Pandemiya sosial məsələdir və tibbi fəlakətdir
13 Aprel 2020 13:03 SosialBu məsələni heç bir halda siyasiləşdirmək olmaz
Təəssüflər olsun ki, zaman-zaman ölkədə fəaliyyət göstərən radikal siyasi qüvvələr tərəfindən dövlətimiz, dövlətçiliyimiz üçün ciddi sınaq günləri ərəfəsində konstruktiv, birlik, həmrəylik mövqeyi deyil, qeyri-konstruktiv, dövlətçiliyə zərbə vurmaq kimi mənfi tendensiyalar müşahidə edilib. Necə ki, hazırda da bütün dünya, eləcə də Azərbaycan koronavirus kimi pandemiyaya qarşı mübarizə apardığı bir vaxtda, ölkədəki radikal siyasi qüvvələr bu fəaliyyətə kölgə salmağa, Azərbaycan barədə mənfi rəy formalaşdırmağa çalışırlar. Təbii ki, radikalların bu mövqeyi də öz növbəsində cəmiyyət, insanlarımız tərəfindən ciddi etirazla qarşılanır. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, bu gün hamımız dəhşətli bir bəla ilə üz-üzəyik. Onun sözlərinə görə, siyasi mənsubiyyətindən, dini əqidəsindən, irqindən və millətindən asılı olmayaraq bütün insanlar, bütün bəşəriyyət koronavirus infeksiyasının dünya miqyasında geniş yayılmasından, pandemiyaya çevrilməsindən əziyyət çəkir: "Məhz bu səbəbdən indi hamımız ciddi bir sınaq qarşısındayıq. Bu sınaqdan necə çıxacağımız isə ilk növbədə beynəlxalq təşkilatlardan və bütün ölkələrin hökumətlərinin adekvat qərarlarından, təxirəsalınmaz tədbirlərindən asılı olacaqdır. Ayrı-ayrı ölkələrin hökumətləri pandemiyaya qarşı mübarizədə müxtəlif metodlardan istifadə edirlər. Azərbaycan hökuməti də koronavirus pandemiyasına qarşı mübarizənin səmərəli və düzgün təşkil olunması istiqamətində bir sıra uğurlu addımlar atıb, önləyici tədbirlərə start verib. Lakin sözügedən mübarizənin daha effektiv və daha da çevik formada aparılması təkcə hökumətdən asılı deyil. Bu işdə hökumətlə bərabər, siyasi partiyalar da fəallıq nümayiş etdirməli və həm hökumətin bu istiqamətdə gördüyü işlərə mənəvi-siyasi dəstək verməli, həm də müvafiq qaydada təkliflərini irəli sürməlidir. Biz Demokratik Azərbaycan Dünyası Partiyası olaraq hökumətin koronavirus pandemiyasına qarşı mübarizə sahəsində gördüyü işlərə ilk gündən öz dəstəyimizi bəyan etmişik və gücləndirilmiş karantin rejiminin tətbiqini də məqbul hesab edirik. Sosial şəbəkə üzərindən çağırışlarımızda da davamlı olaraq bütün vətəndaşlarımızı Operativ Qərargahın "evdə qal" təşəbbüsünə qoşulmağı, bu çağırışa əməl etməyi tövsiyyə etmişik".
