Niyə heç bir dini, sosial əsası olmayan adətlərdən yaxa qurtara bilmirik? SOSIAL

İnsanların maddi imkanlarına tərs mütənasib olan yas mərasimlərindən imtina üçün münasib şərait yaranıb

Cəmiyyətin uzun müddətdən bəri adət etdiyi israfçı ehsan məclislərindən imtina çağırışları hələ ki, tam şəkildə həllini tapmayıb. Məlumat üçün qeyd edək ki, vaxtilə bu sahədə maarifləndirmə işinin effekt vermədiyini görən hökumət alternativ məcburetmə tədbirlərinin tətbiqinə start verdi. Düzdür, ilk günlərdə hökumətin icbari ehsan islahatları respublikanın müxtəlif regionlarında bəhrəsini verdi. Daha dəqiq desək, paytaxt  Bakı da daxil olmaqla  bir neçə əyalətdə təşkil olunan dəbdəbəli ehsan məclisləri yığışdırıldı. Yəni, yerlərdə yerli icra hakimiyyətləri və bələdiyyələrin  təkidi ilə məclislərin ən azından hökumətin təklif etdiyi kimi sadə - qənd, çay, xurma və halvadan ibarət olmaqla - təşkil olunmasının şahidi olduq. Ancaq təəssüflər olsun ki, müxtəlif yollarla yas mərasimlərini dəbdəbəli şəkildə təşkil edənlər də tapıldı. Vəziyyət o həddə çatmışdı ki, yas sahibləri nəzarət qurumlarına rüşvət təkif edirdilər ki, dəbdəbəli yas mərasimi təşkil etmələrinə göz yumsunlar. Qeyd edək ki, yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün bir müddət əvvəl hökumət qurumları tərəfindən yeni qaydalar tətbiq olunmağa başlayıb. Yeni qaydalara əsasən  yas mərasimlərində yemək məclisləri ləğv olunub, məclisə gələnlərə yalnız çay və halva verilməlidir.  Bununla bağlı icra hakimiyyətlərinə tapşırıq verilib, onlar da öz növbəsində yerli din xadimləri, icma rəhbərləri, ağsaqqallarla danışaraq insanları israfçı yas adətlərindən çəkindirmək üçün qaydaları təklif ediblər. Artıq bir sıra bölgələrdə məhz icra orqanları, eləcə də polisin müdaxiləsi ilə təşkil olunan dəbdəbəli yas məclislərini aradan qaldırmaq mümkün oldu. Lakin, etiraf edilməlidir ki, ölkədə dəbdəbəli yas mərasimlərinin tamamilə aradan qaldırmaq mümkün olmayıb. Vəziyyət o həddə çatıb ki, koronavirus (COVİD-19) pandemiyasının geniş yayıldığı bir məqamda insanlar dəbdəbəli yas mərasimi keçirməyə cəhd edirlər. Daxili İşlər Nazirliyiyin yaydığı məlumata görə,

Masallı Rayon Polis Şöbəsinə rayonun Ərkivan qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb. Onlardan 3 nəfəri Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə protokol tərtib edilərək cərimə olunublar. Həmçinin yas mərasimi təşkil etmək istəyən Abşeron rayon Qobu qəsəbəsinin 8 sakini polis bölməsinə gətirilərərk barələrində protokol tərtib olunub. Məsələ orasındadır ki, həmin insanlar yas mərasimlərinin koronavirusun yayılma mənbəyi olduğunu bilməmiş deyillər. Bununla bağlı mətbuatda kifayər qədər məlumat yayılıb. Elə bu səbədən də yas adətlərinin məcburi şəkildə dəyişdirilməsi, ehsan süfrələrinə qadağa qoyulması ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Doğrudanmı, dəbdəbəli yas mərasimlərdən xilas olmaq üçün  məcburi qadağa yeganə yoldur? Başqa sözlə, cəmiyyətin məhz hökumətin qadağası  ilə adətlərdən imtinası nə qədər doğru addımdır?

