Gizli səfər, açıq narahatlıq: Netanyahu regionda hansı böhranın qarşısını almağa çalışır?- ÖZƏL
16:53 Siyasət" İsrailin Baş naziri Netanyahunun İordaniyaya gizli, qeyri-rəsmi səfəri İranın ABŞ-a qarşı müharibə zamanı onun ərəb ölkələrinin ərazisində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirməsi ilə ciddi çat vermiş anti-İran koalisiyasında İsrail və ABŞ-ı narahat edən problemlərin aradan qaldırılmasına yönəlib.
İordaniya ərazisində ABŞ hərbi bazaları olan ərəb dövləti kimi İrana qarşı hərbi əməliyyatlarda birbaşa iştirak etmir. Lakin onun ərazisindəki ABŞ hərbi bazalarından İrana zərbələrin endirilməsi, habelə İranın İsrailə atdığı raket və dronların zərərsizləşdirilməsi üçün həyata keçirilən əməliyyatlarda bilavasitə iştirakı Yaxın Şərqdəki gərginlik ocağının səngiməsinə deyil, əksinə, daha da alovlanmasına səbəb ola bilər.
İordaniyanın İsraillə münasibətləri yalnız İbrahim sazişləri çərçivəsində həyata keçirilir".
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
"Bu sazişlərdən kənar İordaniyanın İsraillə münasibətlərinin dərinləşməsi ölkədə Kral Abdullah hakimiyyətinə qarşı xalq həyəcanlarının yaşanmasına, ictimai sabitliyin pozulmasına, digər ərəb ölkələrində anti-ABŞ və anti-İsrail ritorikasının güclənməsinə səbəb olmaqla anti-İran koalisiyasında dağıdıcı proseslərin əsasını qoya bilər. Məhz buna görə də bu sayaq səfərlər geniş ictimaiyyətdən gizlədilir, pərdəarxası danışıqlar aparılır.
İordaniya o ərəb ölkələrindəndir ki, İranın "qızıl aypara" siyasətindən ehtiyatlanır, şiə inqilabının sünni məzhəbində olan ərəb cəmiyyətlərinə təsir imkanlarının genişlənməsinə yol verməmək üçün bölgədə ABŞ və İsraillə əməkdaşlıq edən digər ərəb dövlətlərinin siyasi isteblişmentləri ilə koordinasiya edilmiş və razılaşdırılmış siyasət həyata keçirməyə çalışır.
İranın bölgədə ABŞ və İsraillə əməkdaşlıq edən ərəb dövlətlərinin liderlərinə islam həmrəyliyi ilə bağlı çağırışları İsraildə ciddi narahatlıq və təşviş doğurub. ABŞ-ın isə İsraillə müqayisədə regionun ərəb dövlətlərinin müdafiəsini təşkil edə bilməməsi bu ölkələrin cəmiyyətlərində ABŞ və İsrailə güvən və etimad limitinin sürətlə tükənməsinə səbəb olur. Hazırda Netanyahu'nun bu sayaq səfərləri İsrailə münasibətdə dərinləşməkdə olan böhranın qarşısının alınmasına yönəlib".
Zeynəb Mustafafazadə