“Məskunlaşma ilə yanaşı yeni iş yerlərinin yaradılması da prioritetdir” DEPUTAT
Işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri yeni iş yerlərinin yaradılması baxımdan da vacib hesab olunur.
26 Avqust 2021 10:54 Sosial"Işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri yeni iş yerlərinin yaradılması baxımdan da vacib hesab olunur. Artıq Füzuli Beynəlxalq Hava Limanında çalışacaq işçilərin seçimi ilə bağlı artıq vakansiya elan olunub. Hava limanının inşaatında isə 500 Azərbaycan vətəndaşı çalışır. Füzuli, Cəbrayıl və Zəngilana səfər edən zaman digər infrastruktur layihələrinin də intensiv həyata keçirildiyini müşahidə etdik. Həmin layihələrdə çalışanların böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır". Bunu "Olaylar"a deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, növbəti mərhələdə Azərbaycan iqtisadiyyatının drayverinə çevriləcək Qarabağ məşğulluğun təmin olunmasında da xüsusi rola malik olacaq: "Məskunlaşma prosesi ilə yanaşı yeni iş yerlərinin yaradılması da əsas prioritetlərdəndir. Artıq rayonlar üzrə müqayisəli üstünlüyə malik olan sektorların qiymətləndirilməsi aparılır. Işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının ən azı 8 faizini formalaşdırmaq potensialına malikdir. Bu illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir. Bu isə yaxın illərdə Qarabağda 10 minlərlə yeni iş yerinin yaradılacağı deməkdir".