“Həddən artıq telefon istifadəsinin sosial-psixoloji zərərləri daha çoxdur”- Sosioloq
“Həddən artıq telefon istifadəsinin sosial-psixoloji zərərləri daha çoxdur”- Sosioloq
6 Sentyabr 2019 13:47 SosialPsixoloqlar və ya pediatrlar mobil telefonların uşaqlara zərərlərini araşdırarkən onlardan istifadə qaydalarının öyrənilməsi vacibliyinə xüsusi diqqət yetirirlər. Amerika alimlərinin fikrinə görə, uşaqların mobil telefondan istifadəsi uşağın yaşına görə dəyişir. Bir çox ölkələrdə uşaqların müəyyən yaş dövrünə kimi mobil telefondan istifadə etməsinə qadağa qoyulur. Telefondakı oyunlar, SMS yazmaq onların gözlərində əks təsir yaradır və uşağın harmonik inkişafına mane olur. Mobil telefon günümüzdə uşağın güvənliliyi üçün çox vacibdir. Əhəmiyyətli olan uşağın telefonu necə istifadə etməsidir. Tədqiqatlar göstərir ki, uşaqlar elektronik əşyalardan istifadə etdikdə onlarda ünsiyyət problemi yaranır, cəmiyyətə adaptasiya çətinləşir. Ağıllı telefonlardan çox istifadə uşaqlarda hər şeyə tez, avtomatik nail olmaq istəyi yaradır. Dünyada aparılan araşdırmalar göstərir ki, mobil telefon və kompyuterlər uşaqları daha böyük təhlükə altına atır, inkişaf etməmiş uşaq toxumalarına böyüklərdən 10 dəfə artıq mənfi təsirini göstərir. Mütəxəssislərin fikrincə, ilk 2 yaşında uşaqlar gün ərzində 5 dəqiqə belə telefondan istifadə etməməlidirlər. Bu yaşda uşaqlar üçün mobil vasitələrə toxunmaq belə zərərli hesab edilir. Çünki ilk yaşlar uşaqların ən sürətli beyin və nitq inkişaf etdiyi dövrüdür. Günün çox saatını telefondan istifadə edən bu yaş uşaqlarda ,xüsusi bir nitq geriliyi yaranma ehtimalı böyük hesab edilir. 2 yaş üstü uşaqlarda isə məhdud olaraq gündə 20-30 dəqiqə telefondan istifadəyə icazə verilir. Bu uşağın gələcəkdə görmə problemi olmaması üçün vacibdir. Normadan çox istifadə az hərəkətlilik, iştahsızlıq yaradır. Həkim-pediatrların fikrincə, telefonla oynaya- oynaya, oturaqlı qidalanma isə piylənmə, artıq çəki, gələcəkdə də insulin dirənci və şəkərli diabet, ürək qan-damar xəstəlikləri təhlükəsini artıracaq.
Mövzu ilə bağlı sosioloq Sahib Altay isə bildirib ki, uşaqlar öz dövrlərinə uyğun doğulurlar. Hər nə qədər dərk etmək, ətraf mühitlə münasibət qurmaq, danışmaq, zehin və gen potensialı baxımından bir-birindən fərqlənsələr də, hər uşaq öz valideynlərindən daha üstün gen və zəka predmetilə doğulur: "İnsan genləri daim həyatda qalmağa, özünü nüsxələməyə və daha mükəmməl formada göstərməyə can atır. Ata və ananın genləri, yeni orqanizmdə daha üstün formada özünü nüsxələyir və əks etdirir. Öz doğulduğu dövrü qarşılamaq iqtidarında olan uşağa biz nəyisə tamamilə qadağan edə bilmərik. Çünki eyni vasitələrdən biz özümüz də məişətdə, gündəlik həyat tərzimizdə istifadə edirik. Gündəlik istifadəsindən əlavə hansısa texnoloji vasitədən istifadəni övladımıza qadağan edib, onun öz dövründə hər hansısa bir sahədə inkişafına maneə ola bilərik. Bu da onun digər həmyaşıdlarından geriləməsinə səbəb olur.

Bəs bu vəziyyətdə nə etməliyik?
Hər dövrün öz qaydaları, iqtisadi quruluşu, düşüncə tərzi, elmi, mədəni inkişafı olduğu kimi, uşaqların öz uşaqlıq dövrlərində yaşayıb, məşğul olub, sonrakı dövrlərdə nostalji olaraq xatırladıqları oyunlar da fərqlidir. Məsələn, mən 90-ci illərin uşağıyam. Bizim dövrümüzdə istər bağçada, istərsə də məhəllədə ən məşhur oyunlar fiziki olaraq yerinə yetirdiyimiz oyunlar idi - "Qonaq bacı", "Bənövşə bəndə düşə", "Pokemu" və.s. İndiki uşaqlara həmin oyunları öyrədəndə adamla gülürlər. Niyə? Çünki daha həmin oyunların elektron versiyaları mövcuddur və uşaq həmin oyunları 5 nəfərlə yox, özü tək telefonda oynaya bilir".
