"Türkiyə İlə ticarət Ermənistanın Rusiyadan asılılığını azalda bilər" ÖZƏL
16:20 Siyasət"Hazırkı vəziyyətə görə Türkiyədən Ermənistana təxminən 334 milyon dollarlıq mal və məhsul ixrac edilir. Ermənistandan Türkiyəyə isə cəmi 4,7 milyon dollarlıq məhsul göndərilir. Yəni Ermənistan Türkiyənin əsas ixrac bazarlarından biri olmasa da, region çərçivəsində müəyyən əhəmiyyətə malik bazar hesab olunur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, Türkiyədən Ermənistana əsasən tekstil məhsulları, plastik məmulatlar, elektrik avadanlıqları, mebel sənayesi məhsulları və digər yüngül sənaye malları ixrac olunur. Ermənistandan Türkiyəyə isə əsasən xammal, xüsusilə də dəmir və polad göndərilir. Bu münasibətlər hər iki ölkə üçün müəyyən iqtisadi üstünlüklər yaradır. İlk növbədə, Türkiyə sənayesi üçün Ermənistandan göndərilən ucuz xammal və daşınma xərclərinin aşağı olması əlverişli şərait formalaşdırır. Ermənistan iqtisadiyyatı üçün isə Türkiyədən idxal olunan daha keyfiyyətli sənaye məhsulları daxili bazarda rəqabət mühitini gücləndirir və qiymətlərin müəyyən qədər ucuzlaşmasına səbəb olur. Türkiyə ilə Ermənistan arasında iqtisadi münasibətlərin genişlənməsi nəticə etibarilə Ermənistanın milli valyutasının möhkəmlənməsinə də təsir göstərə bilər. Bütün bunların fonunda Türkiyə ilə iqtisadi münasibətlərin normallaşması Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu proses Ermənistanın iqtisadi baxımdan Rusiyadan asılılığını müəyyən qədər azaltmağa imkan verə bilər. Əvvəllər Rusiyadan idxal edilən bir çox məhsulların alternativi yox idi. Türkiyədən daha keyfiyyətli və alternativ yüngül sənaye məhsullarının Ermənistan bazarına daxil olması isə ölkə iqtisadiyyatında canlanmaya və rəqabət potensialının artmasına səbəb ola bilər.
"Digər tərəfdən, gömrük rüsumlarından daxilolmaların artması və quru sərhədlərin açılması Ermənistanın turizm potensialına da əlavə gəlirlər qazandıra bilər. Yəni bu proses həm daxili bazarda qiymətlərin sabitləşməsi, həm də dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması baxımından Ermənistan üçün müəyyən üstünlüklər yaradır. Eyni zamanda milli valyutanın möhkəmlənməsi üçün də əlavə imkanlar formalaşdırır. Bütün bunların nəticəsində həm Türkiyənin Ermənistanla sərhəd bölgələrində, həm də Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən yaşayış məntəqələrində əhalinin sosial rifahının yaxşılaşması ehtimalı artır. Çünki quru sərhədlərin açılması və iqtisadi münasibətlərin normallaşması halında Ermənistanın sərhədyanı bölgələrində yaşayan insanlar daha çox Türkiyəyə qısamüddətli səfərlər etməyə üstünlük verə bilərlər. Bu cür səfərlər zamanı ərzaq məhsullarından tutmuş müxtəlif sənaye mallarına qədər fərqli məhsulların Türkiyədən Ermənistana gətirilməsi arta bilər. Nəticə etibarilə bu proses Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən rayon və kəndlərində yaşayan əhali üçün daha əlverişli sosial-iqtisadi şərait formalaşdıra bilər. Ümumilikdə isə bütün bu amillər Ermənistan üçün iqtisadi baxımdan müəyyən üstünlüklər vəd edir", - deyə iqtisadçı qeyd edib.
Səidə Ramazanova