“Heç birimiz koronavirus xəstəsi deyildik” - Rəmişin xanımı

Ötən gün dünyasını dəyişən Xalq artisti Rafiq Hüseynov (Rəmiş) bu gün dəfn olunacaq.

Axşam.az-ın məlumatına görə, mərhum gitaraçının nəşi müalicə olunduğu 1 saylı Kliniki Mərkəzdən Yasamal ("Qurd qapısı") qəbiristanlığına aparılır. Pandemiya qaydalarına əsasən, onunla vida mərasimi keçirilməyəcək.

Onun xanımı Gülü Hüseynova  özünün və həyat yoldaşının koronavirusa yoluxmadığını bildirib:

"Rəmiş bu gün yeni mənzilinə köçür, məni aparmır, mənsiz gedir. Dünən Rəmişlə son dəfə bir evdə qalacaqdıq, amma icazə vermədilər. Bilmirəm niyə qoymadılar? Bu gecə yatmadım. Dedim bəlkə insafa gəlib, evə qayıdıb gələr. Morqdan cənazəsini vermədilər.

O, koronavirusa yoluxmamışdı. İmam Hüseyn haqqı xəstə deyildi. Sadəcə onu müalicə edə bilmədilər. Xəstəxanadan xəstəlik səbəbi ilə bağlı sənəd vermədilər. Heç birimiz koronavirus xəstəsi deyildik. Onlar günaha batdılar".

Qeyd edək ki, ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də xəstəxanaya yerləşdirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31