Ermənistan parlamentində insan hüquqları və demokratiya ilə bağlı dinləmələr keçirilib – ÖZƏL
12:50 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisinin İnsan Hüquqları və İctimai Məsələlər üzrə Daimi Komissiyasının sədri, müxalif "Ermənistan" blokunun deputatı Lilit Qalstyan noyabrın 16-da parlamentdə keçirilən dinləmələrdə ölkədəki mövcud hakimiyyəti tənqid edib.
"Ermənistan Respublikasında demokratik prinsiplərdən geri çəkilmə, siyasi təqiblərə məruz qalan şəxslərin hüquqlarının müdafiəsi və hüquqi təminatları" mövzusunda çıxış edən deputat əvvəlcə hazırkı hakimiyyətin repressiya mexanizminin qurbanı olduğunu bildirdiyi Arsen Gevorkyanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib və bu təklif iştirakçılar tərəfindən dəstəklənib.
Lilit Qalstyanın sözlərinə görə, Ermənistanda insan hüquqları kağız üzərində həm daxili qanunvericilik, həm də beynəlxalq konvensiyalarla qorunsa da, reallıqda hakimiyyət bir şəxsin və bir siyasi qüvvənin əlində cəmləşib və ölkə de-fakto avtoritar rejimlə üz-üzədir. O, hakimiyyət qolları arasında tarazlığın və qarşılıqlı nəzarət sərhədlərinin silindiyini, eləcə də bütün "qırmızı xətlərin" keçildiyini iddia edib.