BUXOV və yaxud mədəniyyətimizdə narkoplantasiya -Züleyxa Nadir yazır

Züleyxa NADİR

Hansısa mədəniyyət idarəsinə rəhbərlik etmək mədəniyyətsizlik nümayiş etdirməyə əsas vermir. Nə də o demək deyil ki, öz tərbiyəsizliyini, əxlaqsızlığını ətrafdakıların gözünə soxasan. Əxlaqsızlıq  təkcə sənə yad olan kiminsə yatağına girmək deyil. Ən böyük əxlaqsızlıq  tutduğun vəzifədən sui-istifadə etməkdi. Ən böyük tərbiyəsizlik mədəniyyətin bütün elementlərini özündə ehtiva edən bir quruma  rəhbərlik etməklə ətrafdakılara  "mədəniyyət" dərsi verməkdi. Ki... bunu da Agstafa rayon mədəniyyət evinin direktoru Vaqif Mehdiyev xeyli vaxtdır edirmiş. Necə, hansı formada? Çox "mədəni" formada, çox da  "sivil" qaydada...

Əslində bu yazı Vaqif  Mehdiyevin əməli faş olan gün yazılıb. Mədəniyyətimiz adına utandığımızdan vermədik. Amma eşidəndə ki, Azərbaycan Dövlət Nəfəs Alətləri orkestrinin bədii rəhbəri Lütfi Qədirov rüşvət üstündə yaxalanıb..

Adam mədəni işlər görmək əvəzinə insanları "mədəni" şəkildə  zəhərləyirmiş. Şəxsi  torpaq sahəsində xüsusi aqrotexniki qaydada kultivasiya yolu ilə çətənə - Kannobis bitkiləri becərirmiş."Becərirmiş" deyəndə ki, özü şəxsən əlini də vurmurmuş. Plantasiyanı becərən fəhlələr, mühafizəçilər, onlara  yemək-içmək hazırlayan aşpaz Vaqif Mehdiyevin  özünün və çətənə plantasiyasının xidmətində imiş. Sən demə Vaqif Mehdiyev mədəniyyət  evinin direktoru yox, əməlli - başlı iş adamı, biznesmen imiş. Bu arada... ona görə keçmiş zamanda yazıram ki, artıq Vaqif Mehdyevin plantasiyasına "əl qoyulub". Rayon polis şöbəsinin əməkdaşları xüsusi əməliyyat keçirərək mədəniyyət  evinin direktorunu evindəcə həbs ediblər. O,  bundan sonra başqa bir evdə - həbs evində "yaşayacaq".  Nə qədər yaşayacaq, neçə il düşünəcək, ona məhkəmə qərar verəcək. Hələlik isə bir cox məsələlər var ki, əlaqədar qurumlara və Vaqif Mehdiyevin nəzərinə  çatdırmaq istəyirəm. Şəxsən Mehdiyev indi cavab vermək iqtidarında olmasa da inanıram ki, bu yazını nə zamansa oxumaq fürsəti olacaq və anlayacaq ki, nə qədər böyük cinayət edib. Ən pis cinayət narkotika ilə insanları  zəhərləmək, onları asılı vəziyyətə salmaqdı.

Vaqif Mehdiyev  həm də murdar cinayətkardı. Təbii ki, cinayətin təmizi, murdarı, ya da  yaxşısı, pisi olmur. Amma narkotik cinayəti, sözün həqiqi mənasında murdarlıqdı, başdan-başa çirkaba batmaqdı. Bu cinayətin qurbanı bir nəfər deyil, yüzlərlə, minlərlə olur. Cinayətkar  bir nəfəri deyil,  minləri, milyonları məhv edir. Millətin aglını, zehnini, düşüncəsini, baxışlarını, hiss və duyğularını korşaldır, öldürür. Bundan pis, bundan üfunətli cinayət təsəvvür etmək olmaz.

Dövlət Vaqif  Mehdiyevi o vəzifəyə ona görə qoymuşdu ki, mədəniyyət məsələləri ilə məşğul olsun. Rayondakı tarixi və mədəni irsin, abidələrin qorunmasını, mədəni obyektlərin bərpasını və mühafizəsinin həyata keçirilməsində, incəsənətin bütün növlərində dövlət siyasətini tənzimləsin. Cünki insanların, xüsusilə də gənclərin asudə vaxtlarının daha yaxşı, daha səmərəli keçirilməsində bu sadaladıqlarımın çox böyük rolu var. Amma belə məlum olur ki, özü də cavan olan Vaqif Mehdiyev bu işlərə vaqif deyilmiş, cavanların taleyinə qənim kəsilibmiş. Bəlkə də ən böyük arzusu narkobaron olmaqmış.

