Erkən nigah, onun yaratdığı təhlükələr
11 Fevral 2021 11:53 SosialBu günlərdə gündəmi daha çox məşğul edən məsələlərdən biri Gürcüstanda on dörd yaşlı qızın nişanlanması oldu. Məsələ gündəmə gələr-gəlməz, cəmiyyətdə əks effekt yaradar-yaratmaz məlum məclisi təşkil edənlər ciddi cəhdlə onu təkzib etməyə, əslində nişan mərasimi deyil, ad günü toplantısının oldğunu israr etməyə çalışsalar da, mərasimdən yayılan görüntülər həqiqətin nədən ibarət olduğunu ortaya qoyurdu.
Məsələ ilə bağlı, ümumiyyətlə erkən nigahın fəsadları, gələcəkdə yaradacağı problemlərlə əlaqədar fikirlərini ifadə edən fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov deyib ki, əslində bu, həm daha təhlükəli, həll edilməsi daha vacib məsələlərlə müqayisədə, həm də Gürcüstan azərbaycanlılarının prioritet problemlərinin müəyyənləşdirilməsi baxımından, bəlkə də, ikinci, üçüncü dərəcəli məsələdir: "Əlbəttə ki, evlənmə yaşının yüksək olduğu bir dövrdə belə hallar kənardan xoş görünmür, qıcıq yaradır. Maraqlıdır ki, Gürcüstan azərbaycanlılarının taleyüklü məsələləri bu azyaşlı qızın nişanlanmasında olduğu kimi kulislərimizi məşğul etmir, ciddi əks-reaksiya doğurmur. Məsələn, son 30 il ərzində Gürcüstanda mərkəzi hakimiyyətin azərbaycanlılar yaşayan ərazilərə xaç-dirəklər basdırma, strateji və gözəgəlimli yerlərdə kiçik kilsələr inşa etmə siyasəti, tarixən azərbaycanlıların yaşadıqları otlaq və əkin torpaqlarının gürcülərin adına kütləvi şəkildə satın alınması nə dərəcədə mətbuatda bu azyaşlının nişanlanması qədər canıyananlıqla, emosional və ekspressiv hay-küylə işıqlandırılıb?! Bu, nəyin daha zəruri, prioritet olduğunu müəyyənləşdirə bilməyən yanaşma tərzinin göstəricisidir. Belə yanaşma tərzinə sahib olanlar haqqında müsəlman maarifçilərindən M. Qəzalinin (1917-1996) dediyi sözlər məqamını çəkir: "Balasını itirdikdə susan, ayaqqabısını itirdikdə isə ah-nalə qoparan birisini görsəniz, şəkk-şübhəyə qapılmadan deyərsiniz: Yəqin ki dəlidir!" Bəzi jurnalistlər, bəzi saytlar, bəzi qələm sahibləri belə "xariqələr" yaratmaqda ustadırlar. Qayıdaq, azyaşlının nişanlanması məsələsinə; əlbəttə ki, nəticəsi xoş olmayan, mövcud sosial paradiqmalara uyğun düşməyən, hansı isə cəmiyyətdə hökm sürən evlilik ənənəsinin xaricinə çıxan hallar tənqid edilməlidir. Çünki bu cür hallar nəticə etibarı ilə ailə dəyərlərini zəiflədir, xoşbəxt ailənin formalaşmasına mane olur, ailə üzvlərindən bu və ya digərinin təbii hüquqlarını tapdalayır. Yəni, evlilik məsələsində əsas məqsəd xoşbəxt ailə yaratmaq olmalıdır. Nə ki ailə və nikah ənənəsini qoruyur, xoşbəxt ailə meydana çıxarır, məqbuldur, müdafiə edilməlidir. Nə də ailə dəyərlərinin üstündən xətt çəkir, ənənəvi ailə modelini sarsıdır, ailəni əmələ gətirən fərdlərin hüquq və vəzifələrini süni şəkildə redaktəyə məruz qoyur, "otu itə, əti də ata verir", mənəvi cəhətdən sağlam uşaq yetişdirən tərbiyə üsulları və ailədaxili mühiti sıradan çıxarır, tənqid edilməli, mübarizə obyekti seçilməlidir. Biz qızların psixoloji və fiziki travma almasına, təhsildən məhrum edilməsinə gətirib çıxaran istənilən münasibət formasına qarşıyıq".
