Azyaşlı uşaqları psixoloji travmalardan necə qoruyaq? ARAŞDIRMA
26 Avqust 2021 11:54 SosialHazırda azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin genişlənməsi müşahidə olunur. Məsələ orasındadır ki, bu cür hadisələrin böyük əksəriyyəti əsasın gizli qalır. Çünki cinsi istismara məruz qalan uşaq özü harasa müraciət etmir, böyüyəndən sonra hansısa psixoloji problem üzə çıxanda açıqlanır ki, ona qarşı xoşagəlməz hal baş verib və bu, onun gələcək psixoloji durumuna çox mənfi təsir göstərib. Vəkil Rövşən Qasımov deyir ki, uşaqlara, hətta qadınlara qarşı cinsi zorakılıq hallarına daha çox ailə daxilində rast gəlinir, nəinki çöldə: "Bizə müraciət edənlərdən görürük ki, ilk cinsi pozuntular, istismarlar ailə üzvləri, qohum-əqrəba, yaxın adamlar tərəfindən olub. Buna görə, cinsi istismarlar cəmiyyətdə o qədər açıqlanmırdı və valideynlər və ya yaxın adamlar bilirdilərsə də, bunu ört-basdır etməyə çalışırdılar. Son zamanlarda isə cinsi istismar halları ailədən kənarda da baş verməyə başlayıb və biz hələ də buna psixoloji cəhətdən hazır deyilik. Bu, bizim üçün yeni problemdir".
Onun bildirdiyinə görə, uşaqların cinsi istismar halları ilə rastlaşmasının ən böyük təhlükəsi ən çox yeniyetməlik dövrünə təsadüf edir: "Bu vaxt onlarda cinsi inkişaf yaranır, hormonal dəyişiklər baş verir və uşaqlarda buna qarşı maraq yaranır. Uşaqlar bəzən bilmirlər nə olar, nə olmaz və buna görə də bəzən müqavimət də göstərə bilmirlər.Uşaqlara izah etmək lazımdır ki, tanımadıqları insanlarla ünsiyyətə girməsinlər, onların təkliflərinə qulaq asmasınlar və sairə. Xüsusilə azyaşlı uşaqları nəzarətsiz qoymaq düzgün deyil.Cinsi istismara məruz qalan uşaq, habelə zorlanmış qadın və ya yeniyetmə cəmiyyətin qınaq obyektinə çevrildiyi üçün özünü bir növ "ləkələnmiş" hesab edir və düşünür ki, cəmiyyət daha onları qəbul etməyəcək. Buna görə hesab edir ki, yaşamağın mənası yoxdur və çıxış yolu kimi ölümü görür. Əsas bu insanlara izah etməliyik ki, pis hadisə olub, amma bunda sənin günahın yoxdur. İnsanın öz təcavüzçüsü ilə məcburi evləndirilməsi ən böyük problemdir. Bu halda onların normal ailə həyatı olmur, çünki qadın ailə qurduğu insana, eləcə də onun və öz ailəsinə qarşı aqressiv olur. Dünyaya gələn uşağı təcavüzün qurbanı kimi düşünür, uşaqla normal münasibət qura bilmir. Qadın özünü yalnız hiss edir, ağır depressiyalar və neqativ pozuntular müşahidə olunur, səbəbsiz isterik ürəkgetmələr, isterik tutmalar baş verir. Bu, intiharla da, eyni zamanda müəyyən müddətdən sonra boşanma və ağır psixoloji və psixiatrik problemlərlə də nəticələnə bilər".
Bəs, uşaqları pedofil adamlardan necə qorumaq olar? Vəkilin sözlərinə hörə, pedofil adamlar uşaqların etimadlarını xüsusilə qazanaraq onları torlarına salırlar: "Uşaqlara qarşı mülayim olduqlarına görə, uşaqlar bəzən onların pis niyyətlərini anlamır, hətta onları qoruyurlar. Əslində pedofiliya psixoloji xəstəlik növüdür. Xəstəliyi təşxis etmək üçün şəxsin ən az 16 yaşı olmalıdır. Yəni şəxs cinsi istismara məruz qoyduğu uşaqdan 5 yaş böyük olmalıdır. Pedofillər arasında kiçik uşaqlara və yetkinlik dövrünə çatan uşaqlara maraq göstərənlər də var. Alimlər tərəfindən aparılan araşdırmalara görə, psixi pozğunluğu və şəxsi keyfiyyətlərində çatışmazlıq olan insanlar pedofiliyaya meylli olurlar. Uşaq vaxtı psixoloji sarsıntı keçirən, ailələrində problemlər yaşanan adamlar bəzən özlərini özyaşıdları ilə münasibətdə sınamaqdan çəkinirlər və özlərindən kiçik şəxslər üzərində güclərini sınamağa meylli olurlar. Pedofillərin çoxu kişi cinsinə aid olur. Yaşayış tərzi və mədəniyyət də bu məsələdə mühüm amillərdən biridir. Pedofillik gen və hormonlardan əlavə din, ağıl, irq, təhsil, mədəniyyət, adət və ənənələr, peşə və ya sosial səviyyədən asılıdır".
Onun bildirdiyinə görə, valideyinlərlə uşaq arasında əlaqələrin pozulması da pedofiliyaya yol açır: "Ailələr uşaqlarını qorumalıdırlar və diqqətli olmalıdılar. Çünki pedofillər uşaqlara 60-70 faiz müəllim, məktəb müəllimi, qohum, qonşu, baxıcı, servis sürücüsü üzərindən yaxınlaşırlar. Uşaqlardakı asan etimad göstərmə, asan aldadılma, asanlıqla qorxma kimi hallar onların istismar edilməsi üçün şərait yaradır. Üstəlik, bu hal hadisələrin gizli saxlamalarına da səbəb olur. Ailələr uşaqlarla səmimi şəkildə ünsiyyət saxlamalıdır. Ailə ilə keyfiyyətli vaxt keçirilən zaman sevgi və etibar etmə duyğusunu gücləndirir. Paronayaya qapılıb hər şeyi və hər kəsi sorğuya çəkəcək davranışlar isə inamsızlıq və qorxu yaradır.Valideynlər bunları bilməli və uşaqlarını qorumaq üçün lazım olan bütün addımları vaxtında atmalıdırlar".
Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi öyrədir ki, seksual xarakterli zorakılıq hərəkətləri dedikdə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri başa düşülür. Bu hərəkətləri edən şəxslər üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə,zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda, təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə,zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla törədildikdə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə-səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə-bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Nurlan