Göstəriş məqsədli "vakansiyalar"

Tənbəl deyir ki, ver yeyim, ört yatım, gözlə canım çıxmasın. Çalışqan insan da i"şləməyən dişləməz" deyib başlayır özünə iş axtarmağa,  çalışmağa. Hazırda iş axtarmaqda çətinlik çəkən insanlar  var. İş tapmaq üçün gərək ki, vakansiya olan yerin qapısını döyəsən.  Bu vakansiayaları biz adətən internet üzərindən axtarırıq. Sadəcə "google"da iş elanları yazmaqla minlərlə siyahı önümüzə çıxır. Bəs bu iş elanlarında yazılanlar həqiqətən doğrudurmu ? Və ya bu elanları  kim  paylaşır? Bu suallara cavab tapmağa çalışdıq.

"Rus dili və ingilis dilini bilməsi şərtdir" və ya üstünlükdür, "yaş  həddi 18-30", "yalnız xanımlar müraciət etsin" və s . kimi cümlələr çoxumuza tanışdır.  İş elanlarında ən çox rast gəlinən bu ifadələr reallıqlara nə dərəcədə uyğundur? Mağazada satıcı işləyən birinə nəyə görə rus dilini bilmək məcburi olsun?

"Əksər yerlərdə vakansiyalar göstəriş üçün verilir"

Məsələ ilə bağlı sorğu apardıq. Bu elanlanlara müraciət edənlər müraciətə baxılmamasından şikayətlənirsə, bəziləri də müsahibədə "hə" cavabını aldıqdan sonra geri dönüş  edilməməsindən şikayətləndi.

"İş elanları yerləşdirilən saytlardakı vakansiyalara müraciət etdikdən sonra cavab alırsınızmı?" başlıqda apardığımız sorğuya əsasən, iştirakçıların 25%-   i  hə, 75%- i  isə  yox cavabını  verdi.

Sorğuda fikirlərini də qeyd edənlər var:

  • Saytlardakı müraciətlərə baxılmır.
  • Həmin saytlarda bəzən həqiqətə uymayan və ya məzmununu fərqli əks etdirən məlumatlar paylaşılır.
  • Hazırda ən aktual problemlərdən biridir. Çox təəssüf ki, indiyə kimi müraciət etdiyim heç bir vakansiyadan mənə cavab gəlməyib. Ümid edirəm ki, işsizlik baş alıb getməz!

Facebookda apardığımız sorğuya əsasən,  deyə bilərik ki, iş  üçün müraciət edənlərin çoxu eyni problemdən şikayətlənir:

Arzu Çinarlı-Cavab gəlmir

Əbülfət Baxşəli- Xeyr,  qoyulan şərtlər iş zamanı daha da çoxalır. Hətta kişilərin iş tapması daha çətindir. Qadınlara ofis işləri, kişilərə fiziki və az maaşlı işlər.

Daşqın Aziz - 4 il qabaq etmişdim. Çağırdılar, getdim. İçəridə 20 nəfər vardı. Hərəsi başqa-başqa sahələrin adamı idi. Bir-iki nəfər media nümayəndəsi olardı. Nə isə, müdir qayıtdı ki, harada işləmisən? Yerləri dedim, dedi ki, siz uyğun gəlirsiz. Mütləq xəbər edəcəyik, o, bu. Yalan oldu, 99 faizi də belədir. Vakansiyalar göstəriş üçün verilir əksər yerlərdə. Həqiqi işçiyə ehtiyacı olan qurum belə ucuz elana getmir.

Ülkər Abdurahmanlı -Təəssüf ki, vakansiya elanlarında göstərilən tələblər sona qədər eyni qalmır. İşə götürən obyektin rəhbərliyi elandaki tələblərdən çoxunu tələb edir. Məsələn vakansiyada göstərilir dil biliyi, komputer biliyi, iş təcrübəsi. Möhtəşəm düşünürsən bunların hamısı mövcuddur. Lakin sonradan vizuallığa da önəm verdikləri diqqətdən qaçmır. Belə bir məsəl var: görünüşünə görə qarşılayıb insanlığına görə yola salırlar. İş üçün də belə desek yeridi. Görünüşünü bəyənmirlərsə yola salırlar

Fərid Kazımov- Bəzi yerlərdə cv-lərə  cavab verilmir, cavab verilən cv ilə bağlı hər hansı bir müəssisəyə  yaxınlaşsaq da,  elanda verilən tələblər daha da artır.