Elvüsal Məmmədov onu da deyib ki, amma biz Gürcüstan azərbaycanlıları arasında baş vermiş bu cür bir-iki faktdan, mövcud sosial şərtlər daxilində baş vermiş bu cür məhdud hallardan daha çox, məsələn, "tik-tok"dan ehtiyat etməli, evlilik yaşının süni şəkildə otuzlara qaldırılmasından qorxmalıyıq: "Sosial şəbəkələr azyaşlı məktəblilərin abır-həyaya sığmayan rəqs və əndazələrini oynatma video-çarxları ilə doludur, biz bundan narahat olmalıyıq. Nikah yaşının çoxaldılması ilə ailədaxili xoşbəxtliyin meydana gələcəyini düşünmək reallıqla əkslik əmələ gətirir. Məsələn, nənələrimiz 13-14 yaşında evlənsələr də xoşbəxt idilər, sağlam övladlar yetişdirmişdilər, özləri də 80-90 il sağlam yaşayıb ömür sürmüşdülər. Köçdükdə təhsilləri də yox idi, yaşları da çox deyildi, amma xoşbəxt idilər. Bu gün isə qızların ərə getmə yaşı 25-35 arasında dəyişir, əksəriyyətinin ali təhsili var, amma evləndikdən sonra gəlin gəldikləri ailə nənələrimizin ailəsi qədər nə möhkəm, nə də bərəkətli olur. Deməli, nə isə düzgün getmir!. Əlbəttə ki, biz erkən nikahlara çağırış etmirik, nikah yaşının artıq otuzlara dirəndiyi bir dövrdə formalaşmış sosial mühit və paradiqmaların həllediciliyini qəbul edirik. Amma ailə problemlərinin kökünü erkən nikahda axtaran zehniyyətin yanlışlığını da qeyd etməyi özümüzə borc bilirik. Bu nişan faktını ölüm-qalım məsələsi halına gətirməməliyik. Bəli, Bakıdan baxdıqda xoş görünmür, amma Bakıdan baxıb bütün sosial adətləri də Bakının sosial paradiqmalarına təhkim etməli deyilik. Bununla yanaşı, bizi maraqlandıran məsələ ailələrin dağılması, gənc qız və oğlanların tərbiyəsinin düzgün aparılmaması, sosial şəbəkələr və internetə çıxışın özü ilə gətirdiyi fəsadlarla mübarizə olmalıdır. Yəni, Bakıdan rayonlarımıza nəzər salıb zərrəbinlə belə "ölüm-qalım" faktları tapmaq əvəzinə, bir az zəhmət çəkib, doğuşu planlamanın deyil, nəşəli həyatın əyləncəli vasitəsi kimi prezervativləri reklam edən televiziyalarımıza, əxlaqsızlıq və biədəblik üçün daha çox istifadə olunan sosial şəbəkələrimizə nəzər salmaq daha doğru olmazdımı?!. Bu gün "tik-tok"ların, "instaqram"ların özü ilə gətirdiyi fəsad harada isə ildə-ayda bir kərə baş verən erkən nikahların doğurduğu nəticədən daha ağırdır, daha dağıdıcıdır. Əgər bizi qadın haqları həqiqətən maraqlandırırsa, başqa cəmiyyətlərin ailə təcrübəsini, qadın-kişi münasibətləri modelini ölkəmizə gətirən, ailələrdə gərginlik yaradıb sosial münasibətləri gərginləşdirən gender siyasətindən əl çəkib, qızlarımızın, qadınlarımızı hər mənada istismarına xidmət edən reklamlarla, teleseriallarla, sosial şəbəkələrlə mübarizə aparmalıyıq".
