Kremlin iqtisadi rıçaqları və İrəvanın "Qərb çətiri": Kim daha güclüdür? – ÖZƏL
17:05 SiyasətRusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mixail Kaluqin, rəsmi İrəvanı Volodimir Zelenskinin Ermənistana səfəri zamanı Moskva əleyhinə səsləndirdiyi kəskin fikirlərə reaksiya verməməkdə ittiham edib. Kaluqin bildirib ki, Ermənistanda keçirilən Avropa yönümlü sammitlər parlament seçkiləri ərəfəsində əhali üçün "Avropa ilğımı" yaratmaq məqsədi daşıyır. Ekspertlər parlament seçkiləri yaxınlaşdıqca Moskvanın İrəvana qarşı ritorikasının daha da sərtləşdiyini və təhdid xarakteri aldığını vurğulayırlar.
Rusiya-Ermənistan münasibətləri necə davam edəcək? Moskva parlament seçkiləri ərəfəsində İrəvana qarşı hansı praktiki təzyiq rıçaqlarını işə sala bilər?
"Hazırda iyunun 7-də Ermənistanda keçiriləcək seçkilər çox kritik əhəmiyyət daşıyır. Belə ki, bu seçkilər növbəti beş ildə Ermənistanda hakimiyyətin kim tərəfindən idarə olunacağını müəyyənləşdirəcək. Eyni zamanda qarşıdakı beş ildə həm Güney Qafqazda, həm də dünyada olduqca ciddi proseslərin baş verəcəyi gözlənilir. Yəni indi hakimiyyətə hansı siyasi qüvvə gələcəksə, demək olar ki, Ermənistanın gələcəyi böyük ölçüdə həmin siyasi qüvvədən asılı olacaq".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu baxımdan Rusiya da yenidən Ermənistanda özünə yaxın qüvvələri hakimiyyətə gətirməyə çalışır. Hətta belə fikirlər səslənir ki, Rusiyanın Güney Qafqazdakı təsir imkanlarının qorunub saxlanılması baxımından Ermənistan seçkiləri həlledici əhəmiyyət daşıyır. Əgər Rusiya bu seçkilərdə üstünlük qazana bilsə və Rusiyaya bağlı qüvvələr hakimiyyətə gəlsə, bu, Güney Qafqazın yenidən Rusiyanın təsir dairəsində qalması üçün ciddi zəmin yarada bilər. Odur ki, burada olduqca böyük mübarizə və ciddi siyasi savaşın getdiyini söyləmək mümkündür. Bu qarşıdurma həm görünən, həm də görünməyən səviyyədə davam edir. Rusiya böyük ehtimalla bütün imkan və alətlərdən istifadə edir. Buraya Paşinyanı zəiflətməyə yönəlmiş fəaliyyətlər, anti-Türkiyə və anti-Azərbaycan qorxusunun yaradılması, maliyyə imkanlarından istifadə, Rusiyaya bağlı oliqarxların Ermənistanda insanlara iş və vəzifə təklif etməsi, eləcə də Rusiyanın Ermənistanda formalaşdırdığı müxtəlif təsir şəbəkələrinin və "yatmış hücrələrin" aktivləşdirilməsi daxildir. Bundan əlavə, mediada Paşinyana qarşı PR kampaniyalarının aparılması, kilsə və din xadimləri üzərindən təsir mexanizmlərinin işə salınması kimi üsullardan da istifadə olunduğu ehtimal edilir. Görünür, seçki yaxınlaşdıqca bu qarşıdurma daha da sərtləşəcək. Yəni burada sanki siyasi baxımdan "ölüm-dirim savaşı" gedir. Hətta dolayısı ilə təhdidlər və təzyiqlərin də olması istisna deyil. Ancaq nəzərə almaq lazımdır ki, Paşinyanı dəstəkləyən qüvvələr də kifayət qədər güclüdür. Onun arxasında Qərbin ciddi maliyyə imkanları və müxtəlif siyasi dəstək mexanizmləri dayanır. Paşinyanın Qərbdən həm siyasi, həm informasiya, həm də müəyyən mənada təhlükəsizlik dəstəyi aldığı açıq şəkildə hiss olunur. Bu mənada Ermənistan uğrunda Rusiya ilə Qərb arasında ən yüksək səviyyədə mübarizənin getdiyini demək mümkündür və Qərbin əsas siyasi təmsilçisi kimi də Paşinyan çıxış edir.
Ekspert qeyd edib ki, Rusiya isə əlində olan bütün alətlərdən istifadə etməyə çalışır və böyük ehtimalla bundan sonra da çalışacaq. Düzdür, Moskvanın Ermənistan üzərində ən güclü təsir vasitələrindən biri iqtisadi rıçaqlardır. Ermənistanın enerji sistemi, elektrik infrastrukturu, ərzaq təchizatı, dəmir yolu əlaqələri və ümumilikdə iqtisadiyyatının böyük hissəsi Rusiyanın nəzarəti və təsiri altındadır. Bu isə kifayət qədər ciddi təsir mexanizmidir. Lakin Rusiyanın bu iqtisadi rıçaqlardan sərt formada istifadə etməsi Ermənistanda əks effekt də yarada bilər. Belə ki, bu, cəmiyyətdə Rusiyaya qarşı daha ciddi narazılıq və nifrətin formalaşmasına səbəb ola bilər. Görünür, Moskva da hələlik bu faktorun risklərini nəzərə alır və həmin istiqamətdə daha ehtiyatlı davranır. Amma digər istiqamətlərdə mübarizənin açıq şəkildə davam etdiyi görünür. Yəni faktiki olaraq hibrid savaş gedir və biz bunun yalnız müəyyən hissəsini müşahidə edə bilirik. Açıq mənbələrdə görünən proseslər var, amma çox güman ki, bu mübarizənin müəyyən hissəsi gizli şəkildə aparılır. Hər halda, Ermənistan və ümumilikdə Güney Qafqaz uğrunda Rusiya bəlkə də özünün ən ciddi, hətta sonuncu böyük geosiyasi savaşlarından birini verir demək mümkündür.
Səidə Ramazanova