"ŞƏRƏFSİZLİK" mükafatına layiq bilinənlər - Əfsanə Kamal yazır

Fırtına sonrası səssizliyi yaşayırıq. Fırtına bitdi deyə sevinsək də, fəlakətin gətirdiyi ölümləri, dağıntıları çətin ki, həzm edək.  Müharibə də belədir. 

Pafoslu, bəzək-düzəkli, sözlərə ehtiyac yoxdur məncə. Bəli, bu bütün Azərbaycan xalqının  qələbəsidir. Ancaq qələbədən öncə gələn müharibə fırtınası içimizdəki çürük taxtaları tək-tək oynatmağa başladı. Təəssüf, müharibə bitsə də, bu məsələlər hələ də davam edir. Gözlərimiz, qulaqlarımız nələr görüb eşitmədi ki...
Dövlətə, dövlətçliyə, millətə, millətçiliyə qarşı çıxanı, erməni ilə dost olanı gördük. Düşmənə "qarşı tərəf" deyəni gördük. Ağlayan şəhid anası fonunda gülən icra başçısı belə gördük. Hər dəfə, hər dəfə bundan daha pis nə ola bilər ki,dedik.?!  Deyib, daha betərini gördük.  İndi isə ən betərindən danışaq. Şəhid anasına "oğlun yaşayır" deyib, bağrı yaralı ananı aldadanlardan. 
Vicdan sahibi olan heç kim buna inanmaq istəmir. Mən bu xəbərin "saxta" çıxmasını çox arzu edirdim. Düşündükcə tükləri biz-biz edən də odur ki, onlar bu şərəfsizliyi  əməlli-başlı ssenari hazırlayaraq həyata keçiriblər. Diqqət yetirsəniz, "onlar" dedim. Çünki bunu edən bir nəfər deyil. İçlərindən biri dayanıb nə etdiyini heçmi düşünmədi? İçlərindən  biri "qardaşlar, biz  nə  edirik"-deyə niyə  soruşmadı?
"Vicdan ən böyük zindandır" deyiblər. Bəs vicdanı olmayanlar üçün ? 
Cinayət Məcəlləsində elə bir cəza sistemi yoxdur ki, bu "adamlara" həmin cəza tətbiq edilsin və bizim xalq olaraq ürəyimiz soyusun. 
Övladını itirmiş bir anaya "oğlun yaşayır" deyib aldatmaq, oğlunun səsini yamsılamaq, qrimlə özünü  şəhid oğluna bənzədib, anası ilə videozəng vasitəsi ilə danışmaq planlarının sadəcə bir parçası olub. Biçarə valideyn nə etsin? Əminəm, hər birimiz eynisini edərdik.  Təki övladı qayıtsın. Təki bir dəfə də olsa övladına sarıla bilsin, görə bilsin. Baxıcısından qohumuna qədər hər biri şəhidin ailəsinə dövlət tərfindən ayrılan pulu və daha çoxunu ələ keçirmək üçün əlbir olublar. Bunları edərkən şərəflərini, namuslarını, mərhəmətlərini, milli-mənəvi nə varsa hamısını çıxarıb, kənara qoyublar. 
Hər övladını itirən ananın qəlbində ölənədək sönməyən ümid çırağı yanır. Bu çıraq insanı yaşamağa vadar edir. Bir filmdən öyrənmişdim, qorxunun insanı ayıq tutduğunu. Ümidlərimizdir bizi yaşadan. 
Bu adını belə bilmək istəmədiyim  varlıqlar isə, bir ananın ümid çırağını sonsuzadək söndürdülər. Oğluna rahat yatmağa icazə vermədilər. Ana bu torpaqlar uğrunda ən dəyərli varlığını-övladını qurban verdiyi halda, həmvətənlərinin ona etdikləri sonsuz bir lənətə layiqdir. Mən yazdıqca utanıram, siz də oxuduqca utanacaqsınız, bu adamların etdiyi əməllərə görə. Bu adamlarla eyni cəmiyyətdə yaşadığımıza görə. 

Əmin-amanlıq dövründə vətənpərvər olmağa nə var? Hər kəs döyüşməyə hazırdır. Qələmlər də hazırdır, pafoslu sözlər yazmaq üçün. Bax, vətənsevərlik nümayiş etdirmək bu qədər asandır. Həmin o şəxslərin bir çoxu bir qazini belə tanımır, yardım etmir. Hələ onlara qarşı dələduzluq edənləri demirəm.  Açığı mən bunları "dələduzluq" sırasına aid edə bilmərəm. Necə yəni, marketdən süd oğurlayan da dələduzdur, şəhid anasının ümid çırağını söndürən, qazini aldadan da? 
Xeyr, onlar şərəfsizdirlər. Ən pis təhqirlərə və tənqidlərə layiqdirlər. Üstəlik  aldatmaq məsələləri nəinki sadə vətəndaşlar, xəstəxanalar, bəzi qurumlar tərəfindən də edilir. Bir əlimizlə ciblərini doldurub, digəri ilə boşaldırıq. 
Onlara biganə yanaşılır. Dərdlərinə şərik çıxılmır. Həyat qayğıları minimuma endirilmir. 
Çətin günlərdə onlar müharibəyə biganə yanaşsaydı nə olacaqdı bəs? İndiki kimi yenə rahat yata biləcəkdik? 
Vətəndaş olaraq hər birimizin borcu onlara hər daim mənəvi dayaq olmaq, bizlər üçün çox dəyərli olduqlarını göstərməkdir. Gənclik yaşlarına qədər sağlam həyat tərzi sürən bir fərdin, sonradan bu sağlamlığı itirməyi psixoloji olaraq qəbuledilməz olur bəzən. Vizuallığa çox önəm verən bir cəmiyyətdə yaşayırsansa, bu çətinlik ikiyə qatlanır. 

Kimlərsə qazilərin adından istifadə edib, kimlərsə reklam məqsədi güdür deyə, ayağını, qolunu, ağıl sağlığını və.s fəda edən həmvətənlərə qarşı önyarğılı olmaq qəti şəkildə qəbuledilməzdir. Xüsusilə müharibə iştirakçılarına, ailələrinə qarşı edilən hər hansı bir cinayət işi ən ağır şəkildə qarşılığını tapmalıdır. Bu istər sadə vətəndaş olsun, istər xəstəxana, istərsə hər hansı bir qurum. 

Bunları edən şəxslərə dörd divar arasında qapalı qalmaq isə sadəcə mükafat olar. 

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31