Cahilcə söylənilənlərə uyanlar... NƏSİMİ NƏBİZADƏ YAZIR

O  köhnə filmlərimizdə baxırsız haa, fraqmentlər göstərirlər, məsələn, Bakıdan görüntülər - maşınlar küçələri yuyur, səliqə-sahman, yaşıllıq, gül-çiçək, təmizlik və s... bir-birimizə kaş elə olaydı deyirik ee... doğrudan da olub, hə, həqiqətdir... bax, o illər Bakı qızıl dövrünü yaşayıb, inanmırsız yaşı çatanlarınızdan soruşun... şəhər meri də Əliş Ləmbəranski adlı kişi olub... Aran Qarabağdan - Bərdənin Ləmbəran kəndində doğulub, böyüyüb... məzarı Fəxri Xiyabandadı... yəni bakılı olmayıb, amma bütün gücünü, həvəsini, ömrünü Azərbaycanın paytaxtına - onun dövrə görə müasirləşməsinə, gözəlləşməsinə həsr edib... bacarıb da...

Mənim bir qonşum var idi... İlqar... İlqar Rüstəmov... indi yaşadığı və uşaq vaxtı bir yerdə oynadığımız küçə onun adını daşıyır... cəbhəyə ilk könüllü gedənlərdən idi... amma ömründə Saray kəndindən çıxmamışdı... bəlkə də vur-tut 22 km aralıda yerləşən Bakını üst-üstə heç 2 dəfə görməmişdi... valideynləri, bacı-qardaşları da o cür... düşmən snayperi gözündən vurmuşdu İlqarı... atam getdi meyitini gətirməyə Tərtərə... atama danışmışdılar ki, bu oğlan elə bil Qarabağda doğulub, böyüyüb... rahatca kəşfiyyata gedirmiş... yerlilərdən daha yaxşı bələd imiş hər cığıra, hər dərəyə, hər ağacın, kolun arxasına... az müddət sonra "Qurd" ləqəbi veriblər ona - "Qurd İlqar"... məzarı Şəhidlər Xiyabanındadı... döyüşçü yoldaşı bir qızı da sevib - Rəhiləni... amma demirmiş özünə, vurulandan sonra yoldaşları deyib qıza... qəribədir, bir neçə gün sonra Rəhilə də şəhid olub və məzarı İlqarın qəbrinin yanındadır... (hər ikisi Salatın Əsgərovanın məzarının yaxınlığında dəfn olunub)...

ABŞ kimi bir dövlətin prezidenti olub - Ronald Reyqan... sənəti aktyor... bəli, peşəkar aktyor... ölkəsinin və ideologiyasının 1 nömrəli düşməni - SSRİ-nin, kommunizmin məbədinin sonunu gətirənlərdən olub... onlarla belə misal çəkmək olar... elə Vladimir Zelenski... KVN-çi... münaqişə başlayandan Kremlin sahibi ilə təkbətək görüşən yeganə Ukrayna prezidenti... və dünyaya meydan oxuyan adaşı Putinin qarşısında ölkəsinin və xalqının qorxmadığını, hər şeyə hazır olduğunu deyən dövlət başçısı...

Bizdə aktyor və aktrisaların 99 faizinin, buraxın intellekti, siyasi mövqeyi, savadı, çoxunun adi mütaliəsi yoxdu, hansı ki, bu, adı çəkilən peşə nümayəndəsi üçün hava, su kimi vacibdi, məhz onun üçündü... bizim aktyorların 99 faizinin ən böyük qabiliyyəti bir-iki qəbirüstü yazı səviyyəsində qoşulan sətiri əzbər edib, uzaqbaşı tamada, aktrisaların isə xınayaxdı aparıcılığına çatır... xahiş edirəm, "çünki sovetdənqalma bir məqsədləri olub, nə edib-edib, hamısı hansısa yolla fəxri ad almağa - ancaq buna çalışıblar" kimi kontrarqumentlər gətirməyin... o qədər rus, gürcü, hətta erməni aktyorun adını çəkərəm ki... onlar da sovet səhnəsinin adamlarıdı, fəxri ad üçün onlar da çalışıb... amma bununla yanaşı səviyyələri, çəkiləri, sambalları, fəlsəfələri olub... yəni, bizim bir etalonumuz var ee, Biləcəridən o tərəfə... həmin söhbət... məsələn, mən bir vaxtlar paxıllıq edirdim ki, "Mimino" filmində niyə məhz gürcü və erməni çəkilib, nəyə görə azərbaycanlı aktyoru, obrazı yoxdu...? Sonralar - bu bəlkə də özünütəsəlli idi, öz-özümə deyirdim ki, elə yaxşıdı yoxdu, orda guya qonşularımızı dağ başına qoyurlar...? Belə götürəndə gülüş obyektinə çeviriblər də... indi daha o cür də düşünmürəm, yuxarıda yazdığım kimi... intellekt, səviyyə tapmayıblar bəlkə də... ya da elə biliblər ki, yoxdu, heç axtarmayıblar da... bəli, bizim sənətçilər - xanımlar sadalamaq istəmədiyim məsələlərə görə saçyoldu, kişilər isə bir-birinə badalaq gəlmək, torba tikməklə, yaxud digər xoşagəlməzliklərlə yadda qalır... hətta bu adamların başqa heç nəyi daha yaxşı bacarmayacağından əmin müəlliflər ssenarilərdə, səhnəcik mətnlərində oxşar xarakterlərə xas obrazlara üstünlük verirlər... baxın da, mənə inanmırsız, youtube doludu, baxın...

Hansısa bölgənin ləhcəsini yamsılamaqdan savayı sənətdə ciddi heç nə edə bilməyən adamların sözü ciddiyə alınmamalıdır... özü də onlar bir deyil, iki deyil... belələrinin cahilcə söylədiyi fikirlərə uyanlar, onları ciddiyə alanlar isə inanın, elə "Afaq gülür, güldürür"ə baxanlar, Çinanın indeyski mahnılarına qulaq asanlar, efirlərdən toy manıslarının tərbiyəsiz jarqonuna şaqqanaq çəkib, əlini əlinə vuranlar, Arif Quliyevin dombalaq aşıb, "noxudu", "kişmişi" gülməyinə uğunanlardı..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31