Qazimizin sönməyən ÜMİD ÇIRAĞI...
Ulu Öndərimiz Heydər Əliyevin söylədiyi kimi, “Vətən – harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, vüqarı, qürur mənbəyi, güçü, qüdrəti, əbədi səcdəgahıdır.”
26 Avqust 2021 10:24 SosialUlu Öndərimiz Heydər Əliyevin söylədiyi kimi, "Vətən - harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, vüqarı, qürur mənbəyi, güçü, qüdrəti, əbədi səcdəgahıdır."
Bunu hər dəfə təkrarlamaq belə, böyük fəxrdir ki, Azərbaycan xalqının qanı vətənpərvərliklə, torpağa bağlılıqla yoğrulub. Vətənə, torpağa bağlılıq ən ülvi duyğulardan biridir. El-oba, vətən sevgisi hər zaman milli qürur kimi dəyərləndirilmişdir. Vətənin ən ağır sınaqlardan çıxması da onun vətəndaşlarının torpağa olan məhəbbətlərindən, onun uğrunda ölümə belə, hazır olmalarından irəli gəlir. Tariximizin hər bir səhifəsində ulularımızın vətənə böyük məhəbbət ruhu duyulur və bu məhəbbət miras kimi nəsillərə ötürülür.
Azərbaycanın son 28 ilinin tarixi faciəsi heç kəsə sirr deyil. Bu illər ərzində qaçqınlı-köçkünlü, torpaqları vəhşicəsinə zəbt olunaraq viran qoyulmuş Azərbaycan xalqı, I Qarabağ Müharibəsində itirdiklərinin acılarını çəkə-çəkə bərkimiş, doğma torpaqların qaytarılması naminə ölümün üzünə dik baxmağı göz önünə almışdılar. Ali Baş Komandanımız cənab İlham Əliyevin bircə çağırışına cavab olaraq, minlərlə vətən övladı döyüşə səfərbər olmuşlar. Beləliklə də, 2020-ci il sentyabr ayının 27-si II Qarabağ Müharibəsi başlamışdır...
Taleyin çox qəribə hökmləri var. Vaxtilə I Qarabağ Müharibəsində şəhidlik zirvəsini fəth edən, qazilik şərəfinə nail olan igidlərimizin övladları, indi öz atalarının intiqamını almaq, ən əsas isə, çoxdan arzusunda olduqları torpaqlarımızı geri almaq məqsədilə könüllü olaraq döyüşlərə qatılmışlar.
Haqqında söhbət açacağımız qəhrəmanımız isə, Qarabağın məşhur "Xələfovlar" nəslinin nümayəndəsidir. Həmid Ramiz oğlu Xələfov 1995-ci il yanvar ayının 3-ü Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur.Uşaq ikən atasını itirmiş, anası Arzu xanım onu tək böyütmüşdür. Az yaşlarından dərin zəkası, iti zehni, saf tərbiyəsi ilə çoxlarının rəğbətini qazanan Həmid, 2012-ci ildə təhsil aldığı 56 saylı məktəb-liseyi bitirərək, Milli Aviasiya Akademiyasına daxil olur. 2017-ci ildə MAA-nı bitirdikdən sonra, həmin il, yəni 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılır. 2017-2018-ci illərdə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində pulemyot müşahidəçisi kimi xidmət edir. Həqiqi hərbi xidmətini bitirdikdən sonra, 2018-ci ildən 2019-cu ilədək Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin "Azal Oil" Yanacaq-Sürtki Materialları İdarəsində (YSM) texnik vəzifəsində çalışır. 2019-cu ildə Türkiyənin Bakıdakı "Dünyagöz" klinikasında nəzarətçi kimi fəaliyyətə başlayır. 2020-ci ilin əvvəllərində daxilindəki vətən eşqi, torpağa məhəbbət, vətənə xidmət arzusu onun könüllü olaraq Xüsusi Dövlət Mühafizə Xidmətinə sənəd təqdim etməsinə səbəb olur.