Görəsən " gələcək narkobaron" bu işlərlə nə vaxtdan məşğul olurmuş? Mədəniyyət direktorunun narkotika plantasiyasından toplanan ümumi çəkisi  5675 kiloqram olam 30 ədəd çətənə kolu onu  deməyə əsas verir ki, bu, onun birinci işi deyilmiş. Dindirilmə zamanı deyib ki, guya çətənəni özünün şəxsi istifadəsi üçün becərirmiş. Sözündən belə çıxır ki,  adam 24 saat nəşəli olub, goylərdə "uçurmuş".  Bəs, onun işini kim görürmüş? Vəzifəsinin icraçısı kim imiş?  Təbii ki, ag yalandı. Bu qədər çətənə kolu onun  nəinki özünə, yeddi arxa dönəninə də yetər. Sadəcə qazanc, gəlir əldə etmək onu yalan danışmağa vadar edib. Narkobizneslə məşğul olanların öz aralarında qoyduqları qanun var. Soruşanda "satmıram", "tanımadığım adamdan almışam", "özüm istifadə edirəm" kimi yalanlarla vəziyyətdən çıxmağa çalışırlar. Xub! Vaqif Mehdiyev,  bəs, səndə bu qədər pul hardandı ki, şəxsi istifadən üçün bu qədər adam tutub işlədirsən?  Yoxsa adamlar sənə havayı işləyrlər? Ya bəlkə plantasiyanda işlətdiklərin də sənin  çətənə biznesinə şərikdilər?

Bu cür "kefkom", nəşəli adamı vəzifəyə kim qoyub?  Adamı işə götürəndə  araşdırmayıblarmı ki, kimdi, nəcidi, məşğuliyyəti nədi, tamahı nə qədərdi? Görünən o ki, maraqlanmayıblar. Hansısa başqa parametrlərini üstün tutub direktor stulunda oturdublar. Düşünməyiblər ki, adam sabah ifşa oluna bilər, ən iyrənc cinayət üstə tutular. Bəlkə də inanıblar, etibar ediblər ki, cavandı, idarəçilikdə bacarıqlı olar, mədəniyyət sahəsində uğurlar əldə edər. Mədəniyyət evi elə bir məkandı ki, adından da göründüyü kimi burada insani və əxlaqi dəyərləri özündə ehtiva edən işlər həyata keçirilir. Gənclər asudə vaxtlarını  daha maraqlı keçirmək üçün mədəniyyət evinə gəlirlər ki, mədəni işlərlə məşğul olsunlar. Amma mədəniyyət evinin direktoru onları mədəni şəkildə əyri yola çəkir. Hansısa bir uşağın əlinə baglama verir ki, aparıb filan ünvandakı filan adama versin. Baglamanın içində nə olduğunu bilməyən  yeniyetmə, yaxud da gənc daha sonrakı gedişlərdə bağlamanın içindəki ilə maraqlanır və... yoldan çıxır. Millətin faciəsi budu!

Bu "kefkom" adamın gördüyü  işləri polis indiyə kimi niyə görməyib? Görübsə niyə bir əncam çəkməyb? Lap elə polis olmasın, Vaqif Mehdiyevdən yuxarıda oturan səlahətlilər niyə göz yumublar? Əminəm ki, regional  mədəniyyət idarəsi, Mədəniyyət Nazirliyi, eləcə də rayonun digər əlaqədar qurumları mədəniyyət evinin direktorunun əməllərindən bixəbər olmayıblar. Çünki bütün zamanlarda çuğul ölmur, həmişə oyaq olur. Vaqif Mehdiyevin də beş dostu varsa, iki düşməni olmamış olmaz. Niyə əlaqədar qurumlar dövlətə və dövlətçiliyə zərbə vuran bu adamı vaxtında zərərəsizləşdirməyiblər? Niyə anlamayiblar ki, onun  hərəkətləri həm dövlətə, həm də prezidentə qarşı sabotajdı. Yəqin ki, anlayıblar da, biliblər də... bəlkə özləri də ona şərik olduqları üçün meydan veriblər.

Amma hər şeyin bir sonu var. Bu milləti kiçiltmək üçün ən aşağılıq işlərə əl atanlar gec-tez cəzalanırlar. Bu millətin məhvinə çalışanlar enində-sonunda layiq olduqları ən aşağı nöqtəyə yuvarlanırlar. Millətin böyüklüyü onun mədəniyyətində, əxlaqındadı. Əxlaq mədəniyyətin ən vacib elementidi. Əxlaq cəmiyyətdə davranış  qaydalarını  tənzimləyən vasitədi,  normadı. Mədəniyyət isə insanların  cəmiyyətdə bir-birilərinə ötürdüyü münasibətlərin toplusudu, onları etik çərçivədən kənara  çıxmağa  qoymayan "buxovdu" - sözün yaxşı mənasında. Məhz həmin "buxov" insanların şüurunda davranış mədəniyyətini formalaşdırır. Amma görünən o ki, Vaqif Mehdiyev həmin "buxovu" mədəniyyətsizcəsinə sındırıb. Dünən insanları narkotika ilə zəhərləyib, asılılıq buxovuna salan mədəniyyət direktoru bu gün özü  cinayət məcəlləsinin qanunları ilə buxovlandı.

O, bu "buxovu"  hələ uzun illər sındıra bilməyəcək...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31