O Baronu tapın... və tutun..

Qloballaşan dünyamızın "ağ ölüm"ü qara fəsadları ilə dünyanın hər tərəfinə doğru ildırım sürəti ilə irəliləməkdədir. Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm"dür.

Narkomaniya yunan sözü olub, "narko" donub qalmaq, "maniya" psixi pozğunluq deməkdir. Adından göründüyü kimi, bəşəriyyət uzun illərdir onun törətdiyi fəsadlar qarşısında aciz qalıb. Rəsmi statistik məlumata görə, dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal poblemlərindən birinə çevrilən, insanları sakitcə ölümün ağuşuna atan, genefonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır. Məlumdur ki, narkotik ticarətçiliyi neft və silah satışından sonra dünyada ən çox gəlir gətirən sahədir. Elə bu səbəbdən də narkomaniya və narkobiznes təkcə ayrı-ayrı insanların sağlamlığına, mənəviyyatına deyil, dünya iqtisadiyyatına da ağır zərbə vurmaqdadır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür və bundan əldə edilən kapital xalqların həyat səviyyəsinin yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə deyil, yeni müharibə və münaqişə ocaqlarının, nüvə bazalarının, ayrı-ayrı  terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin daha da güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur. Ermənistan dövləti 30 il ərzində işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ ərazisindən məhz bu məqsədlər üçün istifadə edib. Həm də narkomaniyaya və narkobiznesə qarşı mübarizə ilə əlaqədar bəşəri qanunlar qəbul etmiş superdövlətlərin gözləri qarşısında. Təəssüflər olsun ki, insanlara ölüm həlqəsi toxuyan narkomaniya xəstəliyi Azərbaycandan da yan keçməyib. Ürək ağrıdan hal odur ki, respublikamızda narkotik maddə istifadəçilərinin 60 faizdən çoxu gələcəyimiz olan gənclərdir. İnsanları, xüsusilə gəncləri sağalmaz xəstəliklərə düçar edib onların ömrünü qaraldan "ağ ölüm"dən qurtulmaq məqsədilə respublikamızda ən müxtəlif tədbirlər həyata keçirilməkdədir. Məsələn, Nazirlət Kabinetindən əldə etdiyimiz məlumata görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası gömrük-sərhəd keçid məntəqələrində tranzit yükdaşımalarına nəzarətin gücləndirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, reabilitasiya mərkəzlərinin yaradılması, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilib. Daxili İşlər Nazirliyi isə mütəmadi olaraq bu istiqamətdə reydlər keçirir, etiraf edilməlidir ki, ciddi nəticələr də əldə edilib. Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar qətiyyətlə davam etdirilir. Lakin bütün görülən tədbirlərə bazmayaraq ölkədə narkotik vasitələrlə bağlı cinayətlər günü-gündən artmaqdadır.

Statistika nə deyir?

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata görə, 2020-ci ildə ölkədə qeydə alınmış 26 004 cinayət hadisəsinin 5252-si və ya 20,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur ki, bu da 2019-cu ilin göstəricisindən 19,8 faiz  çoxdur. Onların 55,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 36,1 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 6,2 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi,  0,1 faizini isə digər cinayətlər təşkil etmişdir. Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4233 nəfər cinayət törətmiş şəxs müəyyən edilmişdir ki, onların da 29,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil etmişdir. Cinayət törətmiş şəxslərin  99,0 faizi cinayət məsuliyyətinə cəlb olunmuş, 1,0 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət törətmiş şəxslərin 70,9 faizini heç yerdə işləməyən və oxumayanlar,  2,0 faizini qadınlar təşkil etmişdir. Cinayət törədənlərin 0,1 faizi 14-17 yaşda olan uşaqlar,  7,6 faizi 18-24 yaşlı, 17,4 faizi 25-29 yaşlı gənclər, 74,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur. 2020-ci ildə 3758,4 kiloqram narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir ki, bu da ötən ilin göstəricisindən 13,3 faiz çoxdur. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2341,1 kiloqramını heroin, 904,5 kiloqramını marixuana, 277,9 kiloqramını tiryək, 65,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 1,3 kiloqramını kokain, 168,2 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.

Gözəllik salonlarının "Pati" əməliyyatı

Son günlər "patı" bəlası əsas müzakirə mövzularından birinə çevrilib. Bu məhsulun ölkə daxilində istehsal edilməsi ilə bağlı da müxtəlif fikirlər var. Məhz bu səbəbdən  rayon və kəndlərdə həmin narkotik vasitələrdən istifadədə kəskin artım olduğu barədə həyəcan təbili çalınmaqdadır. Çünki, uyuşdurucu tərkibli narlotik vasitələrin istifadəçiləri əsasən gənclər, qadınlar və məktəblilərdir. Bu halın olduqca təhlükəli olmasının məğzi ondan ibarətdir ki, uyuşdurucu maddənin ilkin istifadəsi zamanı aldadıcı təsirlərindən sonra maddədən asılı olan xəstə formalaşır. Hazırda demək olar ki, hər şəhər, kənd və ailələrdə narkotik aludəçisinə rast gəlinməkdədir. Məsələ orasındadır ki, bəzi narkotik tərkibli maddələrin dietik məqsədilə istifadəsi edilməsi qadınlar arasında narkomaniyanın yayılmasına səbəb olub. İş o həddə çatıb ki, bəzi qadınlar "Patı" və "Şuşə" dən arıqlamaq üçün istifadə edirlər ki, sonradan onun aludəçisinə çevirilirlər. Bəzi gözəllik salonları da bundan öz məqsədləri üçün gen-boluna istifadə edirlər. Belə ki, artıq gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında "patı" satılır". DİN-dən bildirilib ki,  gözəllik salonlarında bu hal müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər. Bu yola əl atan gözəllik salonları düşünmürlər ki, sözügedən vasitələrdən istifadə zamanı maddələr mübadiləsi sürətləndirir, orqanizmdə aclıq-susuzluq hissi olunmur. Lakin bir müddət sonra orqanizmin daxili imkanlarının tükənməsinə və çürüməsinə səbəb olur ki, onun da geridönüşü mümkün olmur. Nəzərə almaq lazımdır ki, "Patı", "Şüşə" sintetik maddələr olduğundan, adi laboratoriyalarda hazırlanır və böyük təhlükə törədir.

