Prezidentin imzaladığı fərmanda məhkəmələrində islahatların dərinləşməsi üçün olduqca vacib məsələlər nəzərdə tutulub

Əkrəm Həsənov: "Çox ciddi şəkildə fərmanın icrasına nəzarət edilməli, daimi olaraq görülən işlər haqqında prezidentə məlumatlar verilməlidir"

Cari ilin əvvəlindən həyatımızın bütün sahələrində müşahidə etdiyimiz islahatlar, məhkəmə-hüquq sisteminə də gəlib çatdı. Dövlət başçısı Cənab İlham Əliyevin bir müddət əvvəl anonsunu verdiyi bu islahata bu günlərdə Prezidentin imzalamış olduğu fərmanla start verildi desək yanılmarıq. Dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların keçirilməsi barədə imzaladığı fərman birmənalı olaraq müsbət qiymətləndirilib. Fərmanda əksini tapan bir sıra məqamlara toxunan hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, fərmanın 3.2-ci bəndində yazılıb ki, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqenin proqnozlaşdırılan olması təmin edilməlidir: "Məsələn, hər bir vətəndaş, vəkil bilməlidir ki, Azərbaycan məhkəməsi borca görə vətəndaşı həbs edir və ya etmir. Xaricdə borca görə ödəniş edə bilməyən vətəndaşı tutmurlar. Ya bu yanaşma tətbiq olunmalıdır, ya da borca görə kimisə həbs edirlərsə, fərq qoymadan borcu ödəməyən hər kəsi həbs etməlidirlər. Məhkəmə hökmləri bu baxımdan proqnozlaşdırılan olmalıdır. Kimsə əxlaqa zidd video çəkdiyinə görə həbs edilirsə, onda belə çəkilişlər edən hər kəs məhkəmə tərəfindən həbs edilməlidir. Hər kəs üçün ümumi, bərabər əsaslı qaydaların bərqərar olması nəzərdə tutulur. Həmin ölkələrdə bu sistem işləyir və hamı bilir ki, qoyduğu pulun məhkəmə sisteminin timsalında qarantı var. Azərbaycanda isə belə deyil. Mülkiyyətini hansısa məmur çox asanlıqla əlindən ala bilər. Fərmanda əsas məqamlardan bir neçəsi əks olunur. Məhkəmə qərarlarının dərci; elektron məhkəmə-informasiya sistemi yaranmalıdır; Ali Məhkəmə vahid məhkəmə praktikasını formalşdırmalıdır; məhkəmə qərarları proqnozlaşdırıla bilən olmalıdır". Əkrəm Həsənov deyib ki, bu gün məhkəmələr qərarlarını dərc etmirlər: "Vahid məhkəmə elektron sistemi, özü də axtarış sistemi ilə fəaliyyətə başlasa, vəkil hər hansı bir maddənin pozuntusu ilə bağlı məhkəmə qərarlarını axtarıb tapacaq. Həmin qərarı öyrənib məhkəməyə təqdim edəcək, qərarın uyğun verilməsi üçün tələb irəli sürülə biləcək. Bu cür yanaşma məhkəmələrin qərarlarının proqnozlaşdırıla bilən olmasını təmin etməlidir. Bu gün eyni mahiyyətli işlər üzrə Azərbaycan məhkəmələrində çıxarılan qərarlar bir-birinə ziddir. Hər hakim istədiyi kimi qərar verir. Təəssüf, bu gün məhkəmələrdə "örtülü bazar" prinsipləri rəhbər tutulur. Fərmanda Vəkillər Kollegiyasına tövsiyə olunur ki, vəkillər korrupsiyada iştirak etməsinlər. Bu təsadüfi deyil. Prezidentin Vəkillər Kollegiyasına tövsiyəsi real durumdan məlumatlı olmasından xəbər verir. Hamı bilir ki, vəkillərin bir qismi belə işlərlə məşğul olur. Azərbaycanda çox az vəkil var ki, udduğu işlərin nəticələrini dərc edir. Ona görə belədir ki, işlərin çoxunu pulla udub. Həmin qərarları dərc etsə, vəkil də, hakim də rüsvay olar, hətta həbsə alınarlar". Hüquqşünas qeyd edib ki, bu gün vəkillər