Korrupsiya şəbəkələri ifşa olunur
Ölkədə yeni korrupsiya həbsləri gözlənilir.
11 Fevral 2021 10:23 SosialÖlkədə yeni korrupsiya həbsləri gözlənilir.
Beynəlxalq təcrübə göstərir ki, korrupsiya cinayətləri əsasən yüksək rütbəli məmurlar tərəfindən törədildiyindən onun aşkar edilməsi və onun nəticələrinin aradan qaldırılması elə də asan məsələ deyil. Bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirməmələrinə baxmayaraq bu növ cinayəti aşkarlamaq olduqca mürəkkəb prosesdir. Korrupsiya-vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. Odur ki, dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərancamverici və ya inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər və bu statusda olan digər dövlət və özəl sektorun təmsilçiləri korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri hesab olunur. Bütün bunlara baxmayaraq, təcrübə göstərir ki, korrupsiyaya qarşı mübarizə tədbirləri daim yeniləşməli, qanunvericilk bazası təkmilləşdirilməlidir. Düzdür, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübəyə yetərincə istinad edilir, beynəlxalq konvensiyalar ratifikasiya edilir. Ancaq bununla yanaşı, bir milli mübarizə metodu müəyyən edilməlidir ki, həmin metod yerli xüsusiyyətlərə uyğun olsun.
Növbəsini "gözləyən" sabiqlərin sayı kifayət qədərdir
Azərbaycanda da korrupsiyaya qarşı mübarizə tədbirləri davam etməkdədir. Sözügedən tədbirlər çərçivəsində korrupsioner sabiq məmurların həbsi davam edir. Xatırladaq ki, ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və rayon icra başçıları ilə bağlı keçirdiyi əməliyyatlar vəzifəli məmurlar arasında saf-çürük işləri görən ələk funksiyasını yerinə yetirdi. Son olaraq, 2013-2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutmuş Səlim Müslümov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Səlim Müslümovdan əvvəl isə Ramiz Mehdiyevə yaxınlığı ilə tanınan "Baku Stell Company" rəhbəri Rasim Məmmədov həbsə alınıb. İlkin ittihama görə, Rasim Məmmədov vəzifədə olarkən 55 milyon manat vəsaiti ələ keçirib. Hazırda istintaq hərəkətləri davam edir və korrupsiya ittihamı ilə tutulanların nə qədər dövlət vəsaitini ələ keçirdiklərini istintaq müəyyən edəcək. Məsələ orasındadır ki, korrupsiyaya qarşı mübarizə yalnız iki şəxsin həbsi ilə bitmir, sırada öz növbəsini "gözləyən" sabiqlərin sayı kifayət qədərdir. Artıq növbəti bir proses üçün də start düyməsinə basılıb. Sabiq nazir Səlim Müslümovun ardınca nəqliyyat naziri olmuş məşhur oliqarx Ziya Məmmədovun həbs edilməsi xəbəri yayıldı. Ziya Məmmədovla bağlı hüquq-mühafizə orqanlarında ilkin araşdırmalara start verildiyi bildirildi. Yeri gəlmişkən qeyd edək ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı bundan öncə bir neçə qalmaqallı işlərdə, korrupsiya əməllərində hallanıb. Onların birində isə adı Səlim Müslümovla birgə çəkilib. 2018-ci ildə Göyçay şəhərini uzun müddət yolsuz qoyan körpünün uçmasına görə media Səlim Müslümov və Ziya Məmmədovu günahkar bildi. Araşdırma zamanı məlum oldu ki, körpünün uçmasına səbəb çayın məcrasının qum və çınqıl eşqi ilə qazılaraq enləndirilməsidir. Burada isə Ziya Məmmədovun iki, Səlim Müslümovun bir şirkəti qazıntı işləri aparırdı. 2007-ci ildən 8 il Göyçay rayon icra başçısı işləmiş Mənsur Məmmədov isə Ziya Məmmədovun bacısı oğlu kimi təqdim edilib. Hazırda ölkəni bir anın içində qaranlığa qərq edən "Azərenerji"nin keçmiş prezidenti Etibar Pirverdiyev, keyfiyyətsiz və əyri-üyrü yollar hesabına ailə biznesini genişləndirən keçmiş nəqliyyat naziri Ziya Məmmədov, uzun illər sahibkarları vergi məngənəsində boğan Fazil Məmmədovun da istintaqa çağırılacağı bildirilir.
