Dünyanın üzləşdiyi qlobal problem dövlətlərin və xalqların birgə əməkdaşlıq səyləri nəticəsində aradan qaldırıla bilər
13 Aprel 2020 16:44 SosialAzərbaycan həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu ilə istənilən situasiyalardan üzüağ, şərəflə çıxmağa nail olur, qarşısına çıxan maenələr, çətinlikləri dəf edə bilir. Bununla paralel olaraq rəsmi Bakı uğurlu fəaliyyəti, təcrübəsi ilə də dünyaya, yaxın-uzaq qonşularına örnək, nümunə olur, öz təcrübələrini onlarla bölüşür. Bu baxımdan bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə zirvə görüşü məhz koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində qarşılıqlı təcrübələrin bölüşdürülməsi, xüsusilə də Azərbaycan təcrübəsi ilə daha yaxından tanış olmaq yönündən faydalı idi. Elə əksər ekspertlər də bu qənaətdədirlər.
Millət vəkili Sədaqət Vəliyeva qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycan dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstərir. "Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb" - deyən Sədaqət Vəliyeva vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə sahəsində Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib: "Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesinin mərhələli şəkildə dayandırılması, bütün kütləvi tədbirlərin təxirə salınması və ya ləğv edilməsi, xüsusi karantin rejiminin tətbiq edilməsi, ölkədə hərəkət məhdudiyyətinin tətbiq olunması və digər tədbirlər ÜST tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan pandemiyanın təsirlərinin azaldılması, az itkilətin olması istiqamətində Prezidentin təşəbbüsü ilə bir çox işlər görülüb ki, onların sırasında səhiyyə sistemində baş verən köklü dəyişikliklərdir. Heç kəsə sirr deyil ki, Azərbaycanda 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunub, hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Hazırda isə koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və "Yeni klinika" adlanan xəstəxanası da onların ixtiyarına verilib. Həmçinin, ölkəmizin 3 şəhərində istifadəyə verilmiş üç yeni xəstəxana da koronavirus xəstələrinin ixtiyarına verilib. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Testlərin aparılması üçün isə 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılıb. İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır və bu səbəbdən də Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdədir. Eləcə də koronavirusxəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb".
Sədaqət Vəliyeva Azərbaycanda operativ şəkildə tibbi ləvazimatların istehsalının təşkil olunmasından da danışıb: "Hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilib. Bu səbəbdən də daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlində ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Yaxın günlərdə həmin müəssisə tam gücü ilə işləyəcək və gündəlik 200-250 min maska istehsal etməklə daxili bazarı tam təmin edəcək. Bundan sonra isə yəqin ki müəssisə istehsal etdiyi məhsulları ixrac etmək haqqında da düşünəcək. Görünən odur ki, Azərbaycanda COVİD-19 pandemiyası ilə mübarizə sistemli və düşünülmüş şəkildə aparılır".
Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib ki, Türk Şurası türkdilli ölkələr tərəfindən dostluq və qardaşlıq təməlləri əsasında qurulub. Onun sözlərinə görə, Azərbaycan özünün sədrliyi dövründə təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstərir. AVP rəsmisi hesab edir ki, Cənab Prezidentin qeyd etdiyi kimi pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı var: "Düşünürəm ki, bu zirvə görüşü beynəlxalq təşkilatlar və qurumlara, dünya ölkələrinə bir örnək, nümunə olacaq. Bundan sonra onlar da hərəkətə keçib üzləşdiyimiz bu bəladan birgə səylərin ortaya qoyulması ilə çıxmağa çalışacaqlar. Çünki yalnız birgə mübarizə, qarşılıqlı faydalı əməkdaşlıq, təcrübələrin bölüşdürülməsi yolu ilə buna nail ola bilərik". Arzuman Abdulkərimov bildirib ki, dünyanın üzləşdiyi qlobal problem dövlətlərin və xalqların birgə əməkdaşlıq səyləri nəticəsində aradan qaldırıla bilər.
Füzuli