Sosioloq qeyd edib ki, öz həmyaşıdlarıyla müqayisədə hansısa uşaqlıq yaşantısından məhrum edilən biri, digərlərilə nisbətdə özündə bu baxımdan əksiklik görür və bu da sonralar onda travmaya çevrilir: "Məsələn, bizim dövrümüzün uşaqlarından, elə mənim uşaqlıq dostlarımdan bir neçəsinin, mən də daxil olmaqla velosipedimiz olmayıb. Valideynlərimiz yıxılaraq, zərər görərik deyə onu bizə almadılar. Halbuki velosiped uşağın fizual görünüşündə ən mühim rol oynayan vasitələrdən biridir. Biz hələ də uşaqlığımızı xatırlayanda velosipedimizin olmadığını xatırlayır və pis oluruq. O bizim şüuraltımızda bir əksiklik kimi yer alıb. Bu gün bu və ya digər səbəblərdən dolayı biz uşaqları texnoloji vasitələrdən tamamilə məhrum edə bilmərik. Telefonlardan istifadə etmək uşaqlar üçün nə kimi mənfi nəticələr göstərə bilər? Bir çox hallarda psixoloqlar və uşaq tərbiyəsi sahəsində fəaliyyət göstərən mütəxəssislər bunu təkcə fiziki anlamda qiymətləndirir, sırf telefonların buraxdığı şüanın uşağın sağlamlığına və xüsusilə də görmə qabiliyyətinə mənfi təsir göstərməsini vurğulayırlar".
S.Altay vurğulayıb ki, həddən artıq telefon istifadəsinin sosial-psixoloji zərərləri daha çoxdur: "Belə ki, uşağın ətraf aləmə münasibəti və ilk sosial münasibət anlayışı bağçada və yaşadığı məhəllənin uşaqlarıyla oyun zamanı formalaşır. Eyni oyunların telefonda elektron versiyasından istifadə edən uşaq artıq digər uşaqlarla ünsiyyətdən qaçır. Çünki onu uşaqlarla ünsiyyətə cəlb edən oyunlar artıq onun ovuclarının içindədir, fiziki hərəkətlərə ehtiyac yoxdur, sadəcə iki barmağının ekrana toxunuşuyla özünün oyuna olan marağını təmin edə bilir. Bu da getdikcə uşağı ünsiyyətdən uzaqlaşdırır və onun şüuraltında psixoloji travmaların formalaşmasına, şəxsiyyət əksikliyinə, inamsızlıq və tənhalıq sindromlarının baş qaldırmasına səbəb olur. Nəinki uşaqlar, bu gün ətraf mühitdə kifayət qədər yeniyetmələrin, gənclərin, ortayaşlıların tənhalıqdan şikayətləndiyini müşahidə edirik. Bu, nəyin nəticəsidir? Təbii ki, ünsiyyət pozğunluğunun.
Bəs bu vəziyyətdən çıxış yolu nədir?
Uşaqlarda ətraf mühitlə ünsiyyət qurmaq həvəsi 2 yaşdan etibarən yaranır, 3 yaşdan etibarən sürətlənməyə başlayır. 3 yaşa qədər uşaqların telefondan, planşetdən, sensor sistemli başqa texnoloji vasitələrdən istifadə etməsi valideynlər tərəfindən birbaşa qadağan edilməlidir. 3 yaşdan sonra gün ərzində 15-20-30 və maksimum 1 saat olmaq şərtilə fasilələrlə telefon istifadəsinə icazə verilə bilər. Lakin bu, uşaqda telefona qarşı aludəçilik yaratmamalıdır, onu digər uşaqlarla ünsiyyətdən uzaqlaşdırmamalıdır.
Uşağın telefon istifadə etməsinə, oradakı müxtəlif oyunlarla məşğul olmasına icazə verilərkən gün ərzində mümkün icazə müddəti tədricən artırılmalıdır. Məsələn, ilk 2 ayda 20 dəq, sonra 3 ay 30 dəq, daha sonra 1 saat və yaş dövründən asılı olaraq sonrakı dövrlərdə bu müddəti artırmaq olar".
Sosioloq son olaraq qeyd edib ki, ailə cəmiyyətə fərd yetişdirən müəssisədir. Bütün cəmiyyətlərin varlığı uşaqlara və gəncliyə bağlıdır. Buna görə də valideynlər öz mənəvi vəzifələrini anlamalı, insan yetişdirmək məsuliyyətini üzərlərində daşıdıqlarının fərqində olmalı, xüsusilə uşaq tərbiyəsində diqqətli olmalıdırlar.
Nigar Orucova