“Dövlətimiz ərazi bütünlüyünün tam təmini üçün əlindən nə gəlir edəcək” Deputat
“İsrailin “İsrael Hayom” qəzeti bu dost dövlətdən 2 milyard dollarlıq yeni silah-sursat almağı planlaşdırdığımızı və bununla bağlı danışıqlar getdiyini yazır.
13 Avqust 2021 15:09 Sosial"İsrailin "İsrael Hayom" qəzeti bu dost dövlətdən 2 milyard dollarlıq yeni silah-sursat almağı planlaşdırdığımızı və bununla bağlı danışıqlar getdiyini yazır. Yazılanlar doğrudursa, bunu ancaq alqışlamaq olar. Birincisi, ona görə ki, oradan aldığımız hərbi texnika həm 2016-cı ilin aprel döyüşlərində, həm də ikinci Qarabağ savaşında yüksək effektliliyilə diqqət çəkdi. Halbuki öz istehsal etdiklərinin tərifini göylərə qaldıran bəzi dövlətlərdən alınan silah-surastın müəyyən bir hissəsi onlara ehtiyac duyulmaması üzündən elə həmən ikinci Qarabağ savaşında anbarlarda yığılıb qalmışdı ki, çıxışlarından birində cənab Prezident də buna toxunmuşdu. İkincisi, ikinci Qarabağ savaşından sonra Azərbaycanın torpaq bütünlüyü məsələsində əvvəlkindən guya fərqli mövqe sərgilədiklərini bildirsələr də, əl-altdan Ermənistan Silahlı Qüvvələrinin tör-töküntüsünün Qarabağda möhkəmlənməsinə çalışanlardan, oradakı separatçı ünsürlərə tırlarla yardım daşıyanlardan fərqli olaraq İsrail təkcə sözdə deyil, əməldə də bizim yanımızda yer aldığını təsdiqləyib". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. O, qeyd edib ki, biz ən qabaqcıl silah-sursat istehsalçılarının ilk üçlüyündə olan bu dost dövlətlə təkcə hərbi-texniki deyil, hərbi-siyasi əməkdaşlığı da dərinləşdirəcək və Ticarət Təmsilçiliyinin ardından tezliklə orada səfirlik də açacağıq: "Əgər haqqında söhbət gedən anlaşma da baş tutarsa, dost İsraildən təqribən 7,5 milyard dollarlıq silah-sursat almamız, qardaş Türkiyə və Pakistanla hərbi əməkdaşlığı genişləndirməmiz, bu ilin birinci yarısında müdafiə-təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artırmamız onu göstərir ki, dövlətimiz öz torpaq bütünlüyünün tam təmini üçün əlindən nə gəlir edəcək. Və kimliyindən asılı olmayaraq buna maneçilik törətəməyə çalışanların hərəkətlərinə də seyirçi qalmaq fikrində deyil. Azərbaycan Müdafiə Nazirliyinin Rusiyanın üzərinə götürdüyü öhdəliyə tam əməl etməyən hərbi kontingenti haqda son açıqlaması, Qarabağın onların müvəqqəti nəzarətində olan hissəsindən bu gün də Şuşa, Xocalı və Füzulidəki mövqelərimizi atəşə tutanlara tırlarla yük, yardım göndərən İranın Bakıdakı səfirinə verilən nota da məhz bunun təsdiqidir".