Tfu sizin üzünüzə -Züleyxa Nadir yazır

Züleyxa NADİR

Dünyanın başı üzərini alan COVİD - 19  bəlasının "sədaları" altında inlədiyimiz bir zamanda bəzilərinin cahilliyi adamı  koronovirusdan da betər ağrıdır. COVİD-19 bitəcək, həyat normala  dönəcək, amma  "bəziləri" dediyim həmin  kəsimin avamlığı,  cahilliyi bitməyəcək. XXI əsrdi, kompüter texnologiyalarının, internetin həyatımızı idarə etdiyi bir zamandı. Dünya hər gün, hər saat, hər dəqiqə dəyişir. İnsanlar balaca bir düyməyə toxunmaqla yer kürəsinin  hansısa bir nöqtəsində baş verən olayla tanış olurlar. Amma bizim o avam, cahil kütlə gözünü Mehdi adlanan imamın yoluna dikib, qulağını imamın səsini eşidəsəyi inamı ilə açıq tutub.

Bəsirət gözü, ağlı, düşüncəsi bağlı olan bu adamları görəsən kim, nə bu günə qoyub? Hardandı bu inam ki, Mehdi gələcək, dünyanı düzəldəcək, zamanın sahibi olacaq? Peyğəmbərlər öz zamanlarında  dünyanı tam düzəldə bilməyiblər. Mehdi gəlib əyilmiş tərəzini, pozulmuş mizanı necə düzəldəcək? Yoxsa koronovirusu  yoxa çıxaracaq? İnsan nə qədər cahil olmalıdır ki, bu cür cəfəngiyata inana bilsin?! İnsan nə qədər avam olmalıdır ki, yerin-göyün, bütün zamanların sahibi Allah olduğunu anlaya bilməsin. Mehdi gəlib Allahlıqmı edəcək? Onu yaradana asimi çıxacaq?

Cahilliyin  ən pik nöqtəsi odur ki, hətta kimisə Mehdi elan edib ona imam gözündə baxanlar da var. Pir kimi kimi başına fırlanırlar. Ətəyini, əlini öpdürən isə bundan feyziyab olur, özünün gerçəkdən də imam, peyğəmbər olduğuna inanır. Vallah adam az qalır desin ki, tfu sizin üzünüzə! Allahdan qorxmursunuzmu? Amma görünən o ki, onlar nəinki Allahdan qorxur, hətta  Allahı belə tanımaq istəmirlər. Zəmanənin sahibi  hesab etdiklərinə sitayiş edir, önündə baş əyirlər. Sadəcə  rəzillikdi.

Mehdinin gələcəyi günü gözləyənlərdən soruşmaq lazımdı ki, neyniyəcək? Hansı əyrinizi düzəldəcək, pis əməlinizi yaxşılaşdıracaq? Dindən, İslamdan, Qurandan  xəbərsiz düşüncələrinizimi yoluna qoyacaq? Məhəmməd peyğəmbərin  dediklərinə, Allahın buyurduqlarına əməl etmirsiniz. İnsanlığın bəyannaməsi olan Quranı oxumursunuz. Mehdi gəlib əlinizə Kitabmı verəcək? Bəlkə elə hesab edirsiniz ki, Mehdi Allahı, peyğəmbəri danacaq, Qurandan imtina edəcək, özü hər şeyi yenidən qurub-yaradacaq? Yerin-göyün sahibi olmaq missiyasını boynunamı götürəcək?! Əlinə Quran  almayan, amma dindən-imandan ağızdolusu danışan cahil kütləyə Mehdi necə təsir edəcək? Halbuki Quranı oxumaq əvəzinə öpüb şkafın başına qoymaqla dünya düzəlmir. Allahın dediklərinə əməl edilsə, peyğəmbərin məsləhətləri, nəsihətləri yerinə yetirilsə dünyamız  çox gözəl olar, Mehdiyə gərək qalmaz.

Lap tutaq ki, siz deyən oldu. Amma o yazıq Mehdi görəcək ki, insanlıq itib, bəşəriyyət yolunu azıb... vallahi-billahi  gəldiyinə peşman olacaq. Məmur özbaşınalığı, onların övladlarının harın hərəkətləri, rüşvət,  korrupsiya, səlahiyyətlilərin çoxunun  "mənəm-mənəm"liyi, sadə, kasıb təbəqənin haqqının tapdanması və s. bu kimi halların qarşısında Mehdi neyniyə biləcək? Güclünün gücsüzü tapdaladığı, yamanın yaxşını üstələdiyi, xainin,  paxılın, xəbisin artıığı, çirkinin gözələ ağız büzdüyü, savadsızın alimə rişxənd etdiyi, dinsizin-imansızın "at oynatdığı" bu zamana necə sahiblik edəcək?

