Afaq Bəşirqızı və küçə uşaqları... ELMƏDDIN MURADLI YAZIR
12 Aprel 2020 09:11 SosialELMƏDDİN MURADLI
Əsas söz demək deyil, sözlərdən ibarət düzgün fikir ifadə etməkdir. Yəni, konktet desəm, dili idarə etmək böyük elm və bacarıqdır. Ötən il artist Afaq Bəşirqızı Prezidentin qəbulunda necə çıxış etmişdisə bütün cəmiyyət onu alqışlamışdı, təriflər yağdırıb qəhrəman kimi təqdim etmişdi. Bu gün isə həmin tərif deyənlər Afaq xanımı söyüb təhqir edir. Dəyişən nədir? Nə oldu? Olan sözlərdən ibarət fikrin düzgün ifadə olunmaması idi.
Başqa bir səbəb də var. Bizim cəmiyyətin bəzi üzvləri, xüsusən da bəzi yaramaz sosial şəbəkə istifadəçiləri belə anlarda söyüşü və təhqiri önə çəkir. Onlar hesab edir ki, cəmiyyətdə hər kəs məhz onların ürəyindən keçəni deməlidir. Əks fikir deyəni qəbul etmir və söyürlər. Sual yaranır ki, kimdir onlar?
Afaq Bəşirqızının fikirlərini onun fotosu üzərinə yazıb feysbookda, instagramda müxtəlif səhifələrdə paylaşanların məqsədi nədir? Bəzən deputatların da adından belə fikirlər yazıb paylaşırlar. Siz elə bilirsiniz ki, o səhifələr cəmiyyəti düşünür? Xeyr. Onlar səhifədə aktivliyin artmasını, daha çox adamın həmin foto və ya videonu paylaşmasını, səhifənin reklam olunmasını arzulayırlar. Məqsəd isə maddi maraqdır. Səhifə artacaq, o da reklam tutub puz qazanacaq, ya da səhifəni kiməsə baha qiymətə satıb yenə də pul qazanacaq. Ordakıları paylaşanlar və söyüş yazanlar isə oyuncaq kimi ortada qalacaq.
Daha bir məqsəd də var, o da saxta profillərlə cəmiyyəti qıcıqlandırıb dövləri, hakimiyyəti söydürməkdi. Birincilər, yəni sosial mediada qərəzli şəkildə paylaşanlar bəzən özlərini su pərisi kimi aparsa da, son nəticədə elə ikisi de eyni zibildir. Çünki ikisinin də məqsədi cəmiyyətin yox, özlərinin maraqlarının bərqərar olmasıdır.
Afaq Bəşirqızına gəlincə, məncə, artist elə artistlik etsə yaxşıdır. Bəşir Səfəroğlunun qızı olmasaydı indi o da hansısa zirzəmidə nəvələri ilə karantindəydi.
O anladı ki, bir daha belə ikrah doğuran fikirlər səsləndirmək olmaz.
Mən nə belə fikirlər səsləndirənləri, nə də onları söyənləri dəstəkləyirəm. Sadəcə olaraq, normal fikir bildirib normal cavab almağı üstün tuturam.
P. S. Öz sahəmə uyğun olan bir şeyi deyim. Sosial mediada bəzi gədələr və xalalar var, onlar hesab edir ki, polis haqqında xoş söz demək olmaz, çünki guya polis həmişə haqsız, sürücülər haqlıdır.
Onlar əvvəlcə deyir ki, bahalı maşın sürənləri niyə cərimə etmirlər, niyə onların maşınlarının videosu yayılmır? Sabah bir bahalı maşının videosu yayılır, sürücü cərimə olunur, yenə həmin adamlar başlayır yazmağa ki, "pulu var, zor edir, adam işverən olmaz, ala bəsdirin, qaqaş düz edir".
Bunları oxuyanda dəhşətə gəlirsən və qərar verirsən ki, küçə uşaqlarına baş qoşmaq olmaz. Küçə uşaqları küçədə, zirzəmidə doğulanlar deyil, mayasında küçə uşağı olmaq yazılmış bioloji varlıqlardır...