Prezidentdən xarici telekanallar vasitəsilə dünyaya vacib mesajlar
8 Oktyabr 2020 16:05 SosialArtıq bir xeyli müddətdir ki, dünyanın əsas aparıcı televiziya kanallarının diqqəti Cənubi Qafqaz regionuna, xüsusilə də Azərbaycana, Azərbaycanın başladığı haqq işi uğrunda mübarizəyə yönəlib. Döyüşlərin getdiyi ön cəbhədən reportajlar hazırlayan xarici televiziya kanalları eyni zamanda Azərbaycanın rəsmi mövqeyini də öyrənməyi, yaranmış vəziyyətə aydınlıq gətirməyi daha məqsəduyğun hesab edirlər. Bu mənada ötən bir nüçə gün ərzində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə müsahibə üçün müraciət edən xarici televiziya kanallarının sayının kifayət qədər çox olması başadüşüləndir. Məlumat üçün qeyd edək ki, erməni təxribatına qarşı başlayan əks hücum və genişmiqyaslı hərbi əməliyyatların davam etdiyi bu müddət ərzində onlarla xarici media, KİV, televiziya kanalında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müsahibələri, mövcud vəziyyətlə bağlı fikirləri, dəyərləndirmələri yer alıb ki, bu da ölkəmizin haqq səsinin dünyaya çatdırılması, mövcud vəziyyət barədə beynəlxalq aləmin məlumatlandırılması baxımından olduqca əhəmiyyətlidir. Qeyd edək ki, dövlət başçısı bu müddət ərzində Türkiyənin "TRT Haber", SNN Türk, "Əl Cəzirə", "Əl-arabiya", "Euronews", eləcə də bir neçə xarici telekanallara müsahibə verib, Rusiya televiziya kanallarına videobağlantı ilə qoşularaq rəsmi Bakının mövqeyini bir daha açıq şəkildə ifadə edib.
Azərbaycan Prezidentinin xarici KİV və televiziya kanallarına verdiyi müsahibələrin əsas ana xətti, məğzini bir neçə vacib məqam təşkil edir. Birincisi,, hətta ən başlıcası ondan ibarətdir ki, dövlət başçısının dediyi kimi Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb, geridə qalan 30 il ərzində münaqişənin sülh, danışıqlar yolu ilə həllinin tərəfdarı olub. Dəfələrlə münaqişə həll edilmək ərəfəsində olanda, işğalçı Ermənistan rəhbərliklərinin qeyri-konstruktiv mövqeyi problemin həllinə mane olub. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti və xalqı səbr, dözüm nümayiş etdirib. Lakin son aylarda işğalçı ölkənin rəsmilərinin yeni ərazi iddiaları ilə çıxış etməsi və ən son sentyabrın 27-də növbəti dəfə təxribata cəhd göstərmələri Azərbaycan Ordusunu əks hücuma keçmək məcburiyyətində qoyub. Və ötən 10 gündən artıq müddətdə Azərbaycan Ordusu kifayət qədər irəliləyərək düşmənə ağır zərbə vuraraq işğal altında olan bir sıra ərazilərimizi azad edib. Dövlət başçısının xarici telekanallara verdiyi müsahibələrdən aydın olur ki, rəsmi Bakı işğal altında olan ərazilərimizi azad etmək istiqamətində əməliyyatları davam etdirməkdə qərarlıdır və buna da heç bir qüvvə mane ola bilməz. Çünki bizim işimiz haqq işidir.
Prezident İlham Əliyevin xarici televiziya kanallarına verdiyi müsahibədə əsas diqqət yetirdiyi digər önəmli məsələ bəzi beynəlxalq təşkilatlar və qurumların Azərbaycanın haqq işinə mane olmaq cəhdləri ilə bağlıdır. İlham Əliyev həmin dairələrə haqlı olaraq öz iradını bildirərək qeyd edib ki, Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə heç bir qüvvə mane ola bilməz. Çünki bu rəsmi Bakının tam hüququdur və bu hüququ bizə beynəlxalq konvensiyalar, qanunlar verir. Azərbaycan əsgəri işğalçı yox, xilaskar əsgərdir. Vəziyyətin indiki duruma gəlib çıxmaması üçünsə Azərbaycan Prezidenti dəfələrlə həm işğalçı Ermənistan, həm də onun havadarlarına, eləcə də beynəlxalq təşkilatlara xəbərdarlıq edib.
