Avropa İttifaqının Ermənistan missiyası: Sabitlik addımı, yoxsa tərəfli mövqe?- ÖZƏL

Avropa İttifaqının Ermənistana göndərdiyi mülki missiya (EUMA) və onun mandatının 2027-ci ilə qədər uzadılması regionda yeni müzakirələr yaradıb. Aİ bu missiyanı sərhəd insidentlərinin qarşısının alınması və sabitliyin qorunması kimi təqdim edir. Lakin Azərbaycan tərəfi missiyanın neytrallığına dair suallar qaldırır və onu regionda geosiyasi təsir aləti kimi dəyərləndirir. Prezident İlham Əliyev də missiyanın fəaliyyətinə sərt münasibət bildirərək onun Azərbaycan-Ermənistan sərhədindəki rolunu tənqid edib. Rəsmi Bakı hesab edir ki, regionda əsas məqsəd davamlı sülhün təmin olunması olmalıdır.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Əslində, bu missiyanın müddətinin uzadılması neqativ xəbərdir. Çünki burada ortada sual yaranır ki, nəyə görə məhz bu missiyanın müddəti bu qədər uzadıldı? Yəni, ən azından bu o deməkdir ki, 2027-ci ilə qədər Avropa İttifaqı bu regiondan çıxmağı gözləmir və ya sülhə çalışmayacaq. Çünki bunu da görə bilərik ki, burada faktiki olaraq sülhə çalışmaya bilərlər. Çünki Avropa İttifaqına, əsasən də Fransaya lazımdır ki, regionda Ermənistan Azərbaycan  üzərindən müəyyən qarşıdurma olsun və Fransa bundan istifadə edərək regionda möhkəmlənsin-hərbi, ideoloji və siyasi baxımdan güclənsin. Onlar da bu istiqamətdə çalışacaqlar. Yəni, yekunda nə olacaq? Yekunda belə bir nəticə ortaya çıxa bilər ki, Ermənistan artıq sülhdə maraqlı olmayacaq. Xüsusilə qarşıdan seçkilər gəlir və Ermənistanda revanşist blokun qalib gəlmək ehtimalları var. Əgər revanşist blok qalib gələrsə, nəticədə görə bilərik ki, onlar yenidən Azərbaycanla müharibəyə həvəsli ola bilərlər. Buna görə də, hətta Paşinyanın dövründə belə, hazırda silahlanan, yeni dronlarla, texnikalarla və yeni hərbi avadanlıqlarla təchiz olunan Ermənistan ordusunun Azərbaycana qarşı müharibəyə hazırlaşdırıldığını görə bilərik. Fransadan təlimçilərin göndərilməsini, Ermənistan ordusunun yenidən qurulmasını və Ermənistanın mümkün müharibəyə hazırlaşdırıldığını bilirik. Bütün bunların fonunda Avropa İttifaqı missiyasının regionu tərk etməməsi və Ermənistan-Azərbaycan arasında fəaliyyətini davam etdirməsi regionu sülhdən müəyyən qədər uzaqlaşdıra bilər.
Belə bir məqam da ola bilər ki, Ermənistanla Azərbaycan arasında hər hansı potensial toqquşma və ya münaqişə zamanı bu missiya Azərbaycan tərəfini tutmayacaq, daha çox Ermənistan tərəfini dəstəkləyəcək. Ən azından missiyanın açıqladığı raportlar da bunu müəyyən qədər nümayiş etdirir. Belə ki, bu raportların böyük hissəsi gizlidir və faktiki olaraq orada nə yazıldığını bilmirik. Amma indiyə qədər görünən məlumatlardan belə nəticə çıxır ki, onların açıqlamaları adətən Ermənistan lehinə olur və daha çox erməni tezisləri ilə dolu olur.
Ona görə düşünürəm ki, bu missiya müəyyən mənada regionda ehtiyac olmayan bir missiyadır. Ermənistanla Azərbaycan arasında sülh bağlanmalıdır, münasibətlər normallaşdırılmalı və hansısa formada artıq müharibə sonlandırılmalıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31