Müharibədən sonra "müharibə"
21 Yanvar 2021 12:10 SosialDünya çox savaşların şahidi olub və olmağa davam edir. Hər savaş ardınca zülm, acı tale, kədər, nifrət gətirib. Belə bir deyim var :"Müharibə bütün fəlakətləri və bütün cinayətləri əhatə edən bir fəlakət və cinayətdir". Müharibə canlar almaqdan doymur, o, təkcə döyüş deyil, həm də günahsız insanların qanına boyanan bir cinayətkardır. İnsan bu fəlakətdən qazandığı o acıları heç vaxt unuda bilmir, o acılar yaddaşlarda zindana çevrilir. Bir də o vəhşətin içindən çıxan insanların həyatında yeni bir müharibə- yenidən yaşamaq uğrunda həyatla müharibə başlayır. Həqiqətən müharibələr qəhrəmanlıq filmlərindəki səhnələr kimi deyil. Təsəvvür edin ki, döyüşçü ailəsi və sevdiklərindən uzaq, əsir düşmə, ölüm kimi fikirlərin təsirləri altındadır. Bu fəlakətli ölüm səhnələrinə ilk dəfə şahid olmaq və ya ilk dəfə bir insan olaraq birini öldürməyi düşünün...

Müharibənin dağı-daşı lərzəyə gətirən o gurultulu səsləri, güllə yağışı altında mübarizə, bir də "dostum yaralandı, onu qucağıma alıb döyüşdən çıxartmaq istədim, ayaqları gözümün önündə qırılıb yerə düşdü" deyən bir insanın nələr yaşadığını düşünün. Necə deyərlər, müharibənin bizə atdığı güllə kimi xatirələr müharibədən sonra yenidən canlanacaq. Həyat və ölüm arasında mübarizə də o zaman başlayacaq.
Bir az tarixə səyahət edək. I Cahan müharibəsi... 1914- cü ildə başlayan və 1918-ci ildə bitən fəlakət... Milyonlarla insanın həyatını ağuşuna alan müharibə. Əslində, "müharibə 1918-ci il bitdi" cümləsi sadəcə tarixi vərəqlərdə yazılan rəqəmlərdi. Bəs, müharibə bitdikdən sonra nələr baş verdi?

Əslən italyan olan macar yazar Giorgio Pressburger babasının döyüş yolundan danışıb. Jurnalistin sözlərin görə, yazarın babası İtaliyada gedən savaşlardan sonra bir böyrəyini itirib, digər böyrəyi də yaxşı fəaliyyət göstərmirmiş. Bu ağrılara dözməyən döyüşçü çox keçmir ki, intihar edir.
I Dünya müharibəsində iştirak edən şəxslərdə duyğularının ani dəyişməsi, özünə inamsızlıq, tarazlığını itirərək mənasız hərəkətlər etmək, mənasız jestlərdən istifadə etmə müşahidə edilib. İngilis psixoloq Charles Samuel Myers bu halları araşdırıb və "Müharibə depressiyası" adlandırılan bir psixoloji xəstəlik aşkar edib. Və bu kimi halların siyahını çox uzada bilərik.
İraq müharibəsindən sonra aparılan araşdırmalara görə, müharibədə iştirak edənlərdə stress, uyğunlaşma, yuxu qorxusu, dönüşüm pozğunluğu kimi psixoloji xəstəliklər meydana gəlib.
Vyetnam müharibəsindən sonra insanlarda şiddət və insan qətli kimi davranışlar artıb. 1973-cü ildə Ərəb-İsrail müharibəsinin ilk üç günündə arxa cəbhəyə göndərilən 1500 yaralı İsrail əsgərindən 900-ü psixiatrik səbəblərdən cəbhəyə qayıtmayıb.
Araşıdırmalar müharibədən dərin sarsıntılar keçirən kəslərdə iştahsızlıq, yuxusuzluq, yorğunluq, əsəbilik, intihar düşüncələri, durğunluq, sükut, qapalılıq, unutqanlıq, susqunluq kimi psixoloji pozuntularım olduğunu təsdiq edib.
Psixoloq Vüsalə Əmiraslanova müharibədən qayıdan əsgərlərin psixoloji probelmlərindən danışdı. Psixoloqun sözlərinə görə, "Müharibədən qayıdanlar keçmişi tez- tez xatırlayır. Öncəliklə fobiyalar, yuxu pozuntuları, nevroz, aqressiya ən çox müşahidə olunan hallardır. Eyni zamanda səs-küy də onları qıcıqlandıra bilər".

"Əsgərlərlə ünsiyyət zamanı diqqqət etməli olduğumuz məqamlar var. Məsələn, onlardan nəsə soruşanda çox mülayim və diqqətli olmaq lazımdır. Və ya nəsə haqqında danışanda onları diqqətlə dinləmək önəmlidir"
Psixoloq bu kimi halların qarşısının alınması üçün görülən tədbirlərdən də danışdı. "Əsglərlə müalicə məsələsinə gəldikdə isə bəzilərinə nevroloji, bəzilərinə loqopedik müalicələr lazım olur. Əsgərlər yanımıza gəlir və yaşadıqlarını bizimlə bölüşürlər. Müharibədən sonrakı həyata adaptasiya olmaqda çətinlik çəkirlər. Onlara şərait yaratmaq lazımdır ki, əvvəlki işləri ilə məşğul olsunlar və mümkün qədər xüsusi yığıncaqlarda az iştirak etsinlər".
"Müharibədən qayıdanlar psixoloji dəstək olaraq seanslardan keçir, lazım olanda şüuraltı təmizləmə həyata keçirilir, terapiyalar aparılır. sıxıntılar varsa onları dinləyirik, Unutmaq olmaz ki, onların ən çox dinlənilməyə ehtiyacları var. Ümumiyyətlə, bu dövrdə onları qətiyyən yalnız qoymamalı, daim onların yanında olmalıyıq".
27 il düşmən tapdağında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad edən qəhrəmanlarımızı qorumaq və daima onların yanında olmaq bizim hər birimizin borcudur.
Gülər Seymurqızı
Olaylar.az