"Pati" Xankəndində hazırlanır

Mütəxəssislərin qənaətinə görə, "pati" və "şüşə" laboratoriya şəraitində çox asanlıqla əldə edildiyindən ucuz başa gəlir ki, bu da onların geniş yayılmasına şərait yaradır. Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycanda bəlaya çevirlən "patı" Xankəndidə hazırlanır. Alman kəşfiyyatının bununla bağlı dəqiq informasiya əldə etdiyi bildirilir. Ermənilər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduqlarını həzm edə bilmirlər. Bu səbəbdən də gəncləri zəhərləməklə qisas almaq planını işə salıblar. Mənbənin bildirdiyinə görə, Xankəndidə "Patı" istehasl edib Azərbaycanın digər ərazilərinə ötürürlər. Bunu isə İran vasitəsilə həyata keçirirlər. Mənbə bildirib ki, əvvəllər "patı" istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə, bu işi Xankəndidə davam etdirirlər. Qeyd olunur ki, Xankəndiyə xarici ölkələrdən tez-tez maşınlar gəlir, bəzi hallarda nömrələr dəyişdirilir.

Narkobaronlar niyə ifşa olunmur?

Yeri gəlmişkən qeyd edək ki, narkotik vasitələrin sosial şəbəkələr vasitəsilə satışı və təbliği də geniş yayılıb. Bu yaxınlarda Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında "TikTok" platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı tədbirlər həyata keçirilib. Həmçinin narkotok vasitələrin mütəşəkkil cinayətkar dəstələr şəklində qrup halında yayılması halları artıb. Belə ki, həmin qruplar tərəfindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilən külli miqdarda narkotik vasitənin realizə edilməsi təmin edilir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyata keçirdikləri əməliyyat zamanı isə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb. Bərdədə əməliyyat zamanı rayonun Böyük Bəhmənli kənd sakini Xalid Məmmədov saxlanılıb. Onun əlindəki bağlamadan və yaşadığı kənddə gizlətdiyi yerdən ümumi çəkisi 5 kiloqramdan artıq  heroin, marixuana və 1 kiloqrama yaxın metamfetamin aşkar edilib. Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Goranboy rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı ümumi çəkisi 10 kiloqram 450 qram olan marixuana aşkar edilib. Sonuncu əməliyyatlar zamanı ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 14 nəfər məsuliyyətə cəlb edilib və qanunsuz dövriyyədən 27 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb. Məsələ orasındadır ki, bu qədər tədbirlərin həyata keçirilməsinə baxmayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq mümkün olmayıb. Çünki hələlik ələ kecənlər narkotik vasitədən istifadə edənlər və az miqdarda onun satışı ilə məşğul olan şəxslərdir. Cəmiyyət üçün təhlükə mənbəyi olan narkotik vasitələrin qaçaqmal yolu ilə ölkəyə gətirən və onun realiziyasını təşkil edən narkobaronlar hələlik ifşa edilməyiblər. Düzdür, ayri-ayrı epizodlar üzrə müxtəlif ləqəbli narkotik alverçiləri saxlanılıb, lakin onun açıq şəkildə satışını təşkil edən narkobaronlar hələ cəmiyyəti zəhərləməkdə davam edirlər. Əgər narkotik vasitələr gözəllik salonlarında, fitnes mərkəzlərində, idman sağlamlıq ocaqlarında satılırsa, deməli onun arxasında hansısa güclü narkobaron dayanır. Bəs onların ifşa edilərək zərəsizləşdirilməsi niyə təmin edilmir? Nəzərə almaq lazımdır ki, narkobaronlar yeni bazar axtarışındadırlar. Məlumata görə, narkotacirlər məktəbli qızlara rulsuz olaraq "pati" verərək özlərindən asılı vəziyyətə salırlar. Bu isə insan alverinin ilk mərhələsi hesab oluna bilər. Daxili İşlər Nazirliyi deyir ki, narkotik vasitələrlə bağlı heç kimə güzəşt yoxdur. Heç kim deyə bilməz ki, polis əməkdaşı hansısa narkotik vasitədə şübhəli bilinən şəxsi tutub və sonra buraxıb: "Yəni bu şəxslər işin mahiyyətindən xəbərsizdirlər. Daxili işlər orqanları rəsmi məlumatlar yayır və video görüntülər paylaşır. Orada xüsusi qeydlər edilmir ki, bu şəxs narkobarondur və narkotikin dövriyyəsi ilə hansı səviyyədə məşğul olur. Çünki bu şəxslərin istintaqla əlaqələri öyrənilir. Ancaq saxlanılanlar arasında xeyli belə şəxslər var".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31