Nəhayət, dövlət başçısının müsahibələrində diqqət çəkən üçüncü məqam ondan ibarətdir ki, atəşkəs əldə edilə bilər. Ancaq bir şərtlə. Ermənistan işğal altında olan ərazilərimizi tərk etməlidir. Məsələ bui qədər bəsit və həlli mümkündür. İndi qalır Ermənistanın havadarlarının işğalçı ölkəni yola gətirməyi. Ya sülh, ya da sonuncu erməni əsgəri Qarabağda məhv edilənə qədər müharibə. Çünki Prezident İlham Əliyevin dediyi kimi bu gün güclü Azərbaycan Ordusu qarşısına qoyduğu bütün hədəfləri icra etməyə qadirdir. Dünyanın 50 ən güclü ordusu sırasında qərarlaşan Azərbaycan Ordusunun düşmən üzərində zəfər çalacağı gün də uzaqda deyil.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyir ki, Azərbaycan heç zaman imkan verməyəcək ərazisində ikinci erməni dövləti yaradılsın: "Onsuz da indiki Ermənistan tarixi Azərbaycan torpaqları üzərində yaradılıb. İrəvan, Zəngəzur, Dərələyəz, Mehri, Göyçə və başqa ərazilər Azərbaycanın əzəli, tarixi torpaqlarıdır. Sadəcə XIX əsrin əvvəllərindən başlayaraq, Gülüstan və Türkmənçay müqavilələri əsasında Rusiya imperiyasının vasitəçiliyi ilə Azərbaycan torpaqlarına köçürülən ermənilər zaman-zaman torpaqlarımızı ilhaq və işğal etdilər. Elə Qarabağı da bu məqsədlə işğal etmişdilər. Bu səbəbdən də, bu gün Azərbaycan dövləti imkan verməz ki, Qarabağda növbəti erməni dövləti yaradılsın. Prezident İlham Əliyev "Əl-Ərəbiyə", "TRT Haber", "Əl-Cəzirə" televiziya kanallarına, eləcə də Cəbrayıl şəhərinin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bu məsələyə xüsusi olaraq aydınlıq gətirmişdi. Bu gün Azərbaycana haqq işinə görə təzyiq edən ölkələrin hansı biri ərazisində erməni dövlətinin yaradılmasına icazə verər? Yaxud da ki, dünyada nə üçün hansısa xalqın iki dövləti olmalıdır? Və ya hansısa ölkənin ərazisində hansısa millətin nümayəndələri yaşayırlarsa, demək onlar özlərinə dövlət yaratmalıdırlar? Belə çıxır ki, ermənilərin timsalında onlar ABŞ-da, Rusiyada, Fransada özlərinə ayrıca dövlət qurmalıdır. Bəs, o zaman sual yaranır ki, Fransa nə üçün Azərbaycana təzyiq edir? Hansı səbəbdən hərbi əməliyyatların dayandırılmasını istəyir? Məhz, bu məsələ ilə bağlı Cənab Prezident İlham Əliyev "Əl-Ərəbiyə" televiziya kanalına müsahibəsində açıq şəkildə dedi ki, əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər. Hətta, onu da qeyd edim ki, Fransa ABŞ-dan sonra dünyada ən çox erməninin yaşadığı ikinci ölkədir". Deputat hesab edir ki, bu mənada ermənilərin say baxımından dünyada üstün olduqları və hətta artıq o ölkənin etnik azlığına çevrilmiş ölkələrindən biri Fransadır: "Nə üçün Fransada yaşayan 600 mindən çox erməniyə dövlət yaratmağa imkan vermirlər? Hətta, məsələyə bir qədər konkretləşdirmə ilə baxaq. İndiki şəraitdə Qarabağda 100 mindən çox erməni yoxdur. Lakin Fransa kimi bəzi ölkələr ermənilərin özmüqəddaratını təyin etməsinə şərait yaradılmasını tələb edirlər. Belə çıxır ki, dünyanın harasında 100 mindən çox erməni yaşayırsa, onlara dövlət yaratmağa şərait yaradılmalıdır. Bu məntiqdən çıxış etsək, o zaman Paris regionundakı 200 min, Marsel regionundakı 150 mindən çox, Lion regionundakı 150 min erməni əsilli fransıza ayrı-ayrı 3 dövlət yaradılmasına imkan verilməlidir. Görürsünüzmü, nə qədər absurd bir iddiadır. Belə bir presedent olsa, ən böyük zərbə elə Fransanın özünə dəyə bilər. Təkcə ermənilər deyil, ərəblər də belə iddia ortaya qoya bilər. Bir sözlə, Azərbaycan ərazisində ermənilərə müqəddərat istəyən Fransa bunu əvvəlcə ölkəsində yaşayan 100-dən çox etnik qrup üçün tətbiq etməlidir. Ona görə də, düşünürəm ki, Fransanın daxili siyasi məsələlərinə yönəlik Qarabağ kimi strateji problem üzərindən oynaması heç də yaxşı perspektiv vəd etməz".