İş elanları yerləşdirilən "Edumap" saytı ilə əlaqə saxladıq:

Saytınızdakı iş elanları əsasən hansı peşələr üzrədir?

  • Saytımızda Bank sektoruna aid vakansiyalar, kurslarda müəllim vakansiyaları, ölkəmizdə olan böyük və kiçik müəssələrə aid vakansiyalar təşkil edir. Son zamanlar, getdikcə populyarlaşan Dijital Marketinq sahəsinə aid vakansiyalar, təcrübə proqramları da artmaqdadır.
  •  Bu elanlar üçün müraciət edənlər kimlərdir?

Saytımızın statistik göstəricilərinə görə deyə bilərik ki, əsas müraciət edənlər 18-34 yaş arası vətəndaşlardır. Edumap.az Təhsil Portalı sadəcə vakansiya saytı olmadığı üçün, bu statistika normaldır. Çünki, saytımızda vakansiyalar ilə bərabər, təcrübə və könüllü proqramları, təhsil təqaüdləri, seminarlar, təlimlər, konfranslar və s. paylaşılır. Buna görə, əsas izləyicilərimiz gənclərdir.

  • Vakansiyaya müraciət edənlərin çoxu cavab almamaqdan şikayətlənir? Bununla bağlı nə deyə bilərsiniz?

Bu şikayətlərin əslində səbəbləri çoxdur. İşə müraciət edən işəgötürənləri günahlandırır, işəgötürənlər də işəmüraciət edənləri. Hər bir tərəfində özlərinə məxsus haqqlı tərəfləri var.

İş üçün müraciət edənlər, əsasən CV-lərinin formasına, hazırlanmasına diqqət etməlidirlər, müasir tələblərə uyğun tərtib olunmalıdır. "Email"ə CV göndərmək, CV hazırlanması, müsahibə zamanı davranışlar ilə bağlı faydalı məqalələr, blog yazılarımız  ilə tanış ola bilərlər. Saytımızda axtarış yerinə "İş axtaranlar üçün ümumi tövsiyələr" və "CV göndərmə mədəniyyəti" yazıb, axtarış etsələr, həmin məqalələr ilə tanış ola bilərlər. Bundan başqa, imkan daxilində, təcrübə proqramlarında, təlimlərdə, seminarlarda və s. iştirak etməklə özlərini inkişaf etdirsinlər. Sadəcə universitet bitirməklə, iş tapmaq çox çətindir. Rəqabət yüksəkdir.

Məsələ ilə bağlı LEGAZ Hüquq və mühasibatlıq şirkətinin direktoru, hüquqşünas Sevinc Rəhimova ilə əlaqə saxladıq.

Sevinc xanım, sosial şəbəkələrdə yayılan saxta iş elanlarından zərər çəkənlər var. Bu anda zərərçəkən  nə etməlidir:

İlk öncə elanı oxuyan, ona maraq göstərən şəxs öz ilkin araşdırmalarını aparmalı və elanın həqiqiliyini müəyyən etməlidir. Bunun üçün elanı verən fərdi sahibkarın və ya şirkətin məlumatlarına baxmalı, həqiqətən də belə bir şirkət varmı, neçə müddətdir fəaliyyət göstərir, fəaliyyət istiqaməti nədir, elanda göstərilən vəzifə o şirkətə uyğundurmu və digər ilkin araşdırmalar aparılmalıdır. Bundan başqa şəxs özü də müəyyən etməlidir ki, iş elanları özü də mötəbər mənbədə yerləşdirilibmi? Yəni dayanacaqda yerləşdirilən sadə kağızda olan yazılı elan ilk baxışdan nə dərəcə ciddi ola bilər?

