Bu gün tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilir

Bu gün Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

Mərkəzdən Olaylar.az saytına verilən məlumata görə, imtahanda 18367  şagirdin iştirakı nəzərdə tutulub. 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 79 imtahan binası, 1367 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 79 ümumi imtahan rəhbəri, 227 imtahan rəhbəri, 1727 nəzarətçi-müəllim, 158 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 36 bina nümayəndəsi ayrılıb.

İmtahan saat 11:00-da başlanır. 

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-      İmtahana buraxılış vərəqəsi;

-     Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-      Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-      Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi şagirdin (abituriyentin) özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31