Çox yaşamaq istəyirsiniz?- Sağlam qidalanın...
19 Avqust 2021 12:13 SosialDünyada hər gün yenidən emal edilmiş qida məhsulları istehsalındakı artım və həyat tərzindəki dəyişikliklər qida rejiminin başqa istiqamətə yönəlməsinə gətirib çıxarmışdır. Sağlam qidalanma təbliğatına düzgün yanaşma ona görə lazımdır ki, hər bir insan qidalanmada düzgün sərbəst seçim etməyi öyrənsin. İnsanlar hazır qidalardan,fast foodlardan daha çox istifadə edir. Beləliklə gündən günə xəstəliklərin də sayı artır. Sağlam qidalanma piylənmə, diabet, ürək-damar xəstəlikləri, iflic və onkoloji xəstəliklər də daxil olmaqla bir sıra qeyri-infeksion xəstəliklərdən (QİX) qorunmağa yardımçı olur. Sağlam qidalanma vərdişi həyatın erkən dövründən başlanmalıdır. Həyatın ilk 2 ilində balanslı qidalanma QİX-ə yoluxma riskini azaldır və sağlam həyat sürülməsini dəstəkləyir.
Fastfoodlardan uzaq olmaq məsləhətdir, çünki onlarda toksik miqdarda şəkər var. Bu vücudumuzda əvvəl yağlar şəklində depolanır, sonra metabolik sindroma yol açır, yəni şəkərli diabet, obezite, arterial təzyiq yaranır. Sağlam olmaq üçün isə qidalarımızın tərkibində 6 fərqli komponent olmalıdır ki, bunlara - zülal (protein), karbohidrat, mineral, vitamin, yağ və su aiddir. Nə ilə qidalanmağımıza diqqət etdiyimiz kimi, necə qidalanmağımıza da diqqət etmək sağlamlığımız üçün mühüm şərtdir.
Olaylar.az-a danışan dietoloq Gülşən Cəfərovanın sözlərinə görə, sağlam yaşam tərzi üçün fast food, qazlı içki, tərkibi bilinməyən yağlardan hazırlanmış yeməklərdən uzaq durmaq lazımdır:
"Bildiyiniz kimi hal-hazırda yay fəslidir, bütün meyvə və tərəvəzlərin bol olan vaxtıdır. Maksimum dərəcədə badımcan, paxla, salatlar, göyərtilər və s. istifadə etməliyik. Ümumiyyətlə sağlam olmaq üçün, gündə ən azı 3 dəfə qidalanmaq, yuxu rejiminə mütləq şəkildə diqqət etmək, 8 saat yuxu yatmaq və ən vacibi səhər oyandıqdan sonra səhər yeməyini lazımi rasiyonda yemək lazımdır. Səhər yeməyi zamanı bacardığımız qədər meyvə şirəsi və yaxud da təzə dəmlənmiş çaydan istifadə etmək lazımdır (axşamdan qalan çayı içmək olmaz). Gün ərzində maksimum hərəkət, yaxın məsafələrə piyada getmək lazımdır.
Sağlam yaşam tərzi üçün təbii ki, fast foodlardan, qazlı içkilərdən, şirniyyatlardan, günorta və axşam saatlarında çörəkdən və tərkibi bilinməyən yağlardan hazırlanmış yeməklərdən uzaq durmaq lazımdır".
Bədənimizi daxildən və xaricdən mükəmməlləşdirməyin ən asan və ağıllı yolu sağlam qidalanmaqdır. Nail olmaq istədiyimiz hədəfdən asılı olmayaraq kiçik strategiyamız olmalıdır. Düzgün qidalanma həyat keyfiyyətini - sağlamlığı, əhval-ruhiyyəni, əmək qabiliyyətini, maddələr mübadiləsini, bu və ya digər orqan və sistemlərin dolğun fəaliyyətini təmin edir, bir sıra qeyri-infeksion xəstəliklərin və halların qarşısını almağa imkan yaradır.
Röyalə Xəyal