Baxış sayı ilə dəyər ölçülmür- ÖZƏL
11:15 SosialRəqəmsal dövr cəmiyyətə yeni bir xəstəlik gətirib: hər şeyi baxış, bəyənmə və izləyici sayı ilə ölçmək vərdişi. Halbuki statistika həmişə həqiqəti göstərmir". Bunu "Olaylar"a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyə İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov deyib: "Bu gün Rəşid Behbudov kimi bir sənətkarın ifasında səslənən "Ey Vətən" mahnısına 10-15 min baxış gəlir. Eyni zamanda musiqi zövqü, peşəkarlığı və sənət dəyəri ciddi müzakirə doğuran bəzi ifaçıların mahnıları milyonlarla izlənir. Bu, həmin mahnıların daha dəyərli olduğunu deyil, sosial media alqoritmlərinin necə işlədiyini göstərir.
Eyni mənzərə medianın da taleyidir. Dərin araşdırmaları, peşə etikası və zəngin dili ilə seçilən bir jurnalistin - məsələn, Əntiqə Rəşid Aslan xanım kimi qələm sahibinin yazısını bəzən cəmi yüzlərlə insan oxuyur. Halbuki elementar jurnalistikanı belə bilməyən, informasiya məsuliyyəti daşımayan bəzi bloqerlərin milyonlarla izləyicisi olur. Bu, peşəkar jurnalistikanın zəifliyi deyil, sürətli və səthi məzmun istehlakının nəticəsidir.
Sosial media düşünməyə vadar edən məzmundan daha çox emosiyanı, qalmaqalı, sensasiyanı və primitiv əyləncəni mükafatlandırır. Alqoritm "ən faydalını" deyil, "ən çox diqqət çəkəni" önə çıxarır. Nəticədə keyfiyyət görünməz olur, səs-küy isə populyarlıq qazanır. Əgər bir professorun illərlə apardığı elmi araşdırmanı yüz nəfər oxuyursa, lakin heç bir elmi və ictimai məsuliyyət daşımayan bir paylaşımı milyonlarla insan izləyirsə, burada problem elmdə deyil, informasiya istehlakı mədəniyyətindədir. Əgər klassik musiqi az dinlənilir, amma bayağılıq rekordlar qırırsa, problem sənətdə deyil, zövq formalaşdıran mühitdədir.
Tarix dəfələrlə sübut edib ki, populyarlıq müvəqqətidir, dəyər isə qalıcıdır. Bir çox dahilər yaşadıqları dövrdə geniş tanınmayıblar. Əvəzində zaman onların həqiqi qiymətini verib. Bu gün milyonlarla baxış toplayanların böyük hissəsi bir neçə ildən sonra unudulacaq. Amma Rəşid Behbudovun səsi, böyük jurnalistlərin qələmi, alimlərin əsərləri onilliklər, hətta əsrlər sonra da yaşayacaq.Cəmiyyətin inkişaf səviyyəsi ən çox baxılan videolarla deyil, ən çox dəyər verilən kitablarla, ən çox dinlənilən böyük sənətlə, ən çox oxunan sanballı məqalələrlə ölçülməlidir. Baxış sayı bazarın göstəricisidir, mədəniyyətin yox. Mədəniyyətin əsas meyarı isə keyfiyyət, peşəkarlıq və zamanın sınağından çıxmaq bacarığıdır".