2020-ci ilin sentyabr ayının 27-si çoxdan arzuladığı II Qarabağ Müharibəsi başlayarkən, ilk könüllülərdən biri kimi, döyüşlərə qatılır. Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə ruh yüksəkliyi ilə vuruşaraq böyük şücaət göstərir. Lakin müharibələrin öz qanunları, öz ağrı-açıları və bu acılardan qaçılmazlıqlar var. Bu boylu-buxunlu, dərin zəkalı, döyüşkən balamız da qaçılmazlığa düçar olur. Oktyabrın 1-də 18 nəfərlik əsgərlə döyüşə qatılan Həmid bir vaxt ayılır ki, yanında bir nəfər də sağ döyüşçü qalmayıb. Özü isə, ayağından ağır qəlpə yarası alaraq çoxlu qan itirir. Özünü itirməyən ayıq döyüşçümüz jqutla ayağını möhkəm sarıyır. 40 dəqiqədən çox döyüş meydanında tək qalan Həmid, xilas olma ümidini itirməsə də, düşmən əlinə keçməmək üçün limonkanı(əl qumbarası) əlində hazır saxlayır. Nəhayət ki, bütün döyüşçülərin köməyinə vaxtında çatmağa çalışan xüsusi təyinatlılar onu xilas edirlər. Ağcabədi xəstəxanasına aparılarkən, çoxlu qan itirib qan azlığından sağalmasına ümid olmayan Həmidin bir litrdən də az qanı qalmışdı. Xəstəxananın həkimləri və Bakıdan gələn hərbi həkimlər, xüsusilə Nizami həkim ona qan köçürərək, 17-18 sm-lik sümüyü yox olan, topuq, sümük və şah damarı görünən ayağına ilk yardım göstərib Bakıya, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərirlər. Burada Tibb Elmləri Doktoru, travmatoloq-ortoped Aydın Qəhrəmanov tərəfindən dörd dəfə əməliyyat olunur. Dördüncü əməliyyatda Tibb üzrə Elmlər Doktoru, plastik və rekonstruktiv cərrah-həkim Vaqif Qələndərli də iştirak edir.
Onu da qeyd etmək vacib məsələdir ki, Həmidin anası Arzu xanım oğluna yardım göstərən hər bir tibbi personala, Leyla xanıma, Adilə xanıma və başqalarına ayrı-ayrılıqda öz sonsuz təşəkkürünü bildirir.
Göstərilən yardımlara, aparılan dəqiq əməliyyatlara baxmayaraq, qəlpə Həmidin ayağını elə parçalamışdı ki, ayağı amputasiya olunma dərəcəsinə çatmışdı. Həkimlər isə, bu yaraşıqlı, həddindən artıq mədəni oğlana qıya bilmir, çalışdıqca çalışırdılar. Həmid özü isə, vüqarını, qürurunu sındırmasa da, ağrının əziyyətindən çox sınıxmışdı. Hətta bibisi Zemfira xanım Xələfova onun tanınmaz hala düşdüyünü söyləyib kövrəlmişdi.
Son beşinci və altıncı əməliyyat "Yaşat" fondunun köməkliyi vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan əsilli Rusiya alimi, Tibb Elmləri Doktoru, professor, 1 nömrəli Moskva Ortopediya və Travmatologiya Klinikasının rəhbəri Aqşin Bağırov Bakıya dəvət olunmuş, ortoped-travmatoloq Bayram Qorçiyevin baş həkim kimi fəaliyyət göstərdiyi "City Hospital"da ortoped-travmatoloq Babək Əlinağıyevin assistentliyi ilə Həmidi iki dəfə əməliyyat etmişdir. Bu əməliyyatlardan xəbəri olan hər kəs, axırıncı əməliyyatları "Aqşin Bağırovun sənət əsəri" adlandırırlar.
Hal-hazırda Həmid Ortopedik Bərpa Mərkəzində baş həkim Şəmsəddin Xudaverdiyev tərəfindən müalicəsini davam etdirir.
Bizə isə, qazilərimizə daim kömək əlini uzadan, onlara qayğılarını əsirgəməyən çox hörmətli Prezidentimiz cənab İlham Əliyevə və vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya təşəkkür etmək, qazimiz, III qrup əlil, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunan Həmid Xələfova və onun simasında bütün qazilərimizə şəfa diləmək qalır. Yolunuz açıq olsun, Vətənimizin mərd oğulları! Ümid çırağınız heç vaxt sönməsin!
Əlibalayeva Gülnarə
C.Cabbarlı ev-muzeyinin böyük elmi işçisi, jurnalist