Qənirə Paşayeva Rusiyada yaşayan həmvətənlərimizə və Güneyli soydaşlarımıza çağırış etdi
8 Oktyabr 2020 15:44 SosialMədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında çıxış edərək, ordumuzun Ermənistan Respublikası silahlı qüvvələrinin sentyabrın 27-dəki hücumuna cavab olaraq başlatdığı əks-hücumda əldə etdiyi qələbələrdən və bəzi beynəlxalq reaksiyalardan danışıb, bir sıra çağırışlar edib. Öncə, qəhrəman hərbçilərimizə yeni uğurlar, şəhidlərimizə Tanrıdan rəhmət diləklərini çatdıran Qənirə Paşayeva, Rusiyanın bir sıra telekanallarında anti-Azərbaycan təbliğatı aparıldığını vurğulayaraq, Rusiyada yaşayan həmvətənlərimizə çağırış edib. İşğalçı Ermənistanın yaydığı saxta, riyakar və hiyləli məlumatlara istinad edərək, Azərbayacanın haqlı mövqeyinə qarayaxma kampaniyası aparan Rusiya TV-lərini kəskin qınayan Millət vəkili, Rusiyada nüfuz sahibi olan Azərbaycanlı ziyalıları, iş adamlarını haqlı mövqe bildirməyə, o cümlədən Rusiya vətəndaşı olan çoxsaylı soydaşlarımızı belə hallara qarşı öz etiraz səslərini ucaltmağa dəvət edib.
İranda, öz dədə-baba torpaqlarında yaşayan çoxmilyonlu soydaşlarımıza da müraciət edən Qənirə Paşayeva, son günlər İran üzərindən Ermənistana hərbi təyinatlı yüklər daşınmasına qarşı haqq səslərini ucaltdığına görə onlara təşəkkür edib; günahsız insanların qanını axıtmağa xidmət edən belə yüklərin daşınmasına imkan verilməməsinin vacibliyini qeyd edib. Qənirə Paşayeva Güneyli soydaşlarımızı daha da həssas, qətiyyətli və fəal olmağa səsləyərək, Tovuz hadisələrindən bəri ardıcıl xarakter almış Rusiya-İran-Ermənistan marşurutu üzrə hərbi silah-sursatın daşınmasını durdurmaq üçün qanuni etiraz hüququndan istifadə etməyə çağırıb.