Göz qamaşdıran varidat
Qeyd edək ki, keçmiş nazir Ziya Məmmədov illər öncə mətbuatda bu mövzularla daim gündəmə gəlib: sürücüləri döyən qoluzorlu "lotu"lar, yolların keyfiyyətsiz asfaltlanması sayəsində "yeyilən" milyonlar, oğlu Anar Məmmədovun 1 milyona ayı yeməsi, Bakıda və digər rayonlarda yanan villalar, istirahət mərkəzləri, lüks avtomobillər və ZQAN holdinq... Eks-nazirin adı bir çox pul yeyintisində hallansa da, ən çox müzakirələrə səbəb olanı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə həyata keçirilən 100 milyon dollarlıq layihədir. Belə ki, Ziya Məmmədov NİİM vasitəsilə ölkəyə marşrut avtobuslarının hərəkət sxemini göstərən monitorlar gətirərək dayanacaqlar quraşdırdı və bunun üçün kifayət qədər yüksək qiymətə "yazılan" proqram təminatı da hazırlandı. Lakin bir neçə ay sonra nəinki o monitorlarda hərəkət sxemi düz göstərildi, hətta soyuq qış aylarında həmin "ağıllı" dayanacaqlarda quraşdırılan termometr havanın müsbət 60-80 dərəcə olduğunu göstərirdi. Bu korrupsiya əməli isə birbaşa hər bir vətəndaşa təsir etdi. Çünki monitorlar və layihə üçün vəsait dövlət büdcəsindən ayrıldı və bu günədək də həmin monitorlar sərnişinlər üçün qara güzgüdən başqa heç bir funksiya yerinə yetirə bilmir. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi və Koreyanın "SK C&C" şirkəti ilə müqavilə imzalanıb. Layihənin ilkin dəyəri 77 milyon dollar olub, sonradan isə 19 milyon dollar da əlavə edilib. Bu nəhənglikdə layihə qarşıya qoyulan vəzifələrin heç birisini reallaşdıra bilməyib.
Məlumata görə, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov və "Azərenerji" nin keçmiş sədri Etibar Pirverdiyevin də istintaqa çağırılacağı gözlənilir. Bunun üçün hüquq-mühafizə orqanlarında kifayət qədər əsasların olduğu bildirilir. Xatıladaq ki, bir müddət öncə sabiq kənd təsərrüfatı naziri, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun biznesi şəbəkəsi barədə məlumat dərc olunmuşdu. Bildirilirdi ki, H.Əsədovun oğlu Asif Əsədzadə atasının hesabına Londonda xeyli mülkə, ən bahalı avtomobillərə sahibdir. Onu da qeyd edək ki, xarici mətbuat vaxtlə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobillə şütüməsindən yazmışdı. Qeyd olunurdu ki, olan Heydər Əsədovun oğlu Asif Əsədzadə özünü ərəb şeyxləri kimi aparır. Asif Əsədzadə Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə Böyük Britaniyanın paytaxtında hərəkət edən maşınının videogörüntüləri internetdə də yayılıb. Heydər Əsədovun digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibi kimi otel, BEŞİKTAŞ, SEBA KOMPLEKSİ SELENİUM-TWİNS B BL.D.244 ünvanında mülk alıb. Vaqif Əsədzadə və həyat yoldaşı Günay Abdullayeva VAGU TURİZM SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİni 2012-ci ilin fevralın 1-də İstanbul Ticarət Müdirliyində öncə 100 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib (VAGU - VAqif və GUnay). Həmin il mayın 2-də nizamnamə kapitalı 1 milyon lirəyə qaldırılır. Lirənin o zamankı kursu ilə 650 min dollar! Heydər Əsədovun hələ Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsində olarkən özünün ailə biznesinin "qoruyucu mələyi" rolunu oynadığı qeyd edilir. Məlumata görə, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə nazir Heydər Əsədovun istefaya göndərilməsinin əsas səbəbi məhz onun oğlu ilə bağlı olub.
