Bu gün və sabah Ramazan ayının başlanmasını qeyd edən müsəlman ölkələri - Siyahı
13 Aprel 2021 11:41 SosialMüsəlman dünyası müqəddəs Ramazan ayı ərəfəsindədir. Möminlərin on bir aydır səbirsizliklə gözlədikləri məqam gəlib çatır.
Hicri qəməri təqviminin doqquzuncu ayında - Ramazan ayında oruc tutmaq hər bir müsəlman üçün fərzdir. Ağıllı, həddi-büluğa çatmış, oruc tutmaq üçün üzrlü səbəbi olmayan hər bir mömin oruc tutmalıdır. Müsəlmanlar mübarək ay boyunca günün işıqlı vaxtında oruc tutub yemək-içməkdən uzaq qalacaqlar.
Dünyanın müsəlman ölkələrində Ramazan ayının başlama tarixi müxtəlifdir.
Olaylar.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya əsasən bu il Ramazan ayı miladi təqvimi ilə Azərbaycanda aprelin 14-də başlayır.
Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmrlikləri, Livan, İraq (əhli-sünnə), Yəmən, Bəhreyn, Misir, Suriya,Tunis, İndoneziya, Malaviya, İordaniya və Əlcəzairdə Ramazan ayı aprelin 13-dən başlayır.
İran, Pakistan, Hindistan, Banqladeş, Əfqanistan, İraq (əhli şiə) Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edib.
Qeyd edək ki, İslam ölkələri ayparanın dünyanın hər hansı bir yerində deyil, öz ölkələrində görünməsini əsas götürür və bu səbəbdən Ramazan ayı və bayram günlərində fərqlilik yaşanır.
Xatırladaq ki, bu ildə dünyanın bir çox ölkəsində müqəddəs Ramazan ayı yenidən koronavirus pandemiyası səbəbindən məhdudiyyətlər altında keçəcək.
Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı "İsraf və dəbdəbədən uzaq, sadə iftar süfrəsi" adlanır.