Ədalət, güvən və yeni regional düzən – BARIŞA ŞUŞADAN BAXIŞ
13:24 SiyasətBarış haqqında ən çox savaş yaşamış xalqlar danışmağı haqq edir.
Çünki onlar barışın yalnız gözəl söz, diplomatik protokol və ya beynəlxalq toplantı mövzusu olmadığını yaxşı bilir. Onlar barışın torpaq, insan taleyi, hüquq, yaddaş və güvən məsələsi olduğunu öz həyatları ilə öyrənib.
Azərbaycan da barışa - haqlı olaraq - məhz bu təcrübədən baxır.
IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əsas siyasi xəttindən çıxış edərək, belə bir cümlə qurmaq mümkündür: bəli, Azərbaycan barış istəyir, ancaq ədalətsiz, birtərəfli və gələcək gərginliklərin toxumunu içində daşıyan barışı qəbul etmir.
Barış istəyənlə barış tələb edən arasındakı fərqi görmək çətin olmasın gərək.
Artıq Azərbaycan barış üçün vasitə, vasitəçi gözləmir - Azərbaycan barış gündəliyini formalaşdıran tərəfdir. - Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin əsas özəlliyi bax, budur.
Bu, 2020-ci ildən sonra yaranmış ən böyük siyasi dəyişiklikdir.
Uzun illər vasitəçilər işğala son vermək - keçmiş həmsədrlərin ortaq üslubuyla desək, münaqişəni həll etmək yerinə idarə etməyə çalışırdılar. Danışıqlar uzanır, sənədlər hazırlanır, açıqlamalar verilirdi; ancaq işğal davam edirdi.
Azərbaycan hərbi-siyasi gücü ilə bu qapalı dairəni qırdı, kəsafətləri kəsdi, yolu-izi açdı.
İndi torpaqların kimə məxsus olması kimi bir əsas sual, ümumən belə bir sual yoxdur. Bu məsələ beynəlxalq hüquq və gerçək suverenlik baxımından həll olunub. Əsas sual Ermənistanın yeni gerçəkliyi nə dərəcədə dürüst və hansı zaman zərfində qəbul etməsidir.
Barış anlaşması yalnız imza törəni sayıla bilməz. Bir tərəfin sözü imzası qədər keçərlisə, digər tərəfin imzası sözü qədər keçərsiz olmasın gərək!
Barış keçmiş işğalçının bugünkü və həmişəlik qalibin ərazi bütövlüyünü qeyd-şərtsiz, ömürlük tanımaqdır.
Barış revanşizmdən imtinadır.
Barış anayasal və əsassız "hüquqi iddialar"ı aradan qaldırmaqdır.
Barış gələcək nəsilləri yeni savaş üçün hazırlamamaqdır. - Bax, bu yol xəritəsinin alternativi varmı? - Varsa, erməni hökuməti buyurub göstərsin.
Azərbaycan-Ermənistan barış gündəliyindən danışırıqsa, ABŞ ilə münasibətlərin praqmatizmə qayıdış olduğunu da vurğulamaq yerinə düşər.
Budur, IV Forumda diqqət çəkən əsas istiqamətlərdən biri Azərbaycan-ABŞ münasibətləri idi. Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəyə qalxdığını və strateji tərəfdaşlıq xarakteri qazandığını vurğuladı. Bunun sadəcə diplomatik nəzakət ifadəsi olmadığını bilirik; həmin vurğu münasibətlərin öncəki gərginlikdən qarşılıqlı maraqlara əsaslanan daha praqmatik mərhələyə keçdiyini göstərir.
ABŞ üçün Azərbaycan bir neçə baxımdan önəmlidir:
Azərbaycan enerji təhlükəsizliyinin güvənli tərəfdaşıdır.
Azərbaycan Gündoğar-Günbatar, Quzey-Güney bağlantılarının qovşağıdır.
Azərbaycan dünyəvi dövlət modeli, müsəlman ölkələri ilə həmrəylik və İsraillə əməkdaşlıq arasında özünəxas tarazlıq yaratmağı bacarıb.
İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıma qərarına qarşı dik duruşumuz, XİN-in Təl-Əviv məktubu, İsrail parlamentinin hökumətin qərarını masadan rəfə qaldırması bu planda hələlik ən son hadisələrdən sayıla bilər.
