“Bu barədə son qərarı araşdırmadan sonra vermək olar”
13 Aprel 2021 16:15 SosialÇinin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Gao Funun mətbuata verdiyi məlumata görə, koronavirusla mübarizə gedişində bu ölkənin istehsalı olan "Sinovac" peyvəndinin qorunma təsiri cüzidir, cəmi 50,4 faiz. Halbuki ABŞ, Avropa istehsalçıları öz vaksinlərinin qorunma təsirinin 94-95 faiz olduğunu bəyan edirlər.
Çin vaksinindən istifadə edən ölkələr sırasında Braziliya və Türkiyə üstünlük təşkil edir ki, bu ölkələrdə də son zamanlar virusa yoluxma halları artır.
Azərbaycan da əsasən məhz sözügedən vaksindən yararlanır.
Məsələ ilə bağlı danışan tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, yaranmış situasiyada məsələ araşdırılmalı və bunun üçün də "Sinovac" peyvəndindən yararlanan şəxslər yoxlanılmalıdır:
"Əslində kütləvi peyvəndlənmə bir təcrübədir. Bu zaman müəyyən çatışmamazlıqlar, çalışmalar olacaq və ona müvafiq nəticələrə də gəlinəcək. Çin rəsmiləri tərəfindən "Sinovac" vaksininin yalnız 50 faiz qorunma təsirinin olması barədə açıqlamalar varsa, hər halda bu araşdırılmalıdır. Yəqin ki, həmin vaksindən istifadə edən ölkələrdə, o cümlədən Azərbaycanda bu istiqamətdə çalışmalar olacaq. Bunun üçün də vaksinasiya olunmuş şəxslər yoxlanılmalıdır".
A. Qeybullanın fikrincə, yoxlamanın nəticəsinə əsasən də "Sinovac" peyvəndindən gələcəkdə istifadə edib-etməmək barədə konkret qərar verilməlidir: "Bu barədə son qərarı məhz dediyim yoxlama və araşdırmadan sonra vermək olar. Hər halda, Çin istehsallı peyvənddə 50 faizlik qorunma effektinin olması çox cüzi rəqəmdir. Proseslə bağlı araşdırma aparılmalıdır". sfera