Mayis Səfərli: “Vətən uğrunda vuruşmaq hər birimizin borcudur”
29 Sentyabr 2020 18:55 Sosial"Üç gündür ki, Vətənimizdə hər kəsin üzü gülür. Nəhayət, gözlədiyimiz tarixi anları yaşayırıq. Hamımız cəbhədən xoş xəbərlər gözləyirik. Şükürlər olsun ki, gələn xəbərlər qəlbimizi dağa döndərir. Hər birimiz Ordumuzun uğurları ilə yaşayırıq. Tanrı Əsgərimizi qorusun!" "Olaylar" xəbər verir ki, bunu FS səhifəsində Yurddaş Partiyasının sədri Mayis Səfərli qeyd edib:
"... Günorta saatlarında telefonuma zəng gəldi. Açdım. Ədəb-ərkanla salamlaşan tanımadığım bir şəxs mənə sual etdi: -İsmayıl Səfərli sizin oğlunuzdur?
Narahat oldum. Görəsən nə olub?-öz-özümə düşündüm. Axı, oğlum müəllim yanına, hazırlığa gedib.
-Bəli, mənim övladımdır.
-Hərbi səfərbərlikdəndir,-zəng vuran şəxs sözünə davam etdi. -İsmayıl gəlib bizdən təkidlə müharibəyə göndərilməyini xahiş edir.
Kövrəldim. Sevincimdən nitqim tutuldu. Özümü birtəhər toparladım:- Vətən uğrunda vuruşmaq hər birimizin borcudur!- titrək səslə cavab verdim.
-O, hələ uşaqdır, 14 yaşı yenicə tamam olub. Qanun yol vermir-deyə müsahibim bildirdi.
-Onun adaşı Böyük Şah İsmayıl 14 yaşında Vətən uğrunda vuruşub-əlavə etdim.
Səfərbərlik idarəsinə yollandım. Adam əlindən tərpənmək olmurdu. Səfərbərliyə çağrılan və könüllülər idarənin qarşısına toplaşmışdılar. Avtobuslar yola düşmək üzrəydi.
İsmayıl əkiz tayı bacısı Məltəmə və mənə sarıldı.
-Ata, nə olar qoy gedim! Mən də vuruşmaq istəyirəm! Qubadlıya getmək, babalarımın qəbrini ziyarət etmək istəyirəm!.."