“Gənclər Kuboku: Hərb Oyunları” BAŞLADI
“İrəli” İctimai Birliyi tərəfindən gənclərin maarifləndirilməsi və vətənpərvər ruhda formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
28 Avqust 2021 10:18 Sosial"İrəli" İctimai Birliyi tərəfindən gənclərin maarifləndirilməsi və vətənpərvər ruhda formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Belə tədbirlərin davamı kimi Birlik Ağdam rayonunun Quzanlı qəsəbəsində "Gənclər Kuboku: Hərb Oyunları" layihəsini həyata keçirir. Layihə özündə gənclərin fiziki-psixoloji dözümlülüyünü artırmaq, sağlam həyat tərzini formalaşdırmaq, həmçinin, Vətən müharibəsində qazandığımız böyük qələbənin ardından gənclərdə hərb sahəsinə olan marağın günü-gündən artmasını özündə ehtiva edir. Layihə onların intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirmək, komanda ilə işləmək bacarıqlarını formalaşdırmaq, bununla yanaşı, orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaratmasına hesablanıb.
Layihə çərçivəsində gənclər Ağdam rayon Şəhidlər Xiyabanını ziyarət edib, daha sonra gənclər düşərgə ərazisinə yollanaraq layihənin açılış mərasimində iştirak ediblər. Layihədə dövlət rəsmiləri, millət vəkilləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanılan tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev "İrəli" İctimai Birliyinin hərbi vətənpərvərlik hissinin gənclərə aşılanması və gənclərin bu yöndə formalaşması istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Nazir müavini, həmçinin, gənclərin hazırkı post-müharibə dönəmdə rolunun əhəmiyyətindən bəhs edib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, Fond son bir neçə illik fəaliyyətində "İrəli" İctimai Birliyi ilə birgə 15-dən çox genişmiqyaslı layihəyə imza atıb. Gənclər təşkilatları arasında hərbi vətənpərvərlik mövzularında həyata keçirilən layihələrin təşkilində Birliyin aktiv şəkildə iştirak etdiyi vurğulanıb.
Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışı zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər və idman sahəsində atılan addımlar, görülən işlər nəticəsində paytaxt Bakı ilə yanaşı regionlarda da idman infrastrukturunun inkişafının sürətlə davam etdiyini diqqətə çatdırıb, ölkəmizin bu istiqamətdə siyasətinin inkişafına təkan verdiyini qeyd edib.
Milli Məclisin deputatı Naqif Həmzəyev təşkilat tərəfindən keçirilən layihələrin Vətən müharibəsində öz töhfəsini verdiyini vurğulayıb, bundan sonra gənclərdə qələbə, zəfər ruhunun aşılanması istiqamətində "İrəli" komandasına uğurlar arzulayıb.
Tədbirə ev sahibliyi edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, hazırki dövrdə sağlam gəncliyin qurulması dövlətin prioritet istiqamətlərindən biridir və 44 günlük Vətən müharibəsində Ağdam gənclərinin fəallığı bu sahədə görülən işlərin effektivliyini bir daha ortaya qoyur. Paytaxt gəncləri kimi region gəncləri də bu kimi proseslərdə aktiv iştirak edir, dövlət gənclər siyasətinin inkişafında öz töhfələrini verirlər.
"İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd edib ki, təşkilat tərəfindən indiyədək ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində Vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönəlik bir sıra tədbirlər həyata keçirilib. Elə "Gənclər Kuboku: Hərb Oyunları" layihəsi də bu qəbildəndir. Layihə boyunca ekstremal şəraitdə 100-ə yaxın gəncin peyntbol, stend atıcılığı, pentatlon, səmti müəyyənetmə və digər idman növləri üzrə yarışı təşkil olunması, gənclərin yarışlarda birincilik uğrunda mübarizə aparacağı vurğulanıb.
Xatırladaq ki, bu istiqamətdə təşkilat tərəfindən 27 iyul - 3 avqust tarixlərində Göygöl rayonunda "Marş İrəli" layihəsinin üçüncü mövsümü uğurla həyata keçirilib. Silsilə layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü isə Goranboy rayonunda baş tutub. Həyata keçirilən layihənin üç mövsümündə ümumilikdə 500-ə yaxın gənc iştirak edib.
"İrəli" İctimai Birliyi bundan sonra da vətənpərvər gəncliyin formalaşması və gənclərin hərtərəfli inkişafı sahəsində tədbirlərini davam etdirəcək.