Bu dondurmalar sizi zəhərləyə bilər - Nələrə diqqət etməli?

Havaların istiləşməsi ilə dondurmaya olan tələbat da artır. Ənənəvi olaraq, hər il hər bir müştəridə hansı dondurma daha yaxşıdır, hansı dondurma daha kefiyyətlidir kimi suallar yaranır.

Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov  açıqlamasında bildirib ki, ümumiyyətlə istehsal olunan məhsullar, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərinin tələblərinə uyğun olmalıdır:

"Belə olmayanda dondurmalarda bağırsaq çöpləri qrupundan olan bakteriyalar ( koliformalar) aşkarlana bilər ki, bu da qida zəhərlənmələri ilə nəticələnir. Bəzən marketlərdə rəflənmə şəkli düzgün olmur. Yəni insanlar dondurma alarkən üstdəkiləri götürür, üzərinə yenisi əlavə olunur və altda qalan dondurmaların istifadə müddəti bitmiş olur. Kimsə ən aşağıda yerləşən məhsulu götürüb istifadə edəndə isə zəhərlənir. 

Bundan başqa, marketlər elektrik olmadığı zaman da diqqətli olmalıdırlar. Bu baxımdan marketlər generator sistemi ilə təchiz olunmalı və işıq olmayanda soyuducular işlək vəziyyətdə saxlanılmalıdır. Belə olmayan zaman məhsullar əriyib yenidən donur, bu da bağırsaq çöplərinin yaranmasına, qida zəhərlənməsinə səbəb ola bilər".

A.Salamovun sözlərinə görə, qidanı istehsal edən müəssisələr də sanitar-gigiyena qaydalarına riayət etməlidirlər:

"Çünki onlar riskli qidalarla işləyirlər. O cümlədən işçi heyətinin sağlamlıqları hər 6 aydan bir yoxlanılmalı, həkim müayinəsindən keçməli, dondurma hazırlanan sexlərdə bütün avadanlıqlar dezifeksiya edilməlidir. Çox zaman dondurmalar soyuducusu olmayan maşınlara yerləşdirilib daşınır. Bu da yanlışdır. Bu məhsul dondurucusu olan maşınlarda daşınmalıdır ki, qida zəncirində qırılma olmasın. O cümlədən həmin məhsullar təcili şəkildə marketlərə çatdırılıb rəflənməli - dərin dondurucuya qoyulmalıdır". 

Müsahibimiz qeyd edib ki, insanlar deformasiyaya uğrayan dondurmaları almamağa diqqət etməlidirlər:

"Dondurmanın etiketinə baxsınlar, uyğunluq sertifikatını tələb etsinlər. Bilirsiniz, bəzi dondurmaların forması əyri, əzilmiş olur, görünüşünü itirir. Bu baxımdan istehsal müddətinə mütləq baxılmalıdır. Ən yaxşısı isə evdə hazırlanan dondurmalardır. İnternetdə bununla bağlı kifayət qədər resurs tapmaq mümkündür. Təki insanlar ev şəraitində sanitar-gigiyena qaydalarına riayət edərək uşaqlar, həmçinin özləri üçün dondurma hazırlasınlar". sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31