Məhkəmə hüquq islahatları inqilabi xarakter daşıyır- TƏHLİL
8 Aprel 2019 13:41 SosialPrezidentin fərmanı cəmiyyətdə məhkəmələrə etimadın artmasını təmin edəcək
Prezident İlham Əliyev tərəfindən imzalanan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman ölkə ictimaiyyəti tərəfindən müsbət dəyərləndirilir. Hesab edilir ki, sənəd ölkədə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasın səbəb olacaq, paralel olaraq bu sahədə islahatların dərinləşdirilməsinə şərait yaradacaq. Nəticə etibarilə isə ölkədə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasını təmin edəcək. Xatırladaq ki, Fərmana əsasən ölkədə Azərbaycanda yeni ixtisaslaşdırılmış məhkəmə yaradılacaq. Sənəddə qeyd edilib ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılmalıdır. Fərmanda eyni zamanda, qeyd olunur ki, "Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər".
Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib ki, ölkə prezidenti cənab İlham Əliyevin 2018-ci ilin aprel seçkilərindən sonra başlamış olduğu islahatları davam etdirir. Bu islahatlar cəmiyyətin bütün sahələrini əhatə edən və dərin xarakter daşıyan, ardıcıl və sistemli islahatlardır: "Məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac duyulurdu. Ölkə prezidenti bir müddət öncə anonsunu da vermişdi. Əgər iqtisadi, sosial, siyasi xarakter daşıyan islahatlar gedirsə, təbii ki, hüquqi islahatlar da aparılmalıdır. Mənə elə gəlir ki, təkcə məhkəmə-hüquq sahəsini deyil, digər sahələri də əhatə edəcək yeni fərmanlar veriləcək". Millət vəkilinin dediyinə görə, bu islahatlar inqilabi xarakter daşıyır: "Sənədlə tanış oldum. Bu fərmanda məhkəmə sistemini tamamilə yenidən qurulmasını özündə ehtiva edən yanaşma var. Prezidentin iradəsi ortadadır. Fərmanda şəffaflıq, qanunun aliliyi, ədalət və haqqa söykənən məhkəmə sisteminin yaradılması öz əksini tapıb. Ədliyyə Nazirliyinə və digər qurumlara müvafiq tapşırıqlar verilib. Bu sənədlər hazırlanandan sonra Azərbaycanda həqiqətən müstəqil, hansısa sifarişə əsaslanmayan, ədalətsizlikdən kənar, haqqa-ədalətə söykənən bir məhkəmə sisteminin yaradılmasını gözləyirik. Fərmanda hüquqi öhdəliklər öz əksini tapıb. Bu fərman son dərəcə ciddi və tarixi sənəddir".
Millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycanda bütün sahələrdə islahatlar prosesi gedir və son aylar bu proses daha sürətli, daha intensiv xarakter alıb: "Məhkəmə-hüquq sahəsində də heç şübhəsiz ki, islahatlar ehtiyac duyulurdu. İslahatlar prosesi bu sahədən də kənarda qala bilməzdi. Əslində zaman-zaman məhkəmə-hüquq sistemində də islahatlar aparılmışdı, ancaq dövrün tələblərinə və reallıqlarına uyğun olaraq, islahatların yeni mərhələsinə ehtiyac duyulurdu. Ölkə prezidentinin Azərbaycan xalqına Novruz təbrikində bu islahatların anonsu verilmişdi. Ölkə prezidenti qeyd etmişdi ki, "islahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar davam etdiriləcək, artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır". Artıq gördüyünüz kimi, hər zaman verdiyi sözə, vədinə sadiq olan dövlət başçısı məhkəmə-hüquq sistemində də islahatların aparılması ilə bağlı fərman verdi. Hesab edirəm ki, bu fərman ölkədə məhkəmə-hüquq sisteminin daha da inkişafına öz müsbət töhfələrini verəcək, bu sahədə üzə çıxan bəzi problemlərin həllinə müsbət təsirini göstərəcək. Bu fərman, sadəcə, təqdirə və alqışa layiqdir".
Deputat Eldəniz Səlimov da ölkə prezidentinin son fərmanını tarixi bir fərman adlandıraraq, onun yüksək qiymətləndirdiyini və dəstəklədiyini bildirib. Onun bildirdiyinə görə, Azərbaycanda həyata keçirilən islahatlar artıq qarşısıalınmaz bir prosesə çevrilib: "Demək olar ki, az qala hər gün islahatların növbəti-yeni mərhələsi, addımları iləqarşılaşırıq. 2019-cu il başlayar-başlmaz islahatlar prosesi həyatımızın bütün sahələrinə sirayət və nüfuz etməyə başladı. Hər bir sahədə islahatlar gedir və ya davam etdirilir. Təbii ki, məhkəmə-hüquq sistemində də islahatlara, onun yeni mərhələsinə böyük zərurət, ehtiyac vardı. Bu məsələ ətrafında da son zamanlar xeyli müzakirələr, fikir mübadilələri gedirdi. Hər bir kəs burada da islahatların artıq qaçılmaz olduğunu vurğulayır, ölkədəki islahatların banisi olan cənab prezidentdən bu yöndə də müvafiq addımların atılmasını ümidlə gözləyirdi. Ələlxüsus, ölkə prezidentinin bir müddət öncə islahatlar anonsunu verməsi bu yöndə ümidləri bir qədər də çox artırmışdı və nəticədə də gözlənilədiyi kimi oldu, aprelin 3-də məhkəmə-hüquq sistemində də islahatların aparılması ilə bağlı prezident fərmanı imzalandı. İnanıram və qəti şəkildə əminəm ki, bu fərman məhkəmə-hüquq sistemində mövcud olan problemlərin, bəzi xoşagəlməz nüansların, neqativlərin aradan qaldırılmasına, şəffaflığın və aşkarlığın daha yüksək şəkildə təmin olunmasına gətirib çıxaracaq. İnsalarımızın beyinlərində, düşüncələrində artıq bununla bağlı narahatlıq doğuran suallar qalmayacaq".
Alim