Bəşəriyyətin COVİD-19 adlı mikrobdan dolayı başının ağrıdığı bir zamanda televiziyaların  insanların ağrı-acısına məlhəm olmaq əvəzinə ucuz şoularla efiri doldurmaları, müqənni tayfasının  bir çox nümayəndələrinin xalqa əxlaq dərsi verməsi, yol göstərməsi, özlərində olmayan ali hissslərdən ağızdolusu danışmaları kimi əməlləri aradan qaldırmağa Mehdinin  gücü çatacaqmı?  SÖZ xiridarları qalıb  bir kənarda bayram nurlular, toliklər  söz sahibi olublar. Dünyanın başqa nöqtələrində ən müasir  texnologiyalardan danışılanda, ixtira və kəşflər müzakirə olunanda bizdə bayram nurlu kimiləri  gündəmi zəbt edirlər. Bu cür insanların bahalı və dəbdəbəli villaları  Azərbaycan efirlərində  nümayiş olunanda, Avropada alimlərin elmi kəşfləri yazılı və elektron mətbuatda, televiziyalarda yer alır.  Bayramlar, toliklər sayılıb-seçilən hörmət-izzət sahibləri kimi yuxarı başa çəkiləndə, az qala önündə təzim ediləndə, əlbəttə, cəmiyyətin tarazlığı pozulacaq. Mehdi bu tarazlığı düzəldə biləcəkmi? Cəmiyyətin bayram nurluların, toliklərin çürütdükləri tərəfini bərpa edə biləcəkmi?  Zəmanəyə sahiblik edəcək Mehdi onu kirləndirənləri, ucuzlaşdıranları necə islah edəcək? Nə qədər ki, inkişaf etmiş,  səviyyəli, intellektual cəmiyyət yoxdu, o qədər bayram nurlular "qəhrəman" olacaqlar. Nə qədər ki, Mübariz İbrahimov, Ramil Səfərov, şəhidlərimiz, digər milli qəhrəmanlarımız, eləcə də aprel döyüşlərinin igid oğulları, qaziləri ucuz tutulacaq o qədər bu adamcığazlar cəmiyyətin üst qatında yer alacaqlar. Mehdi gəlib hər kəsin yerini göstərib, haqqı itirilənlərin haqqını  qaytara biləcəkmi?

Mehdi gəlib kasıbçılıqdan dolayı azyaşlı uşaqlaını  məktəbdən ayırıb dilənçilyə göndərən valideynlərə nə ad verəcək? Erkən nikahlardan dolayı cəmiyyətdə nə qədər boşanmaların, qətllərin, cinayətlərin  baş verdiyini görməyəcəkmi? 13-14 yaşlı qızlarının əynindən məktəbli paltarını çıxarıb gəlinlik geyindirən analara tərs şillə çəkməyəckmi?

Kefli İsgəndər zəmanəsində yolunu azmış adamlarının üzünə belə tüpürdü: "Baxın! Yaxşı baxın! Diqqәtnәn baxın! Sizin tarix kitabında bu, qan ilә yazılmış bir sәhifәdir. Sizdәn sonra gәlәnlәr bu kitabı vәrәqlәyib, bu sәhifәni görәndә sizi yada salıb deyәcәk: tfu sizin üzünüzә! Bağışlayın, kefli İskәndәr bir az biәdәblik elәyir. Amma indi dә növbәt mәnimdir. Mәn demirәm ki, siz niyә bu balaca uşaqları zornan gәtirib qatdız bu fahişәxanaya. Söz yox, siz bunlara deyәndә ki, sәni verirәm bu şeyxә, bu biçarәlәr çığırıb bağırırdılar vә sizin çirkli ayaqlarınızı öpә-öpә yalvarırdılar: "Ata, aman günüdür, mәni anamdan ayırma"!.. Yox, mәn ondan ötrü incimirәm. Çünki siz qızlarınızı bura çәkә-çәkә elә xәyal edirdiniz ki, bunları behiştә çәkirsiniz vә İsfahan şeyxlәri sizi inandırmışdılar ki, hәr kәs bu mübarәk otağa qәdәm qoysa, ölәndәn sonra qiyamәtәdәk qәbrin dәriçәsindәn mәlakәlәrlә söhbәt edәcәk. Amma zәmani ki, ricәt mәsәlәsi ortalığa qoyuldu vә Şeyx Nәsrullah ölülәrin dirilmәk ixtiyarını qoydu sizin qabağınıza, siz, dәriçәdәn mәlakә axtaranlar, ölәn qardaşlarınızın, bacılarınızın vә övrәt-uşaqlarınızın dirilmәyinә razı olmadınız. Niyә razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz; ölәn qardaşlarınızın arvadını almısınız, ölәn dostlarınızın yetimlәrinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gәlsinlәr vә sizin әmәllәrinizi görüb desinlәr: tfu sizin üzünüzə"!

İndi mən özümü kefli İsgəndərin  yerinə qoyub deyirəm:  Ey cahil kütlə,  ey avam insanlar, Mehdi gəlməyəcək!  Bunu sizə kim inandırıb? İsfahan lotularımı sizi yoldan çıxarıb? Heçlikdən var yaradan yalnız Allahdır. Allahın Kitabında da bu yazılmayıb, Mehdi adlı imamın gəlib zamanın sahibi olacağına işarə belə yoxdu. Lap əgər  xəyallarınız gerçəkləşsə belə əmin olun ki, Mehdi gəlib bütün bu sadaladığım və sadalamadığım əyrilikləri görüb  kefli İsgəndər kimi sizi danlayıb deyəcək: tfu sizin üzünüzə!

Odur ki, gözünüzü yollardan çəkin...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31