Partiya sədri deyib ki, pandemiya siyasi hadisə deyil, sosial məsələdir və tibbi fəlakətdir: "Bu məsələni heç bir halda siyasiləşdirmək olmaz. Və heç bir siyasi partiya, ictimai təşkilat bu fəlakətdən öz lokal maraqları üçün, bu və ya digər siyasi hədəfləri üçün istifadə edə bilməz. Koronavirus pandemiyası hər hansı bir siyasi partiya və ya siyasi lider tərəfindən piar məqsədilə, reytinq yığmaq niyyəti ilə də istifadə edilə bilməz. Amma təəssüf ki, son günlər bəzi KİV-lərdə və sosial şəbəkələrdə ayrı-ayrı siyasi fiqurların, siyasi təşkilatların koronavirus pandemiyasının Azərbaycan əhalisinə və ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması ilə əlaqədar hökumətə və ictimaiyyətə təkliflər paketi təqdim etmələri ilə bağlı müxtəlif iddialar səsləndirilir. Çox güman ki, bunu edənlər məqsədli şəkildə edirlər. Koronavirus pandemiyasının sayəsində hansısa partiyanın və ya liderin populyarlıq qazanmasına çalışırlar. Lakin bu cür üsullar siyasətdə yolverilməz hal kimi qiymətləndirilir. Mən əminəm ki, heç bir konstruktiv siyasi qurum və ya sağlam təfəkkürlü siyasətçi belə üsullardan istifadə edilməsini məqbul saymaz. Və müşahidələrim də onu deməyə əsas verir ki, hal-hazırda siyasi partiyaların mütləq əksəriyyəti (iqtidaryönümlü və ya müxalifət partiyası olmasından asılı olmayaraq) Azərbaycan dövlətinin və hökumətinin koronavirus pandemiyasının fəsadlarına qarşı mübarizə tədbirlərini birmənalı surətdə dəstəkləyir. Belə olan təqdirdə, bir neçə siyasi partiyanın koronavirus pandemiyasına qarşı mübarizənin təşkili ilə bağlı hökumətə təkliflər paketi təqdim etmələri barədə mövzunu gündəmə gətirmək və bu mövzu ətrafında siyasi spekulyasiya etmək heç də bəyənilən hal deyil. Bu cür böhran situasiyalarında "mən daha ağıllıyam" görüntüsü yaratmaq məqsədilə sosial şəbəkələrdə paylaşımlar etmək və izləyicilərin simpatiyasını qazanmağa çalışmaq da təqdir olunmur. İndi hamının həmrəylik nümayiş etdirməli olduğu bir məqamdır. "Biz flan partiya olaraq hökumətə bu şəraitdə hansı addımların atılması ilə bağlı bütün sahələr üzrə - sosial, səhiyyə, hərbi, penitensiar, iqtisadi və s. təkliflər paketini təqdim etmişik" deyə, iddialı fikirlər səsləndirmək, "mən də varam" prinsipi ilə çıxış etmək zamanı deyil".
Əlisahib Hüseynov bu ərəfədə Türkiyə televiziyasında Azərbaycanın koronavirus əleyhinə göstərdiyi fəaliyyəti təqdir edən reportajın hazırlanmasını da təqdir edib və bildirib ki, "Haber Global"ın Azərbaycana qarşı xoş münasibəti və diqqəti Türkiyənin digər KİV-ləri üçün də yaxşı mənada bir örnəkdir: "Azərbaycanın uğurları hər zaman qardaş Türkiyə mediasının diqqət mərkəzində olub. Belə ki, yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində hökumətimizin gördüyü işlər də haqlı olaraq qardaş ölkə mətbuatı tərəfindən uğur kimi, uğurlu mübarizə modeli kimi təqdim edilir. Türkiyənin "Haber Global" telekanalının ölkəmizdə görülən işlərdən bəhs edən süjeti bunun əyani misalıdır. Sözügedən telekanal Bakıdan hazırladığı süjetdə Azərbaycan hökumətinin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini digər ölkələr üçün nümunəvi olaraq səciyyələndirib. Ölkəmiz koronavirus əleyhinə səmərəli mübarizəni təşkil edən ölkələrdən biri kimi təqdim edilib. Azərbaycanda həm xəstə sayının, həm də bu xəstəlikdən vəfat edənlərin az olması faktı da məhz bu tədbirlərin nəticəsi kimi vurğulanıb". Partiya sədri onu da deyib ki, süjetdə Prezident İlham Əliyevin fikirlərinə də ayrıca yer verilib: "Eləcə də ölkə başçısının tapşırığı ilə sahibkarlara edilən maliyyə dəstəyi, ölkədə koronavirusla mübarizə üçün xüsusi xəstəxananın tikintisi, tibbi maska zavodunun fəaliyyətə başlaması Türkiyə tamaşaçılarının diqqətinə çatdırılıb. "Haber Global"ın məlum süjetində paytaxt Bakının karantin günlərindəki mənzərələri də yer alıb. Həmçinin, vətəndaşlarımızın karantin günlərində küçəyə çıxmasının SMS vasitəsilə tənzimlənməsi, polislərimizin nümunəvi fəaliyyəti işıqlandırılıb. Mən həmin süjeti məmnunluq hissilə izlədim və fürsətdən istifadə edib "Haber Global" kanalının rəhbərliyinə öz təşəkkürümü bildirmək istəyirəm. "Haber Global"ın Azərbaycana qarşı bu xoş münasibəti və diqqəti gerçəkdən də Türkiyənin digər KİV-ləri üçün də yaxşı mənada bir örnəkdir".
Süleyman İsmayılbəyli