Erməni deputatdan ordudan azadetmə layihəsinə sərt etiraz: “Silahlı qüvvələri fəhlə-kəndli ordusuna çevirirlər” – ÖZƏL
13:12 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan parlamentinin Müdafiə məsələləri komissiyasının iclasında müxalif "Ermənistan" fraksiyasının deputatı Geqam Manukyan hakimiyyətin müxtəlif sosial qruplara mütəmadi olaraq hərbi xidmətdən möhlət və ya azadolma hüququ verməsini tənqid edib.
İclasda Elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan dünyanın ən yaxşı 50 ali təhsil müəssisəsində təhsil almış və Ermənistan üçün əsas sahələrdə işə düzəlmiş şəxslərin ordudan möhlət və ya azadolma yaş həddinin artırılmasını nəzərdə tutan qanun layihəsini təqdim edib.
Geqam Manukyanın sözlərinə görə, əvvəlki hakimiyyət dövründə orduda yalnız yoxsul ailələrin övladlarının xidmət etdiyini iddia edən indiki rəhbərlik yeni kateqoriyalara imtiyazlar verməklə bu vəziyyəti daha da dərinləşdirir və silahlı qüvvələri faktiki olaraq "fəhlə-kəndli ordusuna" çevirir.
Deputat istehza ilə qeyd edib ki, bu gedişlə yaxın gələcəkdə iqtisadiyyat naziri də qastroturizmin inkişafı naminə "Mişlen" ulduzu almış aşpazların hərbi xidmətdən azad edilməsini təklif edə bilər.
Nazirliyin layihə ilə bağlı əsaslandırmasında isə bildirilir ki, xarici universitetlərdə təhsil alan Ermənistan vətəndaşları tədris proqramlarının müddətinə görə bəzən hazırkı 27 yaş çağırış həddinə çatana qədər təhsillərini başa vura bilmirlər. Qurum hesab edir ki, bu problem xüsusilə təhsillərini adətən 27-28 yaşında bitirən aspirantlar üçün aktualdır və onların müvafiq möhlət hüququndan yararlana bilmələri üçün çağırış yaşının daha üç il uzadılması zəruridir.