Bəli, Güney Qafqazda gerçək güc və sabitlik mərkəzi olan Azərbaycan artıq orta güc modunda özünü doğruldur.
Bakı ilə Vaşinqton arasında sağlam münasibətlər həm ikitərəfli əlaqələr, həm də bölgədə barış üçün yararlıdır. Ancaq bu münasibətlər üçün əsas şərt Azərbaycanın suveren qərarlarına sayğıduyarlıqdır.
Azərbaycanın tərəfdaşlığa ehtiyacı var, himayədarlığa yox!
Biz barışyaratma ilə barışı pozma arasındakı incə xətti aydın görə bilirik.
Beynəlxalq siyasətdə özünü barışcıl kimi tanıdan hər aktor həqiqətən barışa xidmət etmir.
Bəzən vasitəçilik tərəfləri yaxınlaşdırır; bəzən isə vasitəçi gərginliyi, anlaşmazlığı öz təsir vasitəsinə çevirir.
Azərbaycan-Ermənistan məsələsində də bunu görmüşük. Bəzi dövlətlər bir tərəfdən barış çağırışı edir, digər tərəfdən Ermənistanı silahlandırır, revanşist siyasi qüvvələri həvəsləndirir, bölgəyə öz hərbi-siyasi mövcudluğunu gətirməyə çalışır.
Bu, əlbəttə, barışyaratma deyil.
Bu, barış görüntüsü altında barışpozmadır.
Əgər bir dövlət Ermənistanla Azərbaycan arasında barışıq istəyirsə, erməniləri yeni savaşa hazırlamamalıdır.
Əgər Avropa bölgədə sabitlik istəyirsə, müşahidə adı altında geosiyasi səngər yaratmamalıdır.
Əgər vasitəçi tərəfsizliyini qorumaq istəyirsə, bir tərəfin siyasi və informasiya kampaniyasının iştirakçısına çevrilməməlidir.
Götürək vasitəçilikdən tərəfkeşliyə kobud keçid etmiş Fransanı.
Fransanın son illərdə Güney Qafqaz siyasəti klassik diplomatik tarazlığı itirib. Paris ermənilərin maraqlarını müdafiə etməklə yetinməyib, Azərbaycan əleyhinə siyasi kampaniyaların əsas mərkəzlərindən birinə çevrilib.
Fransa Senatında və digər siyasi strukturlarda qəbul edilən birtərəfli sənədlər, Ermənistanın silahlandırılması, Azərbaycan əleyhinə informasiya xətti Parisin vasitəçi statusunu faktiki olaraq və çoxdan aradan qaldırıb.
Burada paradoks vardır: özünün kolonial keçmişi və bu gün də davam edən neokolonial problemləri ilə üzləşmək istəməyən Fransa başqa bölgələrə insan hüquqları və beynəlxalq hüquq dərsi verməyə çalışır.
Azərbaycanın buna cavabı emosional olmadı amma çox prinsipial oldu.
Bakı Təşəbbüs Qrupunun müstəmləkəçilik problemini qlobal gündəliyə çıxarması Fransaya qarşı kampaniya sayılmamalıdır; bu, Parisin görmək istəmədiyi tarixi və çağdaş gerçəkliyin beynəlxalq müzakirəsidir.
Prezident İlham Əliyev öncəki Forumda Yeni Kaledoniya ilə bağlı prosesləri tarixi presedent kimi qiymətləndirərək neokolonializm məsələsində Azərbaycanın mövqeyinin aydın olduğunu bildirmişdi.
IV Forumda Avropa Komissiyası ilə Avropa Şurası Parlament Assambleyası arasındakı fərqin vurğulanması da təsadüfi deyildi.
Azərbaycan Avropaya vahid, dəyişməz və eynicinsli siyasi blok kimi baxmır.
Avropa Komissiyası ilə münasibətlər əsasən enerji, iqtisadiyyat, ticarət və qarşılıqlı maraqlar üzərində qurulur. AŞPA isə son illərdə siyasi qərəz, ikili standart və Azərbaycana qarşı kampaniya ilə assosiasiya olunur.
Bu fərqi görmədən Azərbaycanın Avropa siyasətini anlamaq çətin olar.
Bakı Avropa ilə bağlarını kəsmək istəmir; əksinə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa və qlobal bazarda mövcudluğu gücləndirmək Azərbaycanın ümumi strategiyasının tərkib hissəsidir.
