Onların haqqı ödənməz...
5 Avqust 2021 10:06 SosialAzərbaycan xalqı hər zaman öz mərdliyi, qəhrəmanlığı ilə seçilir. Azərbaycan bütün zamanlarda qəhrəmanlar yetişdirir. Azərbaycan mərdlər, ərənlər məkanıdır. Tarix boyu xalqımıza qarşı törədilən müharibələrlə mübarizə aparmış və bu gün bu mübarizədə haqlı olaraq zəfər əldə etmişik.
Bu gün Azərbaycanın ərazi bütövlüyünü qoruyan, Azərbaycan xalqının təhlükəsizliyinin təmin edilməsi uğrunda canından keçən Şəhidlərimizə Allahdan rəhmət diləyirik. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı düşmənlərimiz üzərində qələbə çaldı. Bu qələbə Azərbaycan respublikasının Müzəffər ordusunun Ali baş komandanı İlham Əliyev və onun güclü ordusu sayəsində baş tutdu. Çox çətinliklə olsa da bu gün biz qələbəni əldə etdik. Azərbaycan xalqının təhlükəsizliyi uğrunda neçə-neçə gənc oğullarımız canlarından keçərək şəhid oldular və həmçinin döyüşlərdə şücaət göstərərək qazi adına layiq görüldülər. Onların haqqı ödənməzdir. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, bütün şəhid ailələri, qazi və həmçinin xidmət göstərən hərbiçilərimizə istər maddi, istərsə də mənəvi dəstək olsun.Bu gün Azərbaycan prezidenti onların yaşayışlarının təmin olunması üçün əlindən gələni əsirgəmir.
Sənət adamları da şəhid ailələri və qazilərimiz üçün 44 günlük Vətən müharibəsindən sonra lazım olan hər hansı bir xidməti gğöstərməyə hazır olduqlarını, sosial şəbəkələrdə və ayrı-ayrı media orqanlarına verdikləri müsahibələrdə bəyan ediblər. Məsələn; bu yaxınlarda sevimli sənətkarımız Flora Kərimova qazilərimizin toy məclislərində sənət adamlarının pulsuz iştrakı ilə bağlı çağırış etdi. Bu çağırışa bir sıra tanınmışların fikirini öyrəndik.
Azərbaycanin tanınmış aktyorlarından biri İlham Namiq Kamal bildirib ki, "ümumiyyətlə nəinki qazilərimizin, həmçinin qazilərimiz daxil olmaqla, hərbiçilərimizin, əsgərlərimizin ən əsas da vətən uğrunda canlarından keçmiş hər bir şəhid ailəsinin toy və şad günlərində təmənnasız iştirak etmək və onlara dəstək olmaq hər bir müğənninin borcudur. Bu mənim şəxsi fikirimdir. Çünki, niyə görə bizim üçün, Azərbaycan xalqının təhlükəsizıiyini təmin etmək üçün öz canlarından olan və özlərini fəda edən igidlərimizin şad günlərində oxumaq müqabilində onlardan pul tələb edək?. Məncə bu sadəcə insafsızlıqdır. Hətta sizə bir nüansı xatırladım. Vətən müharibəsi dönəmində könüllü şəkildə ön cəbhəyə getmək üçün əlindən gələni əsirgəməyən igidlərimizi gördükdə inanın Allaha, o qədər qürurlandım ki. Bir daha fəxr etdim öz xalqımla və mən fəxr edirəm ki, Azərbaycanlıyam."
Azərbaycanın əməkdar artisti, tanınmış xanəndə Gülyaz Məmmədova: "Əlbəttə!. Günahdır pul almaq. Flora xanım Azərbaycanın görkəmli sənətkarlarından biridir. Çox gözəl vurğulayıb. Mən təmənna güdmədən iştirak etmişəm. Hər zaman da iştirak edəcəm!"
Daha sonra isə Azərbaycanın gənc müğənnisi Elvin Mirzəzadə Flora xanımın bu fikrinə qatılıb: " Mənə elə gəlir ki, heç soruşmağa dəyməz. Çünki, ərazi bütövlüyümüz uğrunda, əmin-amanlığımız uğrunda sağlamlığından keçən hərbiçilərimiz üçün biz əlimizdən gələni etməliyik.Təbii ki imkan dairəsində. Ola bilər ki,Bakıda işimiz olsun, hər hansı bir rayona dəvət etsinlər və yaxud hər hansı bir işlə üst-üstə düşər. Amma belə əksər hallarda çox təqdirəlayiq davranışdır və mənə elə gəlir ki, necə müharibə vaxtı hamı bir oldu, burda da hər kəs əlindən gələni etməlidir. Bizim də əlimizdən oxumaq gəlirsə, bunu etməliyik!"
Bəstəkar Sevinc Tofiqqızı: "İlk öncə bunu qeyd edim ki, Flora xanım çox gözəl insandır. Onun qızıl kimi qəlbi var. Çox vətənpərvər, vətəninə bağlı bir xanımdır. Hətta torpaqlarımız hələ işğaldan azad olmamışdan öncə, bir nəfər ondan qazi toyunda iştirak etməsini istəmişdi. O məclisdə mən də var idim. Həqiqətən də, sevinərək iştirak etmiş və əlindən gələni əsirgəməmişdir. Flora xanıma və onun fikirlərinə hörmətlə yanaşıram, çox doğru vurğulayıb. Əlbəttə bu gün hər birimiz, nəinki sənət adamları, hər bir Azərbaycan vətəndaşının borcudur ki, bizim sağlamlığımız, təhlükəsizliyimiz uğrunda canlarından olan şəhid ailələrinə, qazilərimizə, hərbiçilərimizə dəstək olsun. Qeyd edim ki, müharibə dönəmində həmişə deyirdim ki, lazım gələrsə mən özüm də böyük qürur hissi ilə döyüşməyə hazıram. Lakin hərbiçi və qazi qardaşlarımız deyirdi ki, siz qadınlara gül yaraşır. İnşAllah torpaqlarımızı işğaldan azad etdikdən sonra gözəl səfalı yerlərimizə gedib, oradakı gülləri dərib, başınıza çələng edərsiz. Mən bu gün fəxr edirəm ki, Azərbaycanımızın belə qeyrətlin oğulları var."
Bu gün şəhid ailələrinə,qazilərimizə və onların ailələrinə hörmət göstərmək, onları duymaq, yaşadıqlarını yaşamaq ,onların ehtiyaclarını qarşılamaq və onlara daim maddi-mənəvi dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur!. Birlik olduqca xalqımız daim var olacaq!
Mehriban Xəlilli