İş elanları ilk əvvəl şirkətin öz saytında, əgər özünün veb saytı yoxdursa, iş elanları saytında və ya işədüzəltmə agentliklərində, HR xidmətləri təklif edən şirkətlərdə yerləşdirilir. Hətta sadaladığım resurslardan fərqli olaraq, sahibkarın sosial şəbəkə hesablarında paylaşılan elanlar da qəbul ediləndir. Hər bir halda elana maraq göstərən şəxs xoşagəlməz halların qarşısını almaq üçün ilk əvvəl özü tədbir görməlidir.

Əgər şəxs fırıldaqçılardan, saxta iş elanlarından əziyyət çəkmişdirsə, artıq bu məsələnin həlli hüquq-mühafizə orqanlarının üzərinə düşür. Zərərçəkən ilk əvvəl Dövlət Əmək Müfəttişliyinə şikayət edə bilər. Daha sonra dələduzların, fırıldaqçıların ifşa edilməsi və Müvafiq məsuliyyətə cəlb edilməsi üçün polisə, daha sonra isə məhkəməyə müraciət edə bilər. İş elanını yayımlayan şəxs həqiqətən vergi ödəyicidirsə, bu zaman Müvafiq olaraq Dövlət Əmək Müfəttişliyi tərəfindən, yox əgər rəsmi dövlət qeydiyyatından keçən sahibkar deyildirsə, o zaman Polis tərəfindən Müvafiq məsuliyyətə cəlb ediləcəkdir. Bütün bu tədbirlərin görülməsi və məsuliyyətə cəlb edilməsi üçün mütləq qaydada zərərçəkənin şikayəti və sübutları olmalıdır.

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-3 və 13-4-cü maddələrində yuxarıda qeyd etdiyim məsələlər öz əksini tapmışdır. Belə ki, müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir. Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır. Yuxarıda nəzərdə tutulmuş qərarı qəbul etdikdə, eyni zamanda, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında, müvafiq icra hakimiyyəti orqanı isə internet informasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı"na daxil edir. Siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi və host və internet provayderlərlə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnternet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı"na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidirlər. İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında yayılmasının qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını şəxsin müraciəti əsasında "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı"na daxil edir. Bu müddəalarının pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Elə elanlar da vardır ki, xanım namizədlərə bəzi tələblər qoyur. Bu barədə nə deyə bilərsiniz?

Elanlarda xanım namizədlərə qoyulan tələblər fərdi sahibkarın, şirkətin öz tələbləridir və bu tələbləri müəyyən etməkdə sərbəstdir. Lakin bu tələblər də ağlabatan və qanundan kənar olmamalıdır. Şirkət var ki, mütləq qaydada xanım işçilərindən gündəlik baxımlı olmağı, yəni işə hər gün makyajlı, səliqəli saç düzümü və müəyyən forma geyimdə gəlməyi tələb edir ki, bu da normaldır. Çünki şirkətin işçiləri şirkətin imicini formalaşdıran amillərdəndir. Mütləq xanımlar baxımlı, nəzakətli və işində məsuliyyətli olmalıdır. Yox əgər elanda etik olmayan, milli mentalitetimizə, qanunlarımıza uyğun olmayan tələblər varsa, təbii ki şəxs bu elanı seçmək və oraya getmək məcburiyyətində deyildir. Gedirsə, deməli bu onun şəxsi iradəsilə atılan addımdır. 

Biz burada iş elanlarından bəhs edirik. Elan elədir ki, onu seçməyə bilirsən. Amma biri də var ki, əmək müqaviləsi ilə işləyirsən və iş şəraitində cinsi zorakılığa, seksual qısnamaya məruz qalırsan. Bunlar da Əmək Məcəlləsi, İnzibati Xətalar və Cinayət Məcəllələri, digər normativ hüquqi aktlarla tənzimlənir. Ona görə də işçi bilməlidir ki, əmək şəraitində hər hansı qanunsuzluqlara məruz qalırsa müvafiq olaraq Əmək Müfəttişliyinin 142 qaynar xəttinə zəng edərək şikayət edə bilər.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31