Sədaqət Vəliyeva bildirib ki, Fransa kimi ABŞ və Rusiya da ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi neytrallıqlarını qorumalıdırlar: "Qarabağ müharibəsi onlar üçün bir qlobal etimad sınağıdır. Əgər Qarabağ müharibəsində neytrallıqlarını qorumasalar, qlobal miqyasda onların sülhyaratma imicinə zərbə dəyəcək, bundan sonra onlara dünyanın problemlərinin həllində heç kəs inanmayacaq, etibar etməyəcək". Deputat onu da vurğulayıb ki, ATƏT-in Minsk qrupunun üzvü kimi etimadını itirmiş Fransanı qardaş Türkiyə əvəzləməlidir: "Türkiyə hər zaman olduğu kimi bu çətin günlərdə də Azərbaycana mənəvi dəstək göstərir. Bu mənada Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın, eləcə də qardaş ölkənin rəsmilərinin, siyasi partiya rəhbərlərinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu. Bütün maraqlı qüvvələr bir daha gördülər ki, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır".
Sədaqət Vəliyeva qeyd edib ki, Türkiyə hazırda regionda tarazlaşdırıcı qüvvə kimi çıxış etməkdədir: "Türkiyə Azərbaycana strateji tərəfdaş və qardaş ölkə olsa da, hazırda Qarabağın işğaldan azad olunması prosesində iştirakçı qismində çıxış etmir. Bu cür saxta xəbərləri ortaya atan Paşinyan çalışır ki, müharibəyə üçüncü tərəfləri cəlb etsin. Ermənistanın baş naziri ölkəsinin işğalçılıq siyasətinin ifşa olunduğunu da anlayır, lakin maksimum səy göstərir ki, Rusiya, KTMT faktorlarından Azərbaycana qarşı istifadə etsin. Paşinyan Türkiyə amilini həm də erməni ictimai rəyinə sırımağa çalışır. Çünki Azərbaycanın Qarabağda əks-hücuma keçməsinin ədalətli olduğunu yaxşı başa düşür və anlayır ki, Azərbaycan qısa zamanda torpaqlarını işğaldan azad edəcək, rəsmi Yerevan isə təslim olmağa məcbur olacaq. Ona görə də, indidən məğlub olmuş ölkənin baş naziri hakimiyyətini qoruyub saxlamaq üçün zəmin formalaşdırır ki, guya o, təkbaşına Azərbaycan və Türkiyəyə qarşı vuruşub. Lakin həm erməni xalqı, həm də dünya ictimaiyyəti açıq şəkildə görür ki, Azərbaycan Qarabağı təkbaşına azad edir. Paşinyan isə bu cür siyasi-hərbi manipulyasiyalarla əslində məğlubiyyətdən sonra hakimiyyətdə qalmaq imkanlarını formalaşdırır. ATƏT-in Minsk qrupunun üzvü kimi etimadını itirmiş Fransanı qardaş Türkiyə əvəzləməlidir. Azərbaycanın mülki əhaliyə qarşı terror həyata keçirən Ermənistana qarşı Qarabağda əks hücuma keçdiyi gündən neytrallığını qoruya bilməyən Fransa açıq şəkildə Yerevanı dəstəkləyir. Rəsmi Paris Dağlıq Qarabağ münaqişəsinin həllində tənzimləyici rolunu almış ATƏT-in Minsk qrupunun üzvü kimi deyil, Ermənistanın "bacısı" kimi çıxış etdi, guya Türkiyə Azərbaycan tərəfdən Qarabağda savaşmaq üçün Suriyadan muzdlular gətirir kimi cəfəng bəyanatlarla da çıxış etdi. Lakin artıq sübut olundu ki, Ermənistan muzdlu terrorçulardan istifadə edir. Bu barədə videolar, fotolar, beynəlxalq media qurumlarında informasiyalar dərc olunub. Bununla da Türkiyəyə iftira atan Fransa da Ermənistan kimi biabır oldu, etimadını itirdi. Düşünürəm ki, qısa zamanda Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və işğal olunmuş torpaqlarımızın azad olunmasından sonra sülh prosesi başlayanda əgər yenidən ATƏT-in Minsk qrupu nizamlayıcı qismində çıxış edərsə, o zaman Fransa qardaş Türkiyə ilə əvəzlənməlidir. Çünki bu gün Azərbaycan ictimaiyyətinin nəzərində Fransanın etmad krediti tamam tükənib".
Füzuli