Yuxu kimi... Elçin Hüseynbəyli yazır
13 Aprel 2020 14:22 SosialElçin Hüseynbəyli
Yuxu kimi...
("Paralel dünyalar" silsiləsindən)
... Qoca Mələklə meşə ilə xeyli yol getdik. Hər ikimiz susurduq. Havada yağış qoxusu vardı. Ürəyim sıxıldı. Belə havada özümü narahat hiss edirəm. Sanki nəsə gözlənilməz və axmaq bir hadisə baş verəcək. Ayağımızın altındakı xəzəllər də daha xışıldamırdı. Qoc Mələk elə yeriyirdi ki, elə bil, İsa Məsih kimi suyun üstü ilə addımlayır. Onun bu susqunluğu da məni rahatsız edirid. Arada bir-iki dəfə istədim ki, hara getdiyimizi soruşum, amma onun acıqlanacağından qorxdum deyə səsimi çıxarmadım.
Nəhayət, bir tikilinin yanına çatdıq. Buna tikili də demək olmazdı. Ağacdan tikilmiş daxmafason bir şey idi. O, qapını astaca araladı. Qapı cırıltıyla açıldı. Qoca Mələk içəri keçdi. Mən də onun arxasınca. Daxmanın çoxlu pəncərəsi vardı. Ona görə də içəri işıqlıydı. Pəncərələrdən və qapının ağzından hörümçək toru sallanırdı. Deyəsən, heç kim yaşamırdı. Amma otağa göz gəzdirəndə bu düşüncələrimin yanlış olduğunu anladım. Otağın ortasında bir taxt vardı. Orda orta yaşlı bir adam oturmuşdu. Sonradan bildim ki, yaşı 30-35-dən yuxarı deyil. Daxma dövrələmə rəflərdən ibarət idi. Rəflər cürbəcür içkilərlə doluydu. Elə başa düşdüm ki, bura "Şərab evi"dir.
Arxa qapı açıldı. Ordan bir dəstə huri-mələk çıxdı. Onlar qu quşu kimi incə addımlarla otağı dövrələmə süzdülər və gəldikləri kimi də geri qayıtdılar.
Qoca Mələk ətrafı diqqətlə süzdüyümü görəndə bunları dedi:
-Bu adamı ki, görürsən, o, içib eliyən deyil. Bu şərablar isə onun üçün göz dağıdır. Huri-mələklər də eləcə...
İstədim niyəsini soruşam, amma yenə də onu acıqlandıracağımdan ehtiyat elədim və susdum. Mənim bu təmkinim Qoca Mələyin xoşuna gəldi.
-Niyəsini bilmək istəyirsən. Başa düşüləndir. Özü danışsa yaxşıdır. Hər kəsə ürəyini açmır. Yalnız mən deyəndə bunu edir. Mən bu əhvalatı çox eşitmişəm. Ona görə də əhvalat bitənə kimi bir-iki iş də görməliyəm.
Bu sözləri deyəndən sonra o, çarpayıda oturan adamı dümsüklədi. Həmin adam yuxudan ayılan kimi oldu və başını qaldırıb bizə baxdı.
-Başına gələnləri bu adama danışa bilərsən. Ağzı bütöv adamdır.
Mənə elə gəldi ki, o, "ağzı bütövlük" məsləsini şişirdir, amma yenə də dinmədim.
Qoca Mələk qapını açıb çıxdı və biz ikimiz baş-başa qaldıq.
Həmin adam mənə diqqətlə baxdı, sanki "sənin burda nə itin azıb?!" demək istəyirdi.
Mən onu başa düşdüm və anidən (qeyri-ixtiyari) çiynimi çəkdim.
O bir xeyli susdu, sanki nə deyib-deməyəcəyini götür-qoy edirdi. Dərindən bir ah çəkəndən sonra bu əhvalatı danışdı:
-Mən ailənin tək övladı olmuşam. Anam doğuş zamanı ölüb. Atam ondan sonra evlənməyib, çünki onsuz da gec evlənibmiş. Məni dayələr böyüdüb.
Atam çox zəngin adam idi. Harda işlədiyini, nə işlə məşğul olduğunu bilmirdim. Heç sona qədər də bilmədim, buna cəhd də eləmədim.
