6500 nəfərdən artıq şəxsə elektron nəzarət vasitələri tətbiq olunub

Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən 2018-ci ilin may ayından ölkəmizdə azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası zamanı elektron nəzarət vasitələrin tətbiqinə başlanıb. "Olaylar" xəbər verir ki, bunu Ədliyyə Nazirliyi probasiya xidmətinin elektron monitorinq idarəsinin rəisi Nəvai Əlizadə deyib. N.Əlizadə qeyd edib ki, ilkin olaraq elektron nəzarət vasitələri azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, habelə məhkəmənin qərarına əsasən şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə tətbiq edilib. Ötən dövrdə ümumilikdə 6500 nəfərdən artıq şəxsə elektron nəzarət vasitələri tətbiq olunub. Onlardan böyük əksəriyyətini azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər təşkil edir. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumların 24 saat ərzində fasiləsiz izlənilməsini təmin etmək məqsədilə Probasiya Xidmətində Monitorinq Mərkəzi fəaliyyət göstərir. Diqqətə çatdırıb ki, elektron nəzarət vasitələri məhkumun məsafədən izlənməsini həyata keçirməklə, fasiləsiz olaraq məhkəmə tərəfindən məhkumun üzərinə qoyulmuş vəzifələrin yerin yetirilməsinə effektiv nəzarəti təmin edir, məhkumların islah olunması və yeni cinayət törətmələrinin qarşısının alınmasına əlverişli zəmin yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31