ELÇİN MİRZƏBƏYLİ-Açın pəncərələri, havanı dəyişmək lazımdır...

ELÇİN  MİRZƏBƏYLİ

Bizim ən böyük problemimiz nəinki ölkəmizdə, hətta dünyada baş verən proseslərə öz fərdi, korporativ maraqlarımız və təəssüf ki, bəzən bundan daha məhdud çərçivədən yanaşmağımız, cəmiyyətin intellektual kəsiyini hərəkətə gətirə biləcək ideyaları, fikirləri mahiyyətinə varmadan qamçılamağımızdır.

Səhifəmdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini paylaşmışam və hesab edirəm ki, onun səsləndirdiyi fikirlərin əsas hədəfi Azərbaycanda elmin, təhsilin inkişafını stimullaşdlrmaq və prosesin daha praktik, real nəticələr verəcək bir istiqamətdə irəliləməsinə töhfə verməkdən ibarətdir. Müsahibəni paylaşmazdan öncə düşünürdüm ki, ölkəmizdə elmin, təhsilin inkişafını arzulayan şəxslər Qüdrət Həsənquliyevin fikirlərinə intellektual müstəvidə münasibət bildirəcək, alternativ yanaşmalar sərgiləyəcək və ümumi işə fayda gətirə biləcək bir altyapıda fikir mübadiləsinə cəhd göstərəcəklər. Amma təəssüf ki, hətta mədəni səviyyələrinə şübhə etmədiyim insanlar belə olduqca aqressiv və nə yaşlarına, nə də görüntülədikləri obrazlara yaraşmayan bir münasibət sərgilədilər. Sanki bu dəqiqə AMEA-nı bağlayıb, burada çalışan insanları da işsiz qoyacaqlar. Adamlar başa düşmək istəmirlər ki, söhbət elmi inkişaf etdirəcək, onun ortaya real, praktik nəticələr qoya biləcək bir müstəviyə daşınmasından gedir. Dünyanın bütün aparıcı ölkələrində dövlətin təhlükəsizliyi üçün müstəsna önəm daşıyan bəzi sahələr istisna olmaqla, əksər tədqiqat mərkəzləri, labaratoriyalar universitetlərin və böyük şirkətlərin nəzdində fəaliyyət göstərirlər. Bu isə həm dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinin qarşısını alır, həm elm adamlarının fəaliyyətinin stimullaşdırılmasına və təbii ki, həm də elmin inkişafına zəmin yaradır. Universitetlərin nəzdində fəaliyyət göstərən institutlar dövlətin və ya özəl müəssisələrin sifarişi ilə tədqiqatlar aparır, bu tədqiqatlar istehsalatda tətbiq olunur və son nəticədə həm dövlət, həm universitet, həm bu universitetin nəzdində fəaliyyət göstərən institut və ya labaratoriyalar, həm də elm adamları qazanır.

Tamamilə dövlətin nəzarəti altında olan sovet təsərrüfat sistemi çoxdan çöküb və onun hələ də zorla gələcəyə daşımaq istədiyimiz hissəcikləri ilə arzuladığımız nəticəyə varmaq mümkün deyil. Sövet təsərrüfat sistemi dövlətin nəzarətində idi və təbii ki, onun inkişafına xidmət edən elmi tədqiqat institutları da dövlətin əlində olmalıydı. Azərbaycan artıq dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 29-cu ildönümünə yaxınlaşır... Sovet təsərrüfat sistemi yoxdur artıq, əfəndilər! SSRİ "ölüb"! İndi hər şey azad iqtisadiyyatın tələblərinə cavab verməlidir, o cümlədən elm də, təhsil də!

Əgər bu gün söhbət özəl sektorun inkişafından gedirsə, bu, bütün sahələri əhatə etməli, elm də bu prosesdə təkanverici qüvvəyə çevrilməlidir.

Elmin özəl sektora daşınması elmi tətqiqatların stimullaşdırılması üçün olduqca mühüm əhəmiyyət kəsb edən rəqabətə yol aça bilər. Rəqabət inkişaf deməkdir, inkişaf isə daha yaxşı həyat...

Bir az xoşniyyətli olaq, cənablar, xanımlar. Dəyişiklik, yenilik yalnız bizdən kənarda baş verməsi mümkün və labüd olan bir proses deyil. Və bəlkə də daha çox dünyagörüşümüzlə bağlı olan bir məsələdir.

Açın pəncərələri, havanı dəyişmək lazımdır...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31