Heyvanlara şiddət cinayətdir!

Bu yaxınlarda sosial mediada #saveralph hashtagı ilə paylaşılan və təcrübələrdə tədqiqat vasitəsi olaraq istifadə edilən bir dovşan haqqında qısametrajlı film bütün dünyada və ölkəmizdə yayıldı. Azərbaycanca qarşılığı "Ralphini xilas et" olan "Save Ralph" filmi ilə heyvan tədqiqatlarının qorxuncluğu bir daha gündəmə gəldi.

Ralph adlı təcrübə dovşanının yer aldığı bu qısa film, xüsusilə kosmetik markaların üstünlük verdiyi heyvanlar üzərində sınaq zülmünə diqqəti çəkir. Heyvan tədqiqatı, bir məhsulun tərkibini yoxlamaq, məhsulun tərkib hissələrinin etibarlılığını artırmaq, tərkibin hər hansı bir yan təsirinin olub olmadığını görmək üçün müxtəlif kimyəvi maddələrin müxtəlif üsullarla heyvan orqanizmlərinə vurulmasından ibarətdir. Təəssüf ki, bu maddələr heyvanların bədənlərinə güc və ağrı ilə tətbiq olunur və heyvanların bir çoxu təcrübələr nəticəsində ölür.

İnsanların bildiyi ən böyük yanlış təsəvvürlərdən biri, heyvan testlərinin yalnız kosmetika sənayesi üçün keçərli olduğudur. Ancaq bu məlumat tamamilə səhvdir. Heyvan testləri bu gün demək olar ki, hər bir məhsul üzərində aparılır. Kosmetika sənayesinin qabaqcıl olduğu bilinsə də, şəxsi qulluq, təmizlik məhsulları, əczaçılıq sənayesi, biologiya araşdırmaları və hətta qida və içki kimi bir çox sektor heyvanlar üzərində təcrübələr həyata keçirir. Tədqiqatın mövzusundan və məqsədindən asılı olaraq bütün növ heyvanlar təcrübələrdə istifadə edilə bilər. Lakin bütün dünyada ən çox istifadə edilən heyvan növləri balıqlar, pişiklər, itlər, gəmiricilər (əsasən siçanlar, siçovullar, hamsterlər, qvineya donuzları, dovşan), at, eşşək, qatır və dəniz məməliləridir.

Düşünürəm ki, əgər bu firmalar baykot edilsə, onlar artıq heyvanlardan tədqiqat üsulu kimi istifadə etməzlər. Bir az araşdırdıqdan sonra heyvanlar üzərində təqiqat aparan məşhur kosmetik firmaların bir neçəsinin adını tapdım. Alış-veriş etdiyiniz zaman bu firmalara diqqət edəsiniz deyə onları sizə təqdim edirəm: "Amway/Artistry", "Avon", "Bath & Body Works", "Colgate", "Elidor", "Flormar", "Dove", "Nuxe", "Oriflame", "Zara Kozmetik" və s.

Bunlardan əlavə bir markanın heyvanlar üzərində sınaq keçirdiyini başa düşmək üçün bəzi yöntəmlər var. Təcrübəsiz sertifikatı olan markaları tapmağın ən sadə yollarından biri qablaşdırmanı yoxlamaqdır. Məhsulun qablaşdırılmasında "Not Tested On Animals" ("Heyvanlarda Test Edilməyib") ifadəsi və dovşan şəklində bir loqo varsa, məhsulun heyvanlar üzərində sınaqdan keçirilmədiyinə əmin ola bilərsiniz. Əlbəttə ki, heyvanlar üzərində sınaq keçirməyi üstün tutmayan markalar da var. Bu yolu seçənlərə vegan və ya vegetarian sertifikatları verilir. Heyvan təcrübəsi olmayan və vegan sertifikatı olan markalar heyvanlar üzərində heç bir şəkildə təcrübə keçirmir və ya təchizatçılarının bu üsuldan istifadə etməsinə icazə vermirlər. Vegetarian markaları isə heyvan yemi olan məhsullardan istifadə etmirlər.

Bütün bunlar azmış kimi, bir də son zamanlarda digər ölkələrdə olduğu kimi Azərbaycanda da heyvanlara qarşı şiddət, zorakılıq halları artıb. Pişiyin ayağını ət oğurlayıb deyə kəsənlər, sosiskanın içərisinə mismar doldurub itə yedirdənlər, yeni doğulan körpələri sellofan torbaya yığıb, ağzını bağlayıb zibilliyə atanlar və daha nələr-nələr bir çoxumuzun qanını donduran hadisələrdəndir. Bu bir vəhşilikdir, heyvanlara şiddət cinayətdir!

Heyvanlar həyatımızın əvəzedilməz parçasıdır. İnsanın yaşamasında, sağlamlığında hər zaman heyvanların böyük köməkliyi olmuşdur. İnsan orqanizmində ət və süd məhsulları önəmli mövqe daşıyır ki, bu məhsulları da biz heyvanlardan alırıq. Eyni zamanda müəyyən səbəbdən faydalana bilmədiyimiz yırtıcı heyvanların, quşların da yaşamağa haqları var. Onlar da bizim kimi canlıdır və əmin olun ki, onlar insanlardan daha məsumdur. Onları öldürmək yox, qorumaq, sevmək, qayğı göstərmək lazımdır. Heyvan şiddətlərinə göz yummayaq! Bu bizim insanlıq vəzifəmizdir!

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31