Ədliyyə qurumlarının fəaliyyəti təkmilləşdirilir
16 Aprel 2021 13:28 SosialƏdliyyə Nazirliyin aidiyyəti struktur və yerli qurumları ilə əlaqəli işin səmərəliliyinin artırılması ilə bağlı görülən işlərə və qarşıda duran vəzifələrə dair əməliyyat müşavirəsi keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, videokonfrans formatında keçirilən tədbirdə nazirliyin Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov və bütün regional ədliyyə qurumlarının, o cümlədən yeni təyinat almış rəhbərləri iştirak ediblər. Müşavirədə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı çərçivəsində regional idarələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlərdən danışıb, aparılan islahatlar nəticəsində həmin orqanların statusunun yüksəldiyini, səlahiyyətlərinin genişləndiyini, təcrübəli kadrlarla möhkəmləndiyini, qabaqcıl İKT-lə təchiz olunmaqla infrastrukturunun müasirləşdirildiyini qeyd edib. Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində 30 illik erməni işğalına son qoyularaq azad edilmiş doğma torpaqlarımızda ədliyyə fəaliyyətinin təşkili və yerli qurumların işinin əlaqələndirilməsi məqsədilə Qarabağ regional ədliyyə idarəsinin yaradıldığını vurğulayıb.
Tədbirdə regional ədliyyə idarələrinin fəaliyyət istiqamətlərinə uyğun gördüyü işlərdən bəhs olunub, mövcud problemlər və qarşıda duran vəzifələr, o cümlədən yerli qurumlarla əlaqəli işin səmərəli təşkili, onların fəaliyyətinə effektiv nəzarətin həyata keçirilməsi və əhaliyə göstərilən hüquqi xidmətlərin səviyyəsinin yüksəldilməsi işində fəal iştirak edilməsi, bələdiyyələrin maarifləndirilməsi üzrə tədbirlərin genişləndirilməsi ilə bağlı və digər konkret tapşırıqlar diqqətə çatdırılıb. Eyni zamanda müəyyən edilmiş vəzifələrin icrası, dövlət başçısının tapşırıqlarına uyğun olaraq vətəndaş məmnunluğunun yüksəldilməsi və onların, xüsusilə şəhid ailələrinin və hərbçilərin müraciətlərinə xüsusi qayğı ilə yanaşılması, əmək və icra intizamına, etik davranış qaydalarına dönmədən əməl edilməsi, şəffaflığın artırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, korrupsiya və digər sui-istifadə hallarının yolverilməzliyi vurğulanıb.
Həmçinin nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov və rəhbər işçiləri ilə müşavirə keçirilərək bələdiyyələrə göstərilən metodiki köməyin və inzibati nəzarətin gücləndirilməsinə, habelə qanunçuluğun təmin olunmasına, bələdiyyələrlə iş sahəsində korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınmasına dair qarşıda duran vəzifələr müzakirə olunub. Ədliyyə Nazirliyi tərəfindən yaradılmış bələdiyyələrlə iş portalının əhəmiyyəti vurğulanaraq onun müasir İKT-lər tətbiq olunmaqla funksionallığının və əhatəliyinin artırılmasının, bələdiyyələrin internet informasiya resurslarından istifadəsinin genişləndirilməsinin zəruriliyi qeyd olunub. Bununla yanaşı, regional ədliyyə idarələri ilə əlaqəli işin təkmilləşdirilməsinin, bələdiyyələrin fəaliyyətində şəffaflığın, hesabatlılığın və aşkarlığın təmin edilməsinin, o cümlədən dövlət büdcəsindən ayrılan maliyyə və yerli büdcə vəsaitlərindən qanunauyğun və səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb, konkret tapşırıqlar verilib.