Mənim 14 yaşım var- Azər QİSMƏT YAZIR
19 Avqust 2021 14:07 SosialAzər Qismət
Mənim 14 yaşım var. Kimdənsə nümunə götürmək istəyirəm. Atam səhər gedib axşam gəlir. Gələndə də yorğun-ağrın yatır. Arzu tutmuşam ki, gələcəkdə sərkərdə olacağam. Şah İsmayıl Xətaidən nümunə götürmək istədim. Amma dedilər ki, "o türk birliyini pozan olub, xəyanətkar imiş". Son vaxtlar elə deyirlər.
İstədim Babək olam, dedilər ki, "o da kafir olub, ərəb istilaçılarına qarşı pula görə mübarizə aparıb".
İstədim müəllim olum. "Bizim Cəbiş müəllim" filminə baxdım. Gördüm ki, arvadı üstünə qışqırır, lövhədə təbaşirlə dovşan ediblər, şagirdlər əlini arxasına atırlar ki, "müəllim, arxanıza nəsə yapışıb". Müəllim də olmaq istəmədim.
İstədim Koroğlu kimi mərd, qorxmaz olum. Sosial şəbəkələrdə oxudum ki, "Koroğlu da quldur olub, karvan yolu kəsirmiş".
Bacım istədi Həcər kimi mərd olsun, sabah düşmən üstünə atılsın. Oxuduq ki, erməni zabitinə ərə gedib. Həcər kimi də olmaq istəmədik.
Lap kiçik qardaşım isə patı atır. Atam acıqlananda Qaynar xəttə zəng edib atamdan şikayətləndi. Gəlib dedilər ki, "bir də uşağa acıqlansan, valideynlik hüququndan məhrum olunacaqsan". İndi atam ona dillənə bilmir, qardaşım da patı atır, gecələr evə gəlmir.
Bir gün depressiyaya düşdüm. İstədim Qurani-Kərimlə təskinlik tapım. Oxudum ki, onların Azərbaycana aidiyyatı yoxdur, din puç və əfsanədir. Ondan da əlimi üzdüm. Əgər mənim 50 yaşım olsaydı, öz iradəmlə özümdə güc tapardım. O yaşa qədər necə tab gətirəcəyəm.
Mənim 14 yaşım var. Tutacaq yerim yoxdur. Nümunə götürəcək nəsnəm yoxdur. Nə müəllim, ziyalı barədə nümunə götürüləsi filmim var, nə polisdən, nə müəllimdən. 44 günlük müharibədə bir bacım şəhid oldu, adı Arəstə idi. Ondan film çəkilsəydi, minlərlə qız nümunə götürüb düşmən üzərinə yeriyərdi. Amma rejissorlarım evdə brilyant komplekt taxan xadimədən serial çəkirlər, bəstəkara pul verməyin dərdindən youtube-dən hazır mahnılar götürürlər.
Bir vicdanlı təhlükəsizlik əməkdaşı barədə film çəkilərdi ki, minlərlə oğlan çekist olsun.
Mənim 14 yaşım var. Hiss edirəm ki, dəyərimi öldürürlər ki, zombiləşək. Xaricdən içimizə sızanlar bizi zombiyə çevirmək istəyirlər ki, heç bir dəyərinin olmadığını görüb öz xalqımızdan utanaq ki, bizim nə sərkərdəmiz, nə tariximiz olub. Üzümüzü başqa tərəflərə tutaq, hər çalınana oynayaq.
Mənim 14 yaşım var. Nədənsə tutmaq istəyirəm ki, ayağa qalxım. O dəyərlərdən ki tuta bilərdim, onları öldürdülər, öldürürlər.
Mənim 14 yaşım var. Çox çətindir mənə.