Mən həddi-buluğa çatanda atam məni yanına çağırdı və dedi ki, bütün var-dövlətini, mülklərini və bankdakı pullarını mənim adıma keçirib. Mən o zaman var-dövlətin, mülkün, pulun nə olduğunu bilmirdim, heç mənə lazım da deyildilər, çünki nə istəsəydim, onu dərhal alırdılar, hər bir arzumu yerinə yetirirdilər. Kinolarda görmüsən ha, o uşaqlar kimi. Əsl padşah balası. Qulluqçular öl desəm ölürdülər, qal desəm qalırdılar.
Atam məni arxa otağa apardı, divardakı yekə seyfi açdı. Bütün sənədlər ordaydı, dəstə-dəstə pul bağlamaları da öz yerində. Bu azmış kimi məni evin zirzəmisinə də düşürdü. Çoxlu malikanəmiz olsa da, biz yalnız burda yaşayırdıq. Zirzəmidə cürbəcür seyflər, sandıqçalar vardı. Hamısı da qır-qızılla, almazla dolu. Elə bil Sindibadın tapdığı mağaraya girmisən. Bütün bunları göstərəndən sonra atam mənə bunları dedi:
-Bu var dövləti görürsən, hamısı sənindir, amma həm də zamana məxsusdur. Qədrini bilsən sənin, bilməsən zamanın olacaq.
Həmin vaxt univrsitetdə oxuyurdum. Dostlarımla başqa evdə qalırdıq. Cangüdənlər başımın üstündən əl çəkmirdilər.
Səhərdən-axşama kimi yemək-içmək, çal-çağır bazlıq, özün bilirsən də...
Universiteti necə bitirdiyimi, adlı-sanlı və pullu nazirlikdə necə işə düzəldiyimi də bilmədim.
Həyat əbədi deyil. Atam da elə. O, öləndən sonra əl-qolum tamam açıldı və malikanəni boş qoymamaq üçün ora köçdüm. Özüm də bilmədən ətrafımda xeyli dostlar, gözəl xanımlar peyda oldu. Cangüdənlərlə də dostlaşmışdım. Daim mənə qulluq edən adamlar indi süfrəmin başındaydılar.
Amma heç kimin zirzəmidən xəbəri yox idi, elə özümün də yadımnan çıxmışdı.
Yanıma gələn xanımların birindən xoşum gəlirdi. Ona nə hədiyyə edəcəyim haqqında düşünürdüm. Birdən zirzəmi ağlıma gəldi və bir gün onu zirzəmiyə apardım və dedim ki, xoşladığı daş-qaşlardan birini seçə bilər. O da par-par yanan bir boyunbağı seçdi...
Ayıq vaxtım olmurdu. Sanki cənnətdəydim...
Bir gün ayıldım ki, evdə tək-tənhayam, nə içməyə bir şey var, nə də yeməyə, dostlar da, xanımlar da, hətta cangüdənlər də yoxa çıxıblar. Telefonu əlimə götürüb dostlara, tanış-bilişə zəng eləmək istədim. Amma telefonların hamısının yaddaşı silinmişdi. Yalnız bankın nömrəsi yaddaşımda vardı, çünki pul lazım olanda ora zəng edirdim. Onlar da istədiyim pulu gətirir, lazım olan sənədlərə qol çəkdirib gedirdilər.
Həmin banka zəng elədim ki, mənə pul gətirsinlər, ordan cavab verdilər ki, pul-zad yoxdur. Pulları mənim verdiyim etibarnamə ilə kimsə aparıb. Həmin kimsənin adını desələr də, mən onun kim olduğunu xatırlaya bilmədim.
Zirzəmiyə endim ki, qır-qızıldan aparıb satam. Amma orda da heç nə yox idi. Bir-iki taxta-tuxtadan başqa. Bir anlığa mənə elə gəldi ki, bütün həyatım yuxu içində keçib və mən daim ala-bəzək yuxu görürmüşəm...
Sonrası yadımda deyil. Bir də gözümü açdım ki, burdayam. Neçə ildir ki, bu daxmada yaşayıram. Hələ də hardan gəlib hara getdiyimi bilmirəm. Bu gördüyün içkilər və xanımlar var ha, heç birini meylim çəkmir...
Bu zaman Qoca Mələk qapını açdı və mənə işarə elədi ki, çıxım.
Bir az yol gedəndən sonra Qoca Mələk məndən soruşdu.
-Tanıdın onu?
Əvvəlcə susdum, sonra başımla təsdiqlədim...
Aprel, 2020