Həmçinin sabiq "Azərenerji" sədri Etibar Pirverdiyevin adı 2,3 milyonluq mülk qalmaqalında hallanıb. Təəssüf ki, aylıq gəliri 1200 manatdan yuxarı olmayan bir şəxsin 2,3 milyon manata özəl mülk alması faktının özünə indiyə qədər hüquqi qiymət verilməyib. Təkcə bu fakt "Azərenerji"də total korrupsiya hallarının olması barədə mediada gedən məlumatları bir daha təsdiqləyir. Məlumata görə, E.Pirverdiyevin rəhbərliyi dövründə "Azərenerji" ASC-yə 3 milyard dollara yaxın investisiya yatırılıb (1,5 milyard dollar dövlət büdcəsi hesabına, 1,5 milyard xarici təşkilatların krediti hesabına). Bu vəsaitə sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olduğu halda, Azərbaycanda sovet dövründən qalma sistem də iflic vəziyyətinə düşüb. 2009-cu ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi "İnter Enerji" MMC-ni "Azenco" ASC-nin 97,5 faiz səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edib. Komitənin məlumatında o da qeyd edilirdi ki, "İnter Enerji" silinmək üçün 100 min ədəd dövlət özəlləşdirmə çekinin təqdim edilməsini və dövlət büdcəsinə 6,4 milyon manat ödənilməsini öhdəsinə götürüb. "Azenco" ASC 2008-ci ilə qədər "Azerenerji" ASC-nin tərkibində "Azerenerjitikinti" MMC adı ilə fəaliyyət göstərib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə uyğun olaraq MMC "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib və investisiya müsabiqəsinə çıxarılıb. Müsabiqəni isə "İnter Enerji" udub (23 dekabr 2009-cu il). Təkzib edilməyən məlumatlara görə, "İnter Enerji" MMC "Azərenerji" ASC-nin İdarə Heyətinin sədri Etibar Pirverdiyevə məxsus olub. Ümumilikdə hər iki şəxs barədə sadalanan gaktlar onların istintaqa cəlb edilməsi üçün hüquqi əsas yaradır.
İri vergi ödəyicilərinin də fəaliyyəti araşdırılacaq
Əldə olunan məlumata görə, dövlət zəmanəti ilə xaricdən borc alan və dövlət borcunu ödəməyən iri dövlət şirkətlərində də araşdırma başlanacaq. Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsi sənədinə verdiyi rəydən aydın olur ki, 2020-2024-cü illərdə "Azəralüminium" ASC Təminat Fonduna dövlət zəmanəti ilə almış olduğu kreditlərin qaytarılmasına görə 175,5 milyon manat, "Azərbaycan Dəmir Yolları" QSC 281,9 milyon manat, "Azərbaycan Hava Yolları" QSC 1 milyard 383,8 milyon manat, "Azərenerji" ASC 290,5 milyon manat, "Azəristiliktəchizat" ASC 23,8 milyon manat, "Azərkosmos" ASC 142,8 milyon manat, "Azərsu" ASC 9,9 milyon manat, SOCAR 169,1 milyon manat, "Azİntelekom" MMC 322,6 milyon manat, Gənclər və İdman Nazirliyi 48 milyon manat vəsait ödəməlidir. Lakin təcrübə göstərir ki, dövlət zəmanəti ilə borc alan şirkət və təşkilatlar nə borcun özünü, nə də dövlətin onların əvəzində ödədiyi vəsaitləri qaytarmaqda maraqlı deyillər. Belə ki, Hesablama Palatası tərəfindən həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə əsasən qeyd etmək olar ki, 01 yanvar 2020-ci il tarixinə xaricdən dövlət zəmanəti ilə kredit alan 11 əsas qurumun Təminat Fonduna ödənilməmiş borcunun həcmi 383 milyon 709 min manat, 108 milyon 952,2 min dollar və 21 milyon 632,3 min avro təşkil edib. Bu il də dövlət zəmanəti ilə iri müəssisələrə xarici kreditlərin verilməsi nəzərdə tutulur. Belə ki, 2021-ci ilin dövlət büdcə sənədinə əsasən xaricdən cəlb edilmiş kreditlərin 295,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, 244,4 milyon manatı "Azərbaycan Dəmir Yolları" QSC-yə, 7,3 milyon manatı Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə, 32,3 milyon manatı Ədliyyə Nazirliyinə; 30,3 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çatacaq. Bundan əlavə, 2021-ci il ərzində dövlət daha 1 milyard manata yaxın xarici kredit üçün zəmanət verməyi planlaşdırır. (Musavat qəzetinin 10 fevral sayı). Onu da qeyd edək ki, korrupsiyaya qarşı mübarizənin effektiv olması üçün korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin səmərəli davam etdirilməsi, zəruri qanunların qəbul edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, hüquq pozuntularının aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliyinin təmin edilməsi, bu sahədə ümumi dövlət siyasətinin həyata keçirilməsi Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında əksini tapıb. Paralel olaraq dövlət siyasətinin həyata keçirilməsi məqsədilə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı hazırlanıb. Təbii ki, belə tədbirlərin həyata keçirilməsi nəticəsində vəzifəli şəxslər də daşıdığı məsuliyyətin fərqində olacaq.
Nurlan
Olaylar.az