Natiq bildirib ki, Azərbaycanda bütün problemlərin səbəbini İslamda axtaran qərəzli, eyni zamanda nifrətin doğurduğu kütlüyün idarə etdiyi təfəkkür tərzi mövcuddur: "Onlar sabah Marsda marsoxod marşrut xəttindən səhvən çıxıb qəzaya uğrasa, buna səbəb kimi müsəlmanları göstərəcək qədər hiddətli, həm də iyrəncdirlər. Odur ki erkən nikahlara dinin, İslamın münasibəti haqqında bəzi qeydlərimizi təqdim edirik. İslam dininin əsas arqumentasiya bazası sayılan ayə və hədislərdə qız uşaqlarının evlilik yaşı göstərilməyib. Odur ki, hər hansı rəqəmdən söhbət gedə bilməz. İslamda evlilik yaşı fiziki (bioloji) və psixoloji-sosial qanunauyğunluqlara görə müəyyən edilir. Yəni, İslamın mənbəyini əmələ gətirən ilahi vəhy kainatı və cəmiyyəti tənzimləyən qanunlarla ziddiyyət təşkil etmir. İslam dini evlilik üçün qız uşaqlarının bioloji və psixoloji baxımdan ana olmağa hazırlığını şərtləndirən nöqteyi-nəzəri alqışlayır. Qız uşaqlarının erkən yaşda ərə verildiyi cəmiyyət və mühitlərdə qızlar buna psixoloji cəhətdən hazır olurlar. Evlənmə yaşının yüksək olduğu mühitlərdə isə erkən nikahlar psixoloji travmalarla müşayiət olunur. Azərbaycan cəmiyyətində də evlilik yaşı ilə əlaqəli dinamika müstəsna edilmir. Belə ki ötən əsrin 20-30-cu illərində ailə həyatı qurmuş nənələrimizin əksəriyyəti ər evinə gedərkən 12-14 yaşında olublar. Şəxsən bizə bu məsələdə bir çox fakt məlumdur. İndi isə dövr dəyişib, erkən yaşda evlilik təcrübəsinin tətbiq edildiyi yerlər məhdud sayda qalıb".
Elvüsal Məmmədov deyib ki, erkən nikahların dindən irəli gəldiyini iddia edən qərəzli təfəkkür daha çox Həzrəti Aişə faktına köklənir: "Halbuki bu təfəkkür VII əsrin ərəb sosial mühitinə XXI əsrin sosial paradiqmaları ilə münasibət bildirir, sosial paradiqma və mühitlərin dinamikliyini nəzərdən qaçırır. Bəli, Həzrət Peyğəmbərin Aişə ilə evlənməsi həmin dövrün səciyyəvi ərəb mühitini əks etdirir. Həmin dövr üçün belə evlilik sosial-psixoloji baxımdan təbii hal idi, cəmiyyət tərəfindən təbii qarşılanmış, psixoloji fəsadlarla nəticələnməmşdi. Bu faktdan utanmaq, İslamı süni şəkildə dövrə uyğunlaşdırmaq üçün onu qeyri-ənənəvi yozumlara təhkim etmək problemdən çıxış yolu deyildir. Həzrəti Aişə faktı presedentdir, hər dövr və mühitdə tətbiq ediləcək dini hökm deyildir. Yəni, bu presedent erkən nikaha çağıran dini hökmdə arqument seçilə bilməz. Ümumiyyətlə, İslam dinində evliliyin konkret yaşı göstərilmir. Çünki İslam dinamik və çevik yanaşma tərzi ilə seçilir. Qız uşaqlarının evlənməyə hazır olmaları sosial məsələdir, odur ki, İslam bunu bu və ya digər cəmiyyətin öz öhdəsinə buraxıb. İslam istəyir ki, qız uşağının ailə qurmağa fiziki və psixoloji baxımdan hazır olduğu yaş mərhələsi evlənmədə əsas meyar seçilsin. Biz Allahın bizə əmanəti olan qız övladlarımızın gələcəyini təhlükə altına salan istənilən təzahürlə (o cümlədən, subyektin bioloji-psixoloji vəziyyətini nəzərə almayan nikahlarla) mübarizə aparmalı, nəyin daha çox dağıdıcı olduğunu da müəyyənləşdirməyi bacarmalıyıq".
Füzuli
Olaylar.az