənəd təqdim etməyiblər. Bundan başqa, xalq artisti Şeyx Əbdül Mahmudbəyov və digər sakinlər tərəfindən D.Əliyeva küçəsi 141 ünvanında yerləşən binanın yan divarının 2017 -ci ilin oktyabrında uçması anını təsdiq edən video görüntü və şahidlərin müsahibələri əks olunan DVD-R disk hakimə təqdim edilib. Məhkəmədə ortaya qoyulan faktlar deməyə əsas verir ki, bütün yollar Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbova tərəf aparır.

Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis müavini və Baş memarı olmuş Akif Abdullayev ifadəsində deyib ki, Rasim Quliyevi BŞİH-nin Aparat rəhbəri kimi tanıyıb: "Mən bilmirdim ki, Rasim Quliyev icra başçısının müavini səlahiyyətlərini icra edir. Mən o məsələlərlə maraqlanmırdım. Rauf Pənahov həm Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, həm də Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi səlahiyyətlərini icra edirdi. 2008-ci ildə mən idarənin rəis müavini təyin olundum. Möhür Hacıbala Abutalıbovda olub, bizə vermirdi. Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan sonra səlahiyyətləri Rasim Quliyev icra edirdi. Amma yenə möhürün kimdə olduğunu bilmirdim. Mən sənədlərə imza atırdım, möhürü kim vururdu, xəbərim olmurdu və maraqlanmırdım". Əgər Baş memar "lazım olsa, rəy alıb, Qız Qalasını da sökmək olar" deyirsə hansı sərəncamdan, hansı səlahiyyət həddini aşmaqdan danışmaq olar. Hakimi mütləq, sonsuz səalhiyyət sahib olan Bakı meri Hacıbala Abutalıbov möhürü və nəzarət funksiyasını özündə saxlayırsa, inandırıcı deyil ki, kimsə risk edib hansısa sərəncama imza atsın.  

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarının yeni təyin olunmuş icra başçıları ilə görüşdə bildirib ki, məmurlar bilməli və xatırlamalıdırlar ki, qanun pozuntusuna görə cəza labüddür. "Son illər ərzində bir çox yüksək vəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər (rayonlar), nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb ediliblər. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq". Məntiq isə onu deyir ki, sağlam cəmiyyət və uğurlu idarəetmə modelinin formalaşdırılması, ictimai vəsaitlərin idarəedilməsində effektivliyin təmin edilməsi, hökumətin fəaliyyətinin legitimliyinin qorunması kimi mühüm amillər ölkədə və cəmiyyətdə korrupsiya və rüşvət ilə kompleks mübarizəni zamanın tələbinə çevirib. Belə bir şəraitdə korrupsiyaya rəvac verən vəzifəli şəxsin əvəzinə icraçı məmurun həbs edilməsi mövcud presidentin davam erməsinə səbəb ola bilər.

Maraqlıdır, əgər sözügedən ünvanda tikinti işləri Rasim Quliyevdən əvvəl baş veribsə, onun tərəfindən verilən sərəncam heç bir əhəmiyyət kəsb etmirsə, üstəlik verilən sərəncam ləğv olunubsa hansı əsasla təqsirli bilinir və həbsdə saxlanır?  

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31