Azərbaycanın Gürcüstandakı səfirliyi soydaşlarımıza ərzaq yardımı göstərib

Koronavirus pandemiyasından əziyyət çəkən soydaşlarımıza dəstək kompaniyası davam etməkdədir. Bu işdə Azərbaycanın Gürcüstandakı səfirliyi də fəallıq nümayiş etdirir. "Olaylar"ın əldə etdiyi məlumata görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə ölkədə həyata keçirilən ərzaq yardımı kampaniyası davam etdirilir. Belə ki, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənovun təşəbbüsü ilə azərbaycanlıların  yığcam yaşadığı Qardabani rayonuna 100 aztəminatlı ailə üçün ərzaq yardımı çatdırılıb. Ərzaq qutularının rayon rəhbərliyinə təqdim olunmasında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili və digər rəsmi şəxslər iştirak ediblər.

Məlumata görə, aprelin 9-dan Tbilisidən start götürən yardım kampaniyası Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) maliyyə dəstəyi ilə təşkil olunub. Ötən gün ilkin tələbat qida məhsulları Marneuli və Bolnisidə yaşayan 400 ailə üçün çatdırılıb. Kampaniya azərbaycanlıların sıx yaşadıqları Gürcüstanın digər bölgələrini də əhatə edəcək. Aksiya çərçivəsndə ümumilikdə 1 000 ailəyə yardım göstəriləcək.

Onu da qeyd edək ki, səfir Dursun Həsənovun xaricdə yaşayan soydaşlarımıza dəstək göstərməsi onun fəaliyyət çərçivəsində daim ana xətti təşkil edib. D. Həsənov hələ Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyində çalışdığı dövrdə daim bu ölkədə çalışan tələbələrə öz dəstəyini əsirgəməyib. Türkiyədə Azərbaycanla bağlı təşkil olunanan mədəni-kütləvi tədbirlərdə həmişə tələbələrin yanında olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31