məhkəmələrin verəcəyi qərarları proqnozlaşdıra bilmir: "Vətəndaş vəkilin yanına gəlir, düşdüyü durumu danışır və çıxarılacaq məhkəmə qərarı haqda fikrini soruşur. Vəkil vətəndaşa konkret fikir deyə bilmir. Çünki məhkəmə qərarları proqnozlaşdırılan deyil. Ona görə də vətəndaş, sahibkar deyir ki, vəkili neyləyirəm, gedib hakimlə özüm danışım. Düz də deyir. Nəzərdə tutulan məsələlər həllini tapsa, hakimlərin manevr etmək imkanları olduqca daralacaq. Prezident bu məsələdə israrlıdır. Korrupsiyanın qarşısı alınacaq. Prokurorluğun işlərə müdaxiləsi azalacaq. Bu gün xüsusən cinayət işlərində məhkəmələr prokurorluqdan qorxur. Fərman icra edilsə, hakimlər prokurorlara deyəcəklər ki, dediyini edə bilmir, ona görə ki, məhkəmənin səs yazısı, müvafiq olaraq məhkəmə iclaslarının protokollaşdırılması aparılır. Məhkəmə qərarı da dərc olunacaq. Yəni həmin qərar dərc olunacaqsa ictimailəşəcək, mətbuat qanunsuz, təsir altında verilən qərarı müzakirəyə çıxaracaq. Bu gün Azərbaycanda birinci instansiya məhkəməsində hakim ən aşağısı 5 min manat, Konstitusiya və Ali Məhkəmə hakimləri minimum 20 min manat əmək haqqı almalıdır. Məhkəmə işçiləri - köməkçilər, katiblər - bu adamlar ali hüquq təhsili alıblar, onların maaşı da azı min manat olmalıdır. Hakim bilməlidir ki, rüşvət alsa, azı 15 il, hətta ömürlük həbsə gedəcək. Həbsə getdisə, əfv olunmayacaq". Əkrəm Həsənov bildirib ki, fərmanda məsuliyyət məsələsi də var: "Hakim yaxşı maaş almırsa, işçisini, köməkçisini dolandıra bilmirsə, dəftərxana xərclərini ödəyə bilmirsə, hansı ədalətdən, rüşvətə bulaşmamaqdan danışmaq olar? Fərmanın 7-ci bəndində yazılır ki, kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsait birbaşa hakimlərin bank hesabına köçürüləcək. Hakim bu gün dəftərxana xərcini çəkə bilmir. Məhkəmə sədrlərindən asılı vəziyyətdədir. Hakim korrupsiyaya bulaşıbsa, rüşvət alırsa, prokurordan qorxacaq, onun dediyini etmək məcburiyyətində qalacaq. Fərmanda Azərbaycan məhkəmələrində islahatların dərinləşməsi üçün olduqca vacib məsələlər nəzərdə tutulub. Məhkəmələrdə audioyazıların aparılması çox vacib məsələdir. Məhkəmələrdə vəsatətlər veririk, şahidlərin yalan danışdığını sübuta yetiririk, amma sonda məlum olur ki, verdiyimiz vəsatət protokollaşdırılmayıb, şahidin ifşa olunması, yalan danışması protokolda yer almayıb. Praktikamda belə məsələlər olub. Hakim də, prokuror da vəsatət verdiyimi bilə-bilə bunu inkar ediblər, istədikləri qərar verilib. Audioyazı aparılsa, belə hallar olmayacaq. Bu fərmanın ən yüksək nöqtəsi audioyazı ilə bağlıdır. Məhkəmələrin iç üzü açılacaq. Vəkillərin necə işlədikləri, öz işlərini görüb-görmədiyi də məlum olacaq. Bunun icrasını səbrsizliklə gözləyirəm. Hakimlər protokollarda öz bildiklərini, istədiklərini yaza bilməyəcəklər". Əkrəm Həsənov onu da deyib ki,  çox ciddi şəkildə fərmanın icrasına nəzarət edilməli, daimi olaraq görülən işlər haqqında prezidentə məlumatlar verilməlidir: "Əks halda, fərman kağız üzərində qala bilər. Necə ki, ötən ilin sonunda məhkəmə qərarlarının dərci ilə bağlı verilən fərman icra edilməyib".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31