Xatırladaq ki, həm din xadimləri, həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edirlər ki, ilk növbədə insanlar könüllü olaraq bu cür adətlərdən imtina etməlidir. Fikirlərini onunla əsaslandırılar ki, adət və ənənələr xalqın dəyəridir və bu qaydalar hansısa məcburi göstərişlərlə deyil, xalqın özünün könüllü istəkləri ilə dəyişməlidir. Xüsusən, hər gün xeyli sayda insanın ölümünə səbəb olan koronavirus pandemiyası dövründə bu adətin sadələşdirilməsi cəmiyyətin xeyrinə olardı. Hələ  2011-ci ildə ölkənin əsas dini qurumu olan Qafqaz Müsəlmanları İdarəsi ictimaiyyətə yas mərasimlərindəki israfçılığın günah olduğu və buna son qoyulması ilə bağlı çağırış etsə də, bu günə qədər  heç bir ciddi nəticə əldə edilməyib. Elə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı də deyib ki, İslam dininə əsasən insan vəfat etdikdən sonra onun lazımi qaydada dəfni həyata keçirilməlidir. Bunu etdikdən sonra başqa heç nəyə ehtiyac qalmır. M.Qurbanlı bildirib ki, vəfat edən insan dəfn edilir, mərasim də məzarlıqda həyata keçirilir: "Dində insanın dəfnində çox və ya az adamın iştirakı məsələsi yoxdur. Dində insan vəfat edərkən vacib olan işlərin yerinə yetirilməsi şərtdir. Hər bir dinin bununla bağlı qaydaları var. Bu qaydalar demir ki, sən kütləvi şəkildə toplaşmalısan. İndi koronavirus pandemiyası dövrüdür. Bu virusun aradan qalxması üçün insanların təmasının azaldılması, ara məsafə saxlaması zəruridir. İndi nə etməliyik, yığışmalıyıq ki, daha çox insan yoluxsun? Ona görə də yas mərasimləri dəfn mərasimi səviyyəsində həyata keçirilib yekunlaşmalıdır. Yəni əvvəlki kimi dəfindən sonra vəfat edən insanın həyətinə, evinə yığışmaq, orada ehsan vermək lazım deyil. Çünki bu, virusun yayılması üçün münbit şərait yaradır". M.Qurbanlı bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin də bununla bağlı fətvası var: "Nazirlər Kabineti yanında Operativ Qərargahın da bu barədə aydın təlimatı var. Bütün din xadimlərinə tapşırıq verilib. Bu gün məscidlər, ziyarətgahlar, senaqoqlar, kilsələr bağlıdır. Tək Azərbaycanda deyil, dünyanın hər yerində belədir. İnsanlarımız bu qaydalara əməl etməlidir, biz koronavirusa qarşı birgə mübarizə aparmalıyıq".

Ola bilər ki, yas mərasimlərilə bağlı hökumətin məcburetmə qərarına qarşı çıxanların özünəməxsus arqumentləri var. Ancaq ortada bir ciddi faktor var-insanların kütləvi toplaşdıqları yas mərasimləri ölüm mənbəyi rolunu oynayır. Millətin başçının üstünü kabus kimi almış zəhrimar koronavirus məhz belə kütləvi tədbirlərdə insanları yaxalayır. Məlum məsəldir ki, millətlər və xalqlar üçün adətlərdən imtina olduqca çətin prosesdir. Hətta ziyanlı olsa belə, insanlar vərdiş etdikləri adətlərdən imtina etmək istəmirlər. O da sirr deyil ki, dəbdəbəli yas mərasimlərinin təşkili bəzi üzdəniraq dindarların, daha dəqiq mollaların maraq dairəsindədir. Elə həmin din xadimləri məclislərdə yenə də yuxarı başda əyləşərək  israfçılıdan danışır, nəzarət qurumlarının nümayəndələri sifətlərini turşudaraq mağarın küncündə əyləşirlər, sifarişlə gətirilmiş ofisiantlar isə durmadan  yemək daşıyırlar. Bəlkə də indi məqamıdı, pandemiya imkan verir ki, israfçılıq, dəbdəbəli yas mərasimlərindən imtina edilsin. Ona görə ki, cəmiyyət heç bir dini, sosial əsası olmayan, əksinə, günaha və israfçılığa gətirən, eləcə də insanların maddi imkanlarına tərs mütənasib olan adətdən imtina etmək üçün münasib şərait yaranıb. Ümumi görüntü ondan ibarətdir ki, ictimai rəy bu dəyişikliyə hazırdır, sadəcə münasib göstəriş və ya ilk cəhd olmalıdır. Artıq ilk cəhdlər hökumət tərəfindən məhdudlaşdırıcı qərarlarla atılıb. Karantin qaydaları nəinki dəbdəbəli, ümumiyyətlə adi yas mərasimlərinin təşkilini qadağan edir. Qalır insanların tətbiq edilən rejimə anlaşıqlı yanaşaraq dini qaydalara uyğun yas mərasimləri keçirmələri ki, bu da heç kimin şəxsiyyətinə mənfi təsir edəcək məsələ deyil.

  Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31