AVRO-2020-nin biletlərinin satışa çıxarılacağı tarix açıqlandı
9 Aprel 2021 15:21 SosialFutbol üzrə Avropa çempionatının Azərbaycan paytaxtında keçiriləcək 4 oyununun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcəyi barədə məlumat vermişdik.
Olaylar.az xəbər verir ki, AVRO-2020-nin biletləri mayın 15-dən satışa çıxarılacaq. Bunu AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr Departamentinin Firuz Abdulla ARB24-ə müsahibəsində deyib.
Azarkeşlərin AVRO-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarını stadionda izləməsi üçün tətbiq olunacaq prosedurlar və biletlərin qiyməti ilə bağlı yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2020-ci il martın 12-də koronavirus epidemiyasının qlobal pandemiya elan olunması nəzərə alınaraq, UEFA İcraiyyə Komitəsinin 17 mart 2020-ci il tarixli iclasında AVRO-2020-nin daha əvvəl açıqlanmış tarixdən düz bir il sonra - 11 iyun - 11 iyul 2021-ci ildə keçirilməsi barədə qərar qəbul olunub.