Üç  hədəflə koronavirusu məğlub edə bilərik

Görünməmiş bir sürətlə dünyanı bürüyən koronavirus bəlası hələ də tüğyan etməkdə davam edir. Bu gün yoluxma artıq elə bir hal alıb ki, bir günə 3000-ə yaxın nəfər yoluxursa, "yoluxma sayı azaldı" deyə xəbər eşidirik. Təəssüf ki, bu gün əsasən yaşlı şəxslər ağır və ciddi gedişə malik olan COVİD-19 xəstəliyinə 2 dəfə daha çox yoluxur. Koronavirusun törətdiyi xəstəliklər, guya ki, uşaqlar və gənc şəxslərdə bir qayda olaraq yüngül gedişə malikdir. Amma virusa yoluxub, sağalan şəxslər arasında keçirdiyim sorğuya və ətrafımdakı insanlarda gördüklərimə əsasən deyə bilərəm ki, bu bəla yaşlı-cavan demədən hər kəsə ölümcül dərəcədə düçar ola bilər. Təbiidir ki, müalicənin nə qədər davam etməsi, xəstənin neçə müddətə sağalması, nə qədər xərcinin çıxması hər kəs üçün eyni deyil. Çünki, xəstəliyə ağır və yüngül yoluxanlar olur.

Xəstəlik  dönəmi ilə bağlı Olaylar.az-a danışan 30 yaşlı bir xəstə deyir ki, əgər bir neçə gün daha xəstəliyi keçirsəydim, artıq haqq dünyasına qovuşmuşdum:

"Ağ ciyərim 75% buzlanmışdı. Qarın ağrısı, kürək nahiyyəsinin ağrısı, iy bilmənin itməsi, halsızlıq, qusma, nəfəsin kəsilməsi və s. xəstəliyin simptomlarıdır. Özümdə əlamətləri  hiss etdikdən sonra həkimə müraciət etdim, resept yazdı və ev şəraitində müalicə aldım. Təxminən 2000 AZN civarında müalicədən sonra həyata döndüm".

Başqa bir gənc xəstə isə deyir ki, xəstəliyi anamla bərabər keçirtdik, ikimiz də ağır vəziyyətdə idik:

"İlk başlayanda üşütmə, halsızlıq, baş ağrısı hiss etdim. Təcili yardım çağırdım, 8 saat ərzində gəldi. Test götürdülər, bir gün sora testin nəticəsini sahə üzrə poliklinikadan zəng edib, pozitiv olduğunu dedilər. Bir həftə özüm çalışdım, irəliləyiş var idi sağalmağa doğru. Anamın zobu olduğu üçün vəziyyəti daha pis idi, boğulma çox olurdu. 13 gün karantində qaldıq. İkimizə müalicəyə hardasa 100 manata yaxın pul xərclədik. İndi ikimizin də səhhəti yaxşıdır".

Yeri gəlmişkən, təcili yardımların müraciət etdikdən 5-8 saatdan sonra gəlməsi də böyük problemdir. Bütün bunları nəzərə alaraq, özümüzü virusa qarşı əvvəlcədən hazırlamalıyıq. Araşdırmalar 80% şəxsin xüsusi müalicə tədbirlərinə ehtiyac olmadan xəstəlikdən tam sağalması faktını təsdiqləyir. COVİD-19 müalicəsi ilə məşğul olan həkimlər deyir ki, virusdan qorunmaq üçün gün ərzində normal şəkildə və zamanında qidalanma, bol meyvə və tərəvəz yemək çox önəmlidir. Maye qəbuluna, istirahət rejiminə və ən əsas şəxsi gigiyena qaydalarına əməl etmək mütləqdir.

Darıxdığımız həyata qayıtmaq, bu bəlanı başımızdan dəf etmək üçün birlik olmalıyıq. Qarşımıza üç  hədəf qoyaraq koronavirusu məğlub edə bilərik: Özünü qoru, öz sevdiklərini qoru, öz cəmiyyətini qoru!

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31