Lakin inteqrasiya itaət demək deyil.
Əməkdaşlıq milli maraqdan imtina anlamına gələ bilərmi?!.
Bundan savayı, tərəfdaşlıq da daxili işlərə müdaxilə haqqı yaratmır.
Gəlin bu durumda Zəngəzur yolunu yada salaq - barışın iqtisadi anatomiyasını...
Azərbaycan-Ermənistan barışının iqtisadi dayaqları da olmalıdır.
Bu baxımdan Zəngəzur bağlantısı xüsusi önəm daşıyır. Azərbaycan üçün bu layihə ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağ deməkdir. Daha geniş planda isə Türkiyə, Güney Qafqaz, Türküstan (Orta Asiya) və Avropa arasında yeni daşınalara imkanlar yaradır.
Ermənistan bu layihəyə suverenlik itkisi qorxusu ilə baxmamalı, iqtisadi təcriddən çıxış fürsəti kimi baxmalıdır.
Yol - yalnız yük daşımır.
Yol - güvən daşıyır.
Yol - qarşılıqlı maraq yaradır.
Yol - savaşın iqtisadi mənasızlığını daha aydın göstərir.
Azərbaycanın təklif etdiyi regional modeldə ermənilərə də yeri var; ancaq bunun üçün erməni hökuməti keçmişin xəritəsi ilə gələcəyin yolunu bağlamamalıdır.
Bəs yaxşı bütün bu mövzulara işıq salan media barışyaratma işinin harasındadır?
IV Forumun əsas mövzusu bu sualı da önə çıxardı.
Media sülh yarada bilərmi? - Sual ritorik, cavab konkretdir: təkbaşına yox!
Bununla belə media bafış üçün zəmin yarada bilər.
Eyni zamanda, media savaş üçün də zəmin yarada bilər.
Nifrət dili, saxta xəritələr, tarixi təhrif, qurban və təcavüzkarın yerinin dəyişdirilməsi, revanşist romantika cəmiyyətləri yeni savaşa hazırlamazmı?..
Həqiqətə əsaslanan media isə xalqların bir-birini düşmən obrazı ilə görməməsinə, gerçək insan və qonşu kimi görməsinə yardım edir.
Bu baxımdan Forumun "həqiqətin bərpası və etimadın yenidən qurulması" çağırışı Azərbaycan-Ermənistan münasibətlərinə də birbaşa aiddir.
Etimad isə imza ilə yaranmır.
O doğru sözlə, ardıcıl davranışla və uzunmüddətli məsuliyyətlə qurulur.
Şuşadan dalğalanan barış ismarıcının öz səciyyə, səviyyəsi vardır.
İşğaldan 5 il 6 ay öncə qurtulmuş Şuşada barışdan danışmağın özəl anlamı var.
Bu dağlar incisi şəhər işğal görüb, dağıntı görüb, mədəni təhqir görüb.
Sonra qurtuluşu, bərpanı və Böyük Qayıdışı görüb bu şəhər.
Məğlubiyyətin doğurduğu məcburi çağırış olmayan Şuşa barış ismarıcı Qələbənin yaratdığı məsuliyyətli çağırışdır. Biz Qalib ədası ilə gəzmirik, öz mədəni-humanitar irsimizə, milli ləyaqətimizə əsaslanaraq məhz məsuliyyətli, şərəf-şanlı duruşda, görkəmdəyik.
Biz barış istəyirik, çünki öz gücümüzə əminik.
Barış istəyirik, çünki gələcəyi qururuq.
Azərbaycan sülh istəyir, çünki bölgənin sonsuz qarşıdurma meydanı deyil, işbirliyi məkanına çevrilməsini uyğun görür.
Barış olmalıdır, barış ədalətli olmalıdır!
Bizim imza atacağımız barış beynəlxalq hüquqa söykənməlidir.
Erməni revanşizmi tarixin zibilliyində oda verilməli, barış qarşılıqlı afil tanınmanı möhkəmləndirməlidir.
Dünən Şuşa uğrunda savaş gedirdi.
Bu gün Şuşada barışın şərtləri və medianın məsuliyyəti müzakirə olunur.
Sabah isə Şuşa Güney Qafqazda qurulmuş dayanıqlı barışın mənəvi paytaxtlarından biri ola bilər.
Barış savaşın bitməsindən ötə ədalətin güvənə çevrilməsidir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI