Avtobuslara  “doluşan”  koronavirus

İctimai nəqliyyat bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Nəqliyyatdakı problemlərlə demək olar ki, hər gün üzləşirik. Sərnişinlər isə bu problemlərdən narazıdır. Bunu Olaylar.az-ın keçirtdiyi sorğu da təsdiqləyir.

Vətəndaşların əksəriyyəti avtobusların gecikməsi səbəbi ilə yaranan sıxlıqdan narazıdır. Vətəndaş Ləman Abbaslı deyir ki, insanlararası tıxac ictimai nəqliyyatın başlıca problemlərindən biridir:
"Avtobuslara maksimum insan sayı 20 nəfər götürsək, bunun iki qatı - 40-50 nəfərin daşınılması problemdir. Hazırki durum üçün bu həm təhlükədir, həm də insanlar sıxılır".

Digər şəhər sakini Xədicə Şəfaqətova   isə deyir ki, bəzi sürücülər avtobusu sürətlə idarə edərək, insanların həyatı ilə oynayırlar.

Hər gün şahidi olduğum bir hadisəni misal göstərə bilərəm ki, paytaxtın 206  saylı  marşrutu  demək olar ki, 1 saatdan bir gəlir. Bu isə avtobus gələn kimi işə tələsən insanların bir-birinə aman vermədən avtobusa doluşmasına, bir-birinə qarşı aqressiv münasibət göstərməsinə gətirib çıxarır. Yaxın zamanlarda təhsil müəssisələrinin açılacağını nəzərə alsaq, vəziyyətin çox acınacaqlı olduğunu görə bilərik. Düşünürəm ki, elə bu problemlər bəzi avtobusların xəttə az sayda buraxılmasından qaynaqlanır. Əgər lazımi miqdarda avtobus olarsa, nə insanlar bir-birini əzə-əzə avtobusa minər, nə də sürücülər mənzil başına çatmaq üçün nəqliyyat vasitəsini sürətlə idarə edər. Olaylar.az-a bu barədə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə deyir ki, avtobus sayının artırılması bu problemin həlli deyil:

"Müntəzəm marşrut xətti üzrə avtobusların, o cümlədən də 206 saylı  xətt üzrə avtobusların intervalında müşahidə edilən yubanmalar əsasən yollardakı vəziyyətlə bağlıdır. Pik saatlarda, bəzən isə qeyri-pik saatlarda nəqliyyat axınında olan sıxlıqlar avtobusların intervalına da mənfi təsir edir. Avtobus sayının artırılması bu problemin həlli deyil. Bu məsələdə ən optimal çıxış yolu avtobus zolaqlarının təşkilidir. Doğrudur, hazırda şəhərimizdə bəzi küçə və prospektlərdə bu cür zolaqlar var. Lakin, onların sayının az olması, tam bir marşrut xəttini əhatə etməməsi və eyni zamanda nəzarətin zəif olması hələ istədiyimiz nəticəni əldə etməyə imkan vermir. Bakı Nəqliyyat Agentliyi hazırda zolaqlarının çoxaldılması üçün zəruri tədbirlər həyata keçirir. Hesab edirəm ki, müvafiq qurumlar da nəzarət tədbirlərini gücləndirsə, bu zaman intervallarda stabilləşmə olacaq".

Ümid edirik, bu problem hər nədirsə, tez bir zamanda öz həllini tapar və hər kəs öz rahatlığına qovuşar. Yoxsa avtobuslara "doluşan" koronavirus    pandemiyanın uzanmasını